Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Azərbaycan milli maraqlarını getdikcə daha geniş coğrafiyada ifadə edir”

Azər Kərimli: “Azərbaycan milli maraqlarını getdikcə daha geniş coğrafiyada ifadə edir”


Bu gün, 17:01. Yazar: azer
Azər Kərimli: “Azərbaycan milli maraqlarını getdikcə daha geniş coğrafiyada ifadə edir”

“Azərbaycan Prezidentinin Qırğızıstana işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun daha bir nümayişi kimi diqqət çəkir. Avqustun 31-də Bişkekə gələn Prezident İlham Əliyevin sentyabrın 1-də “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyada fəal mövqeyinin davamıdır. Səfərin əhəmiyyəti yalnız Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafı ilə məhdudlaşmır. Burada Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsi, Mərkəzi Asiya ilə dərinləşən əməkdaşlıq və Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar vahid diplomatik gündəmdə birləşir. Azərbaycanın ŞƏT platformasında dialoq tərəfdaşı kimi iştirakı xarici siyasətimizin çoxvektorlu xarakterini aydın göstərir. Ölkəmiz müxtəlif regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində iştirak etməklə milli maraqlarını daha geniş coğrafiyada ifadə edir, yeni tərəfdaşlıq imkanları yaradır. Bu baxımdan ŞƏT yalnız siyasi dialoq məkanı deyil, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlıq üçün də imkanlar açan platformadır. Mərkəzi Asiya ilə formalaşan etimad mühiti Azərbaycanın regional proseslərdə rolunu gücləndirir.”

Milli Məclisin deputatı Azər Kərimli bunları aia.az-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, bu prosesdə Qırğızıstanla münasibətlər xüsusi yer tutur: “Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, cəmi bir ay əvvəl dövlət səfəri zamanı Azərbaycanla Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Dövlət başçısının “Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı” fikri bu münasibətlərin siyasi mahiyyətini dəqiq ifadə edir. Bu yanaşma iki qardaş ölkə arasında münasibətlərin qarşılıqlı hörmət üzərində qurulduğunu göstərir. Azərbaycan–Qırğızıstan əlaqələrinin yüksəlişi bütövlükdə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişafı ilə sıx bağlıdır. Son illərdə siyasi və iqtisadi təmasların intensivləşməsi yeni imkanlar yaradıb. Ortaq tarixi və mədəni bağlar, türk dünyasının birliyi, nəqliyyat və logistika imkanları bu münasibətlərin strateji məzmununu tamamlayır. Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti əlaqələrin daha geniş əməkdaşlıq müstəvisinə keçməsinə şərait yaradır. Səfərin mühüm siyasi məqamlarından biri Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Bu təmas Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. Dövlət başçısının “Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir” fikri regionda yaranmış yeni siyasi reallığın mahiyyətini ifadə edir. Azərbaycan qarşıdurma məntiqindən əməkdaşlıq məntiqinə keçidi təşviq edir. Ermənistanla ticarətin genişləndirilməsi və yeni nəqliyyat kommunikasiyalarının yaradılması barədə mövqeyi göstərir ki, Azərbaycan sülhü iqtisadi əməkdaşlıqla möhkəmlənən davamlı proses kimi görür. Çıxışın digər mühüm mesajı Azərbaycanın çoxtərəfliliyə münasibətidir. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar ölkəmizin qlobal proseslərdə fəal rolunun davam edəcəyini göstərir. Qoşulmama Hərəkatına rəhbərlik dövründə qazanılan diplomatik təcrübə də bu yanaşmanı möhkəmləndirib. Bişkek səfəri beləliklə bir neçə istiqaməti vahid siyasi mənzərədə birləşdirir: ŞƏT məkanında dialoq, Qırğızıstanla müttəfiqlik, Mərkəzi Asiya ilə strateji yaxınlaşma və Cənubi Qafqazda sülh gündəliyi. Bu mənzərə Prezident İlham Əliyevin praqmatik və uzaqgörən xarici siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkəmizə müxtəlif platformalarda öz sözünü demək və regional əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün daha geniş imkanlar yaradır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön