Ana Sayfa > Özəl > Zəngəzur marşrutu üçün vaxt açıqlandı: Tikinti 2027-ci ilin yazında başlaya bilər
Zəngəzur marşrutu üçün vaxt açıqlandı: Tikinti 2027-ci ilin yazında başlaya bilərBu gün, 19:19. Yazar: vasif |
![]() Zəngəzur istiqamətində nəzərdə tutulan TRIPP layihəsinin praktiki icrası ilə bağlı yeni tarix gündəmə gəlib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihə çərçivəsində tikinti işlərinə 2027-ci ilin yazında başlanması mümkündür. Mirzoyanın sözlərinə görə, dəmir yolu infrastrukturu tam hazır olmadan əvvəl elektrik enerjisinin tranziti istiqamətində müəyyən layihələrin həyata keçirilməsinə başlanıla bilər. Bu isə TRIPP çərçivəsində ayrı-ayrı bağlantı layihələrinin mərhələli şəkildə reallaşdırılacağını göstərir. Məsələ Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündə də müzakirə olunub. Tərəflər Vaşinqton Sülh Zirvə görüşünün nəticələrindən biri olan TRIPP-in həyata keçirilməsi istiqamətində növbəti praktiki addımları və marşrut boyunca bağlantı layihələrinin əhəmiyyətini nəzərdən keçiriblər. Əvvəlki açıqlamalarda fiziki işlərin 2026-cı ilin sonlarına doğru başlanacağı gözlənilsə də, Mirzoyanın son bəyanatı müddətin 2027-ci ilin yazına keçə biləcəyini göstərir. Bununla belə, söhbət dəhlizin həmin tarixdə tam açılmasından deyil, tikinti mərhələsinin mümkün başlanğıcından gedir. Siyasi ekspert Mətin Məmmədli hesab edir ki, mümkün gecikmənin arxasında ciddi siyasi problem deyil, əsasən hüquqi və texniki məsələlər dayanır. Onun sözlərinə görə, layihəni həyata keçirmək məqsədilə yaradılan TRIPP Development Company-nin nizamnaməsi və səhmdarlar arasında sazişlə bağlı məsələlər hələ tam həll edilməyib və ABŞ-Ermənistan danışıqları davam edir. Beləliklə, hazırkı açıqlamalara əsasən, 2027-ci ilin yazı Zəngəzur istiqamətində real tikinti işlərinin başlanması üçün əsas tarixlərdən biri kimi nəzərdən keçirilir. Marşrutun tam istifadəyə veriləcəyi tarix isə hələ rəsmən açıqlanmayıb. Geri dön |