Ana Sayfa > Özəl > ABŞ-dan İrana yeni zərbə ssenarisi: Kritik tarix yaxınlaşır, Azərbaycan üçün risk nədir?

ABŞ-dan İrana yeni zərbə ssenarisi: Kritik tarix yaxınlaşır, Azərbaycan üçün risk nədir?


Bu gün, 18:14. Yazar: vasif
ABŞ-dan İrana yeni zərbə ssenarisi: Kritik tarix yaxınlaşır, Azərbaycan üçün risk nədir?




ABŞ-İran qarşıdurmasının yenidən genişmiqyaslı hərbi mərhələyə keçməsi ehtimalı regionda əsas təhlükəsizlik mövzularından birinə çevrilib. Son gərginlik və Larak adasına endirilən zərbələr tərəflər arasında əldə edilmiş nisbi sakitliyin uzunmüddətli olmaya biləcəyi ilə bağlı müzakirələri gücləndirib.
Təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, Vaşinqtonun Tehranla bağlı siyasətində hələlik ardıcıl xətt görünmür. Onun fikrincə, hərbi əməliyyatların başlayıb dayanması, danışıqların keçirilməsi və pozulması, ardınca iqtisadi təzyiqlərin və yenidən məhdud zərbələrin gündəmə gəlməsi ABŞ-nin İran siyasətində ziqzaqlı vəziyyət yaradıb.
Ekspert ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərinədək bu qeyri-müəyyənliyin davam edə biləcəyini düşünür. Onun sözlərinə görə, Donald Tramp seçkilər yaxınlaşdıqca İrana münasibətdə daha sərt addımlara üstünlük verə bilər. Bununla belə, İranın konkret tarixdə bombardman ediləcəyinə dair təsdiqlənmiş qərar yoxdur və belə bir ssenari hazırda ehtimal kimi qiymətləndirilməlidir.
Mümkün yeni müharibənin Azərbaycan üçün nəticələrinə toxunan İlham İsmayıl genişmiqyaslı qaçqın axınını real təhlükə hesab etmir. Ekspert bunu mümkün qarşıdurmanın əsasən hava, raket və PUA zərbələri üzərində qurulması, geniş quru əməliyyatının isə hazırda əsas ssenari kimi görünməməsi ilə izah edir.
Azərbaycan üçün daha ciddi risk humanitar böhrandan çox Cənubi Qafqazda qeyri-sabitliyin dərinləşməsi ola bilər. ABŞ-İran qarşıdurmasının genişlənməsi regional iqtisadi layihələrə, nəqliyyat marşrutlarına və ümumi təhlükəsizlik mühitinə mənfi təsir göstərə bilər.
Eyni zamanda regiondakı yeni hərbi böhranın Azərbaycan-Ermənistan normallaşması və sülh prosesinin sürətinə də təsirsiz ötüşməyəcəyi ehtimal edilir. Bu baxımdan Bakı üçün əsas təhlükə birbaşa hərbi qarşıdurmaya cəlb olunmaqdan daha çox, İran ətrafında uzunmüddətli qeyri-sabitliyin Cənubi Qafqazdakı prosesləri ləngitməsidir.
Geri dön