Ana Sayfa > Ölkə > Su obyektlərindən xüsusi istifadə ilə bağlı yeni qaydalar açıqlanıb
Su obyektlərindən xüsusi istifadə ilə bağlı yeni qaydalar açıqlanıbBu gün, 13:02. Yazar: Subhan |
![]() Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin açıqlamasında bildirilib. Qeyd olunub ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilib. Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiqlənib. Qaydalara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir. Bu tələblər sahibkarlıq fəaliyyəti ilə məşğul olan və su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər. Müraciət zamanı təqdim edilən sənədlər təhlil olunur və onların qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır. Eyni zamanda, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi də araşdırılır. Aparılan təhlil və qiymətləndirmələrin nəticəsinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Xidmətin açıqlamasında vurğulanıb ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. aia.az Geri dön |