Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-ŞƏT əməkdaşlığı Bakının çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsi kimi

Azərbaycan-ŞƏT əməkdaşlığı Bakının çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsi kimi


Bu gün, 13:58. Yazar: azer
Azərbaycan-ŞƏT əməkdaşlığı Bakının çoxvektorlu xarici siyasətinin uğurlu nəticəsi kimi

Uzun illərdir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanl təkcə regionun deyil, eləcə də beynəlxalq aləmin lider dövlətlərindən birinə çevirib. Bakının ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlığa, dostluq, tərəfdaşlıq etdiyi ölkələrlə bir-birinin mövqelərinə hörmətlə yanaşmağa üstünlük verməsi Azərbaycana olan marağı daha da artırır, mütləq əksəriyyət regional və beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Bu sırada Şamxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq da xüsusi qeyd edilməlidir.

ŞƏT-lə Azərbaycan arasında əməkdaşlığın dərin tarixi olmasa da, lakin ötən qısa müddət ərzində təşkilatla Bakı arasında əlaqələr nəzərəçarpacaq dərəcədə inkişaf edib. Azərbaycan ilk dəfə 2022-ci ildə təşkilatın Səmərqənd sammiti zamanı ŞƏT-in tədbirində təmsil olunub. 3–4 iyul 2024-cü ildə isə Qazaxıstanın paytaxtı Astanada baş tutan növbəti sammit zamanı Azərbaycan Prezidenti ikinci dəfə ŞƏT sammitində iştirak edib. Təşkilatın hər bir üzvü, Çin, Rusiya, Qazaxıstan, Özbəkistan, Hindistan, Pakistan, İran və Mərkəzi Asiyanın digər dövlətləri ilə Bakı arasında qurulan yüksək səviyyəli əməkdaşlıq Azərbaycanı bu platforma çərçivəsində Mərkəzi Asiyaya daha da yaxınlaşdırır və münasibətləri təkcə ikitərəfli formatda deyil, daha geniş çoxtərəfli çərçivədə inkişaf etdirmək imkanı yaradır.

ŞƏT-lə əməkdaşlığın Bakı üçün siyasi dividentləri ilə yanaşı, iqtisadi faydaları da kifayət qədərdir. Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, bu əməkdaşlıq Azərbaycan üçün yeni bazarlar imkanı əldə etmək deməkdir. Ən başlıcası ŞƏT Azərbaycan üçün yeni tranzit, investisiya və geoiqtisadi imkanlar platformasıdır. Hələ ŞƏT-in Astanada keçirilən sammiti zamanı Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərini Azərbaycan–ŞƏT əməkdaşlığının mühüm istiqaməti kimi görür. Çünki Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar Bakının Avrasiya üzrə logistika mərkəzlərindən birinə çevrilməsinə imkan verir. Bu baxımdan Bakının ŞƏT-lə əməkdaşlığından əldə etdiyi əsas dividend odur ki, Çindən Mərkəzi Asiyaya, oradan Xəzər üzərindən Azərbaycana və Avropaya gedən yüklərin həcminin artmasında Azərbaycan daha böyük rol oynaya bilər.

Bildiyimiz kimi, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərinin inkişafında nəqliyyat və enerji sektoru xüsusi paya malikdir. Bakı–Tbilisi–Qars, Ələt limanı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi layihələr Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Çindən və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyə və Avropaya yönəlməsində Azərbaycanın xüsusi mövqeyə malik olduğunu nəzər alan ŞƏT-də öz növbəsində Azərbaycan qədər, Bakı ilə əməkdaşlıqda maraqlıdır. Çünki bu strategiya yalnız Azərbaycan üçün faydalı olmayacaq. Qeyd edilən marşrut üzərində yerləşən ölkələrin liman, dəmir yolu, logistika, anbar, gömrük, sığorta, sənaye parkları, enerji və rəqəmsal xidmətlər də bundan faydalanacaq.

Göründüyü kimi, Azərbaycanın çoxvektorlu xarici siyasəti təkcə Azərbaycan, Cənubi Qafqaz deyil, eyni zamanda Mərkəzi Asiya, hətta Avropa üçün də dividentlər qazandırır, faydalar verir. Bu həm də Azərbaycanın özünü yalnız Qərb və ya yalnız Şərq istiqamətində deyil, Avropa–Asiya arasında əlaqələndirici məntəqə kimi təqdim etməsi deməkdir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

Geri dön