Ana Sayfa > Özəl > Hörmüzdə təhlükəli dönüş: ABŞ İranı vurdu, Tehran raket və dronlarla cavab verdi

Hörmüzdə təhlükəli dönüş: ABŞ İranı vurdu, Tehran raket və dronlarla cavab verdi


Bu gün, 15:47. Yazar: vasif
Hörmüzdə təhlükəli dönüş: ABŞ İranı vurdu, Tehran raket və dronlarla cavab verdi


ABŞ–İran qarşıdurmasında bir aylıq nisbi sakitlikdən sonra hərbi gərginliyin yenidən artdığı bildirilir. Məlumata görə, ABŞ qüvvələri Hörmüz boğazındakı Larak adasında İranın iki raket qurğusuna zərbə endirib. Vaşinqton əməliyyatı “məhdud və dəqiq zərbə” kimi təqdim edib.
ABŞ tərəfi iddia edir ki, həmin qurğulardan Hörmüz boğazında raketlə daşınan dəniz minalarının yerləşdirilməsi planlaşdırılırdı. Tehran isə hücum nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananların olduğunu açıqlayıb, lakin konkret rəqəmlər təqdim etməyib.
İranın cavabının gecikmədiyi bildirilir. Tehran İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlər, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Minhad bazasına isə pilotsuz uçuş aparatları göndərdiyini açıqlayıb. Bununla yanaşı, Hörmüzün cənubunda böyük tankerin iki dəniz minasına düşərək alışdığı iddia olunur. Gəmi ilə bağlı məlumatlar hələ müstəqil təsdiqini tapmayıb.
Gərginlik enerji bazarına da təsir göstərib. “Brent” markalı neftin qiymətinin 90 dollar həddini keçdiyi bildirilir. Dünya enerji daşımalarının mühüm hissəsinin Hörmüz boğazından keçməsi burada baş verəcək istənilən ciddi eskalasiyanı qlobal neft bazarı üçün təhlükəli edir.
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov hesab edir ki, Larak adasına zərbə hələlik genişmiqyaslı müharibənin başlanması deyil. Onun fikrincə, ABŞ üçün əsas məsələlərdən biri Hörmüz boğazında sərbəst gəmiçiliyin qorunmasıdır və İranın boğazı bağlamağa və ya keçidə mane olmağa çalışması qarşıdurmanı daha da genişləndirə bilər.
Hazırkı vəziyyətdə əsas təhlükə qarşılıqlı zərbələrin nəzarətdən çıxmasıdır. ABŞ obyektlərində böyük itkilərin yaranması daha geniş cavab əməliyyatına, İranın strateji infrastrukturlarının vurulması isə Tehranın Körfəzdəki hərbi bazalara və enerji obyektlərinə yeni hücumlarına yol aça bilər. Belə bir ssenari Hörmüz böhranını regional qarşıdurmadan daha geniş beynəlxalq böhrana çevirə bilər.
Geri dön