Ana Sayfa > Özəl > Bişkekdə kritik Putin-Paşinyan görüşü: Köçəryanın taleyi siyasi bazarlığa çevrilə bilər
Bişkekdə kritik Putin-Paşinyan görüşü: Köçəryanın taleyi siyasi bazarlığa çevrilə bilərBu gün, 17:19. Yazar: vasif |
![]() Bu gün Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putinlə Nikol Paşinyanın gözlənilən görüşü Rusiya-Ermənistan münasibətlərində mühüm sınaqlardan biri kimi qiymətləndirilir. Tərəflərin müzakirə edəcəyi həssas mövzulardan birinin Ermənistanda müxalifət nümayəndələrinə qarşı aparılan proseslər olacağı bildirilir. Diqqət xüsusilə həbsdə olan sabiq prezident Robert Köçəryana yönəlib. Rusiya Prezidenti Köçəryanı doğum günü münasibətilə təbrik edərək onun Rusiya-Ermənistan münasibətlərinə verdiyi töhfənin Moskvada “unudulmadığını” bildirmişdi. Bu mesaj Kremlin Köçəryanın taleyinə biganə olmadığını göstərən siyasi siqnal kimi şərh edilir. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin fikrincə, Putin görüş zamanı Köçəryan və Serj Sarkisyanla bağlı məsələləri qaldıra bilər. Lakin Paşinyanın istintaq prosesinin hüquq-mühafizə və məhkəmə orqanlarının səlahiyyətində olduğunu əsas gətirərək Kremlin istəyinə birbaşa müsbət cavab verməyəcəyi ehtimal olunur. Digər diqqətçəkən ehtimal siyasi-iqtisadi bazarlıqdır. Ermənistandakı bəzi müxalifət nümayəndələrinə qarşı tədbirlərin yumşaldılması müqabilində erməni məhsullarının Rusiya bazarına çıxışındakı problemlərin aradan qaldırılması kimi variantların müzakirəyə çıxarıla biləcəyi iddia olunur. Paşinyanın Qərblə yaxınlaşma kursunu davam etdirməsi isə Moskva ilə münasibətlərdə əsas ziddiyyət olaraq qalır. Buna görə Bişkek görüşündə müəyyən razılaşmalar əldə edilsə belə, bunun Rusiya-Ermənistan münasibətlərindəki strateji problemləri tam həll edəcəyi gözlənilmir. Görüşün başqa bir simvolik məqamı da var: Putinin Ermənistan seçkilərindən sonra Paşinyana münasibətini necə nümayiş etdirəcəyi diqqətlə izlənəcək. Bişkekdə deyiləcək sözlər Moskvanın Paşinyan hakimiyyəti ilə bundan sonra hansı xətti seçəcəyinə dair mühüm siyasi mesaj ola bilər. Geri dön |