Ana Sayfa > Özəl > Adil Əliyevin üstünə niyə səlib yürüşü edirlər?
Adil Əliyevin üstünə niyə səlib yürüşü edirlər?Dünən, 15:32. Yazar: azer |
![]() Jurnalistikanın yerini smartfon tutanda... İndi, deyəsən, hamı jurnalist olub. Əlində smartfon olan qabağına çıxan hər şeyi çəkir, şəkli də harada gəldi paylaşır, sonra başlayır “gəvələməyə”: “Ay aman, qoymayın, dağıtdılar! Yedilər, sovurdular!” Məsələnin maraqlı tərəfi isə budur ki, nə hadisə araşdırılır, nə qarşı tərəfin mövqeyi öyrənilir, nə də iddianın doğruluğu yoxlanılır. Bir video, bir foto, bir status — vəssalam! Hökm çıxarıldı, günahkar tapıldı, sosial şəbəkə məhkəməsi də öz qərarını verdi. Son aylarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin ətrafında da sosial şəbəkələrdə buna bənzər “səlib yürüşləri” müşahidə olunur. Baltalı-baltasız, faktlı-faktsız, araşdırmalı-araşdırmasız hamı bir istiqamətə hücum çəkir. Ən asan üsul isə bəllidir: qazi və şəhid ailəsinin adını önə çəkmək. Belə olanda məsələni araşdırmağa ehtiyac da qalmır. Kim etiraz etsə, dərhal “şəhid ailəsinə qarşıdır” damğası hazırdır. Amma sonra bəzən həmin qazi və ya şəhid ailəsi çıxıb məsələnin sosial şəbəkələrdə təqdim edildiyi kimi olmadığını bildirir, anlaşılmazlığın yaşandığını, hətta icra başçısının onlara diqqət və qayğı göstərdiyini söyləyir. Bu zaman isə ortaya çox sadə bir sual çıxır: Bəs əvvəlki hay-küy nə idi? Son günlər şəhid atası Hüseyn Qasımovun Prezident İlham Əliyevə müraciəti və sosial şəbəkələrdə meyxanaçı Adil Əliyevlə bağlı yayılan video da geniş müzakirə olunur. Videoda qarşılıqlı ağır ifadələrin, aşağılayıcı sözlərin və məmur–vətəndaş münasibətlərinə yaraşmayan üslubun olduğu görünür. Amma burada başqa bir məsələ də var. Sosial şəbəkədə yayılan hər məlumat niyə dərhal “həqiqət” statusu qazanmalıdır? Bir məlumatın paylaşılması onun doğru olması demək deyil. Bir videonun yayılması onun bütün konteksti əks etdirdiyi anlamına gəlmir. Bir foto da hadisənin mahiyyətini izah etmir. Əgər ortada konkret ittiham varsa, araşdırılmalıdır. Əgər məmura böhtan atılıbsa, hüquqi prosedur işləməlidir. Əgər məmur vətəndaşın hüququnu pozubsa, yenə də hüquqi mexanizm işə düşməlidir. Amma Facebook məhkəməsi, TikTok istintaqı, smartfon prokurorluğu ilə dövlət idarəçiliyinə qiymət vermək nə jurnalistikadır, nə də obyektivlik. Burada media da öz məsuliyyətini düşünməlidir. Rayon icra hakimiyyətlərinin gördüyü müsbət işlər, abadlıq, sosial layihələr, vətəndaş müraciətlərinin həlli və digər fəaliyyətlər çox vaxt ciddi şəkildə işıqlandırılmır. Amma hansısa qalmaqallı video ortaya çıxan kimi hamı bir anda “jurnalist” olur. Niyə? Çünki şər daha tez satılır, qalmaqal daha çox baxış gətirir, ittiham daha sürətlə paylaşılır. Bəlkə də problem təkcə sosial şəbəkələrdə deyil. Problem həm də normal media mühitinin boş buraxdığı informasiya meydanındadır. Media hadisəni vaxtında araşdırmasa, tərəflərin mövqeyini öyrənməsə, faktları yoxlamasa, həmin boşluğu gec-tez Facebook, TikTok və digər platformalar dolduracaq. Amma sosial şəbəkənin informasiya yayması ilə jurnalistikanın vəzifəsi eyni deyil. Jurnalistin işi kameranı açıb qışqırmaq yox, kameranı söndürəndən sonra araşdırmaqdır. Həqiqəti tapmaq üçün bəzən bir status yox, onlarla telefon danışığı, sənəd, fakt və qarşı tərəfin mövqeyi lazımdır. Ona görə də bir az sakitləşmək pis olmaz. Adil Əliyevdən bu qədər yapışmısınızsa, ölkədə başqa rayon icra başçıları da var. Onların fəaliyyəti də araşdırılsın. Problemləri də yazılsın. Uğurları da yazılsın. Qanun pozuntusu varsa, ortaya qoyulsun. Yoxdursa, olmayanı da yaratmaq lazım deyil. Jurnalistika kiminsə üstünə dəstə ilə hücum çəkmək deyil. Jurnalistika həqiqətin dalınca getməkdir. Yoxsa hər smartfon sahibini jurnalist, hər videonu sübut, hər statusu xəbər, hər ittihamı isə həqiqət hesab etsək, onda mediaya yox, sadəcə səs-küyə ehtiyacımız qalacaq. Və ən pisi də budur: cəmiyyət bir müddət sonra həqiqətlə yalanın fərqini ayırd edə bilməyəcək. Bəlkə də elə buna görə, bir az da özümüzdən soruşmalıyıq: “Biz həqiqəti axtarırıq, yoxsa sadəcə növbəti qalmaqalı?” Arzuman Loğmanoğlu Geri dön |