Ana Sayfa > Dünya > “Putin NATO-su” İrəvana yeridilsin – İLGİNC çağırış
“Putin NATO-su” İrəvana yeridilsin – İLGİNC çağırışBu gün, 13:30. Yazar: vasif |
![]() Keçmiş prezident Robert Köçəryan və “Taşir Qrupu”nun rəhbəri Samvel Karapetyanın təmsil olunduğu müxalifət KTMT sülhməramlılarının ölkəyə daxil olmasını istəyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasıdır. KTMT sülhməramlıları və ümumiyyətlə xarici sülhməramlılar olmayacaq. Bu olmayacaq, çünki sülh bərqərar olub, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”, - deyə Paşinyan parlamentdə “Ermənistan” və “Güclü Ermənistan” müxalifət fraksiyalarına müraciətində bildirib. Qeyd edək ki, Ermənistan KTMT-də fəaliyyətini “dondurub” və təlimlərini, iclaslarını boykot edir, üzvlük haqqını ödəmir. Baş nazir hesab edir ki, Ermənistanı bu blokdan çıxarsalar, yalnız məmnun olar. “Rus NATO-su” adlanan hərbi blokun qüvvələri sonuncu dəfə Qazaxıstan iğtişaşlarına müdaxilə edib. İndi Ermənistanda hansı qarışıqlıq var ki, KTMT-nin daxil olmasına zərurət yaransın? Ümumiyyətlə, KTMT hərbçiləri Ermənistana icazəli və ya icazəsiz daxil ola bilərmi? Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, Cənubi Qafqazda və daha geniş coğrafiyada cərəyan edən son siyasi proseslər regionun gələcək arxitekturasının məhz yerli dövlətlərin iradəsi və suveren hüquqları əsasında formalaşdığını bir daha sübut edir: “Ermənistanın daxili siyasi müstəvisində, xüsusən revanşist kəsimin vaxtaşırı səslənən və kənar hərbi-siyasi blokların, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəyə dəvət edilməsini nəzərdə tutan təşəbbüslər daxili hakimiyyət uğrunda mübarizədən qaynaqlansa da, regionda dayanıqlı sülhün bərqərar olması məntiqinə tamamilə ziddir. Paşinyanın bu cür çağırışları rədd edərək regional sülhün kənar vasitəçilərdən deyil, birbaşa tərəflərin dialoqundan keçdiyini vurğulaması, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın qəbul olunmasının bariz göstəricisidir”.Deputatın sözlərinə görə, KTMT-nin öz nizamnaməsinə əsasən, hər hansı bir ölkəyə hərbi kontingentin yerləşdirilməsi yalnız legitim rəsmi hakimiyyətin hüquqi müraciəti və konsensus əsasında mümkündür: “Müvafiq rəsmi dəvət olmadan belə bir addımın atılması beynəlxalq hüquqi baxımdan qanunsuz müdaxilə hesab olunur və mövcud sabitliyə ciddi təhdid yaradır. Azərbaycan artıq 6 ildir ki, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarı və təminatçısı rolunda çıxış edir. Ölkəmizin nümayiş etdirdiyi dəyişməz liderlik və strateji uzaqgörənlik Cənubi Qafqazın kənar güclərin rəqabət meydanına çevrilməsinin qarşısını alan ən mühüm amildir”. Deputatın sözlərinə görə, regionun gələcəyi qarşıdurma və ya kənar hərbi çətirlər altında sığınacaq axtarmaqda deyil, qarşılıqlı suverenliyə hörmət, dinc yanaşı yaşamaq prinsiplərindədir: “Xalqlar arasında birbaşa anlaşmanın və sülhün dəstəklənməsi Cənubi Qafqazı münaqişə zonalarından uzaqlaşdıraraq qlobal miqyasda sabitlik və inkişaf məkanına çevirmək gücünə malikdir. Görünən odur ki, iki dəfə hərbi kapituliyasiyaya məruz qalan hazırki Ermənistan iqtidarı reallığın fərqindədir və Paşinyanın ritorikası da deməyə əsas verir ki, revanşistlərin yaxud marionet siyasi güclərin müvafiq cəhdlərinə ilk növbədə elə İrəvan özü heç bir vəchlə yol verməyəcək”. Geri dön |