Ana Sayfa > Özəl > Ermənistanın Aİ arzusu: Brüssel İrəvana niyə “yaşıl işıq” yandıra bilər?
Ermənistanın Aİ arzusu: Brüssel İrəvana niyə “yaşıl işıq” yandıra bilər?Bu gün, 19:04. Yazar: vasif |
![]() Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində növbəti addımı atmağa hazırlaşır. Baş nazir Nikol Paşinyan bildirib ki, İrəvan rəsmi müraciətdən və Brüsselin təqdim edəcəyi yol xəritəsindən sonra Aİ üzvlüyü məsələsini referenduma çıxara bilər. Bu kurs Ermənistan-Rusiya münasibətlərində gərginliyi daha da artırır. Moskva İrəvana faktiki seçim etməli olduğunu bildirir: ya Avrasiya İqtisadi İttifaqının verdiyi iqtisadi üstünlükləri qorumaq, ya da Avropaya inteqrasiya yolunu seçmək. Ermənistanın KTMT-də fəaliyyətini bərpa etmək niyyətində olmaması da Paşinyan hakimiyyətinin Rusiyadan siyasi uzaqlaşmasının göstəricilərindən biri kimi təqdim edilir. Sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, Ermənistan hazırda Aİ üzvlüyü üçün tələb olunan bütün standartlara cavab verən ölkə deyil. Buna görə də İrəvanın müraciətindən dərhal sonra üzvlüyə qəbul ediləcəyini gözləmək real görünmür. Ukrayna, Moldova və Gürcüstanın Avropaya inteqrasiya prosesinin uzun illər davam etməsi də üzvlüyün mürəkkəb və uzunmüddətli proses olduğunu göstərir. Bununla belə, Ermənistan məsələsində geosiyasi amil xüsusi rol oynaya bilər. Ekspertin fikrincə, Qərb İrəvanın Rusiyadan asılılığının azalmasında maraqlıdır və Paşinyan hakimiyyətinə verilən siyasi dəstəyin səbəblərindən biri də budur. Bu baxımdan Ermənistanın Aİ üçün əsas əhəmiyyəti onun iqtisadi potensialından daha çox Cənubi Qafqazdakı geosiyasi mövqeyi ola bilər. İrəvanın Moskvanın təsir dairəsindən uzaqlaşması Brüsselin regiondakı siyasi imkanlarını genişləndirə bilər. Ancaq Aİ-yə üzvlük üçün siyasi yaxınlaşma kifayət etmir. Ermənistanın hüquqi, iqtisadi və institusional sahələrdə geniş islahatlar aparması və Avropa standartlarına uyğunlaşması tələb olunur. Buna görə İrəvanın Avropa yolu açılsa belə, qarşıda uzun və mürəkkəb prosesin dayanacağı gözlənilir. Geri dön |