Ana Sayfa > İdman > Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Vətəndə - Fotolar
Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Vətəndə - FotolarBu gün, 08:32. Yazar: vasif |
![]() Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası səhər saatlarında Vətənə qayıdıb. “aia.az” xəbər verir ki, Priştina şəhərində keçirilmiş Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıblar. Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi Sərdar Həsənov və idmançılar media nümayəndələrinin suallarını cavablandırıblar. AAF-ın vitse-prezidenti Firdovsi Umudov bildirib ki, hər dəfə beynəlxalq yarışlara yollananda qarşılarındakı əsas məqsəd dövlətimizi layiqincə təmsil etmək olur: “Hər zaman demişəm, Azərbaycanda idmana xüsusi diqqət var. Əgər bu gün gənclərimiz sağlam həyat tərzini seçirsə, bayrağımızı müxtəlif ölkələrdə ucaldırsa, bu, Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu idman siyasətinin nəticəsidir. Biz bu diqqət və qayğını, eyni zamanda məsuliyyəti həmişə hiss etmişik. Avropa birinciliyindəki iştirakımıza gəlincə. Gənclər və İdman Nazirliyinə və şəxsən nazir Fərid Qayıbova göstərilən dəstəyə görə minnətdarlığımı bildirirəm. İstər hazırlıq prosesi, istərsə də yarışa ezam olunmağımız nazirlik tərəfindən dəstəkləndi. Federasiya prezidenti Kamran Nəbizadə idmançıların durumu ilə mütəmadi maraqlanırdı. Hər atletimizin çıxışı zamanı həyəcanı bizimlə birgə yaşayırdı. Məşqçilər heyətimiz yerli və gənc mütəxəssislərdən təşkil olunsa da, əsl peşəkarlıq və xarakter nümayiş etdirdilər. İdmançılara gəldikdə isə hər biri bizim övladımızdır. 11 idmançi ilə qatıldığımız yarışdan 15 medal gətirdik. Ötən il bu yarış İspaniyada keçiriləndə medal sayımız 7 olmuşdu. Orada iştirak edən, Nuray, Məhəmməd və Kamran medal qazana bilməmişdilər. Bu dəfə isə adını çəkdiyim yeniyetmələr vətənə mükafatlarla qayıtdı. Musab isə növbəti dəfə çempion oldu. Özü də 17 kq fərqlə. Demək ki, idmançının xarakterindən də çox şey asılıdır. Biz onların hər birinə inanırıq. Hamısı üçün eyni şərait yaradılır, eyni münasibət göstərilir. Söhbət beynəlxalq yarışda ölkəmizi təmsil etməkdən gedirsə burada hansı idmançının hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Bu regionlararası yarış deyil ki, məsələn Qobustan, Naxçıvan yaxud Lənkəran idmançısı bir-biri ilə rəqabət aparsın. Burada qələbə yalnız bir anlayış üçündür. Dövlətimiz, Bayrağımız və Himninimiz. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, bugün idmançılar beynəlxalq arenalara qalib ölkənin təmsilçisi kimi, böyük qürur hissi ilə çıxırlar. Bu bizə əlavə üstünlük və motivasiya verir. Federasiyamız daxilində olan hər kəs bilir ki, bizim üçün nizam-intizam bütün nəticələrdən öndədir. İnzibati heyətin əməkdaşlarından tutmuş, azyaşlı idmançılara qədər hər kəs intizam qaydalarına qeyd-şərtsiz riayət etməlidir. Nəticəni də yalnız belə qazanmaq mümkündür. Xaotik yanaşma ilə, həvəskar davranışlarla idmanda ancaq təsadüfən nəsə əldə etmək olar. Biz isə təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik. Bir daha qarşılanmaya görə hər birinizə təşəkkür edirəm!” Yığma komandanın baş məşqçisi Sərdar Həsənov deyib ki, bu yarışöncəsi çox keyfiyyətli hazırlıq keçiblər: “Federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezidentimiz Firdovsi Umudov tərəfindən hər cür şəraitlə təmin olunduq. Bu nəticə qazanmaq üçün çox vacib idi. Böyük məşqçimiz Asif Məmmədov və məşqçimiz Əfqan Bayramovla birgə idmançılarla fərdi şəkildə məşğul olduq. Çalışdıq ki, onlar körpücükdə maksimum nəticəni göstərə bilsinlər. Ötən il bu yarış Madriddə olmuşdu və biz 15 idmançı ilə 7 medal qazanmışdıq. Bu dəfə 11 idmançı ilə iştirak etdik və 15 medal qazandıq. Federasiya rəhbərliyi də hər zaman kəmiyyətə deyil keyfiyyətə önəm verir. Əlbəttə biz hər bir idmançımızdan medal gözləyirik amma bu yarış bəziləri üçün ilk beynəlxalq təcrübə idi. Əsas məqsədimiz odur ki bu idmançılar artan dinamika ilə inkişaf etsinlər. Çünki onlar üçün hələ hər şey indi başlayır. Sizə də bura gəlib bizi qarşılaşdığınız üçün təşəkkür edirəm, çox sağ olun”. Avropa birinciliyinin qalibi Musab Məmmədtağıyev qeyd edib ki, yarışa yaxşı hazırlaşıblar: “Ötən Avropa birinciliyi ilə müqayisədə çəkimi dəyişmişdim. Bu dəfə 70 kq çəki dərəcəsində çıxış etdim və yarış mənim üçün uğurlu oldu. Gələcək yarışlarda da körpücüyə qələbə üçün çıxacam. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə minnətdarlığımı bildirirəm”. Avropa birinciliyinin mükafatçısı Nuray Əbilova vurğulayıb ki, daha yaxşı çıxış edə bilərdi: “Amma bu yarışdır. Bəzən nələrsə plan üzrə getmir. Beynəlxalq yarış olsa da həyəcanlı deyildim sadəcə bəzi səhvlərim oldu ki, onu da gələcəkdə işləyib düzəldəcəyik”. Avropa birinciliyinin mükafatçısı İsa Hüseynov əlavə edib ki, yarış istədiyi kimi keçib: “Amma təbii ki, bunu maksimum nəticə saymıram. Daha yaxşı çıxış etmək olardı. Bu nəticələri unudub növbəti yarışlara hazırlaşmağı düşünürəm. Məşqçilərimizə minnətdarlığımı bildirirəm. Onların üzərimizdə zəhməti böyükdür”. Avropa birinciliyinin mükafatçısı Fəxrəddin Allahverdiyevin sözlərinə görə, təkanla qaldırma hərəkətində son yanaşma istədiyim kimi alınmayıb: “Kiçik texniki səhvə yol verdim. Amma bu mənim ilk beynəlxalq yarışım idi. Mənim üçün böyük təcrübə oldu. Davamını gətirməliyik. Əsası odur ki, vətənə medallarla qayıtdıq”. Geri dön |