Ana Sayfa > Özəl > Moskvanın təsiri qalır, amma sülhün açarı İrəvanın əlindədir

Moskvanın təsiri qalır, amma sülhün açarı İrəvanın əlindədir


Bu gün, 18:16. Yazar: vasif
Moskvanın təsiri qalır, amma sülhün açarı İrəvanın əlindədir



Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına regional geosiyasi risklərin, o cümlədən Rusiya amilinin təsir göstərə biləcəyi bildirilir. “S&P Global Ratings”in qiymətləndirməsinə görə, Ermənistanın Rusiya ilə iqtisadi və enerji əlaqələrinin yüksək səviyyədə qalması İrəvanın strateji manevr imkanlarını məhdudlaşdıran amillərdəndir.
Bununla belə, politoloq Züriyə Qarayeva hesab edir ki, sülh sazişinin yubadılmasının əsas səbəbini Rusiyada axtarmaq doğru deyil. Onun fikrincə, əsas məsələ Ermənistanın hüquqi bazası, xüsusilə də Azərbaycan tərəfinin qaldırdığı konstitusiya məsələsidir.
Ekspert diqqətə çatdırır ki, son dövrdə Bakı və İrəvan bir sıra mühüm məsələləri birbaşa dialoq vasitəsilə irəli aparıb. Sülh mətninin paraflanması, sərhəd prosesində əldə edilən nəticələr və iki ölkə arasında birbaşa təmasların artması üçüncü tərəfin vasitəçiliyinin əvvəlki qədər zəruri olmadığını göstərir.
Qarayevanın fikrincə, Rusiyanın Ermənistan üzərində iqtisadi və siyasi təsir imkanları hələ də qalır. Lakin Moskvanın bu imkanları Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları tam dayandırmaq üçün kifayət etməyib.
Politoloq hesab edir ki, Ermənistan yeni Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atarsa, yekun sülh sazişinin qarşısındakı əsas maneələrdən biri aradan qalxa bilər. Bu baxımdan prosesin taleyini yalnız Rusiya faktorundan deyil, ilk növbədə İrəvanın qəbul edəcəyi siyasi və hüquqi qərarlardan asılı qiymətləndirmək daha doğru olar.
Geri dön