Ana Sayfa > Siyasət > Bakı ilə Daşkənd arasındakı münasibətlər böyük perspektivlərin astanasındadır

Bakı ilə Daşkənd arasındakı münasibətlər böyük perspektivlərin astanasındadır


Bu gün, 10:39. Yazar: azer
Bakı ilə Daşkənd arasındakı münasibətlər böyük perspektivlərin astanasındadır

Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini yalnız bugünkü nailiyyətlər baxımından deyil, gələcək perspektivlər prizmasından da qiymətləndirməyə imkan verir. Bəyanatda səslənən fikirlər göstərir ki, iki qardaş ölkə arasında münasibətlər möhkəm siyasi təməl üzərində inkişaf etməklə yanaşı, yeni iqtisadi, nəqliyyat və humanitar imkanların yaradılması hesabına daha geniş məzmun qazanır.

Azərbaycan və Özbəkistanı birləşdirən amillərin sırasında ilk növbədə ortaq tarix və mənəvi dəyərlər dayanır. Xalqlarımız əsrlər boyu bir-biri ilə sıx əlaqədə olub, eyni mədəniyyət məkanının formalaşmasına töhfə verib. Lakin müasir dövrdə bu tarixi yaxınlığın dövlətlərarası münasibətlərdə real nəticələrə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasəti də məhz bu yanaşmaya əsaslanır: ənənəvi dostluq müasir tərəfdaşlığın möhkəm dayağına çevrilməlidir. Bu baxımdan Azərbaycan və Özbəkistan prezidentləri arasında qarşılıqlı etimad xüsusi rol oynayır. Dövlət başçıları arasında intensiv siyasi dialoq iki ölkənin münasibətlərində yeni dinamika yaradıb. Ali Dövlətlərarası Şuranın fəaliyyəti bu dialoqun institusional əsaslarını möhkəmləndirir. Şuranın üçüncü iclasının keçirilməsi isə artıq qəbul edilmiş qərarların ardıcıl şəkildə davam etdirildiyini və əməkdaşlığın sistemli xarakter aldığını göstərir.

Daşkənddə imzalanan sənədlər də bu sistemli yanaşmanın nəticəsidir. Müxtəlif sahələri əhatə edən razılaşmalar iki ölkənin qarşılıqlı fəaliyyət imkanlarını daha da genişləndirir. Ticarət, investisiya, turizm, mədəniyyət, sosial təminat və şəhərlərarası əməkdaşlıq kimi istiqamətlərin paralel inkişafı münasibətlərin hərtərəfli xarakter daşıdığını göstərir. Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcək potensialını müəyyənləşdirən əsas istiqamətlərdən biri nəqliyyatdır. Azərbaycan Şərqlə Qərb arasında mühüm bağlantı rolunu oynayır. Özbəkistanın Mərkəzi Asiyada yerləşən strateji mövqeyi isə bu əməkdaşlığa xüsusi əhəmiyyət verir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi ilə Mərkəzi Asiya məhsullarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün daha əlverişli şərait formalaşır.

Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanla Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan kimi səciyyələndirməsi mühüm strateji yanaşmadır. Azərbaycanın Xəzər üzərindən yaratdığı bağlantılar, müasir liman və dəmir yolu infrastrukturu, regionda formalaşan yeni nəqliyyat layihələri ölkəmizin bu prosesdə rolunu daha da artırır. Özbəkistanla əməkdaşlığın genişlənməsi həmin imkanların səmərəli istifadəsinə yeni stimul verir.

Münasibətlərin yalnız iqtisadi deyil, mənəvi ölçüsü də diqqət çəkir. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək bunun ən aydın nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi qardaş ölkənin Böyük Qayıdış prosesinə verdiyi töhfəni nümayiş etdirir. Qarabağda həyata keçirilən layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin çətin günlərdə də bir-birinə dayaq olan xalqların dostluğuna əsaslandığını göstərir.

Bu münasibətlərin siyasi-mənəvi dərinliyini iki ölkə prezidentlərinin təltif olunması mərasimi də nümayiş etdirdi. Prezident İlham Əliyevin “Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycan–Özbəkistan dostluğunun inkişafında onun xidmətlərinə verilən yüksək qiymətdir. Eyni zamanda, bu hadisə iki dövlət arasında münasibətlərin dövlət başçıları səviyyəsində necə yüksək dəyərləndirildiyini göstərən mühüm rəmzi məna daşıyır.

Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi isə strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından vacibdir. Turizm əlaqələrinin inkişafı, mədəni tədbirlərin keçirilməsi, şəhərlər arasında qardaşlıq münasibətlərinin qurulması və digər təşəbbüslər xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan verir. Dövlətlərarası münasibətlər nə qədər yüksək səviyyədə olsa da, onların uzunömürlü olması üçün cəmiyyətlərarası əlaqələrin də güclü olması vacibdir.

Daşkənddə baş tutan görüşlər və qəbul edilən qərarlar göstərir ki, Azərbaycan və Özbəkistan qarşılıqlı əməkdaşlığın yeni mərhələsində yalnız ikitərəfli nəticələrə deyil, regional imkanlara da diqqət yetirirlər. İki ölkənin potensialının birləşdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx iqtisadi əlaqələrin yaranmasına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə və yeni investisiya imkanlarının formalaşmasına xidmət edə bilər.

Prezident İlham Əliyevin bəyanatında ifadə olunan mövqedən görünür ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər artıq böyük perspektivlərin astanasındadır. Qarşılıqlı etimad, siyasi iradə və konkret fəaliyyət planı bu perspektivlərin əsas təminatıdır. Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinə baxarkən keçmişdən gələn qardaşlıqla gələcəyə yönəlmiş strateji baxışın vəhdətini görürük. Tarixi bağlar münasibətlərin mənəvi təməlini, siyasi etimad onun dayaqlarını, iqtisadi layihələr isə praktiki məzmununu formalaşdırır. Qarşıdakı dövrdə bu üç amilin daha sıx şəkildə birləşməsi Azərbaycan və Özbəkistanın regional proseslərdə rolunu daha da gücləndirəcək. Daşkənddən verilən mesaj əslində sadə və aydındır: Azərbaycan və Özbəkistan bir-birinin yanında olmaqla yanaşı, birlikdə daha böyük gələcək qurmaq niyyətindədirlər. Bu niyyətin arxasında möhkəm siyasi iradə, geniş iqtisadi potensial və xalqlarımızı birləşdirən sarsılmaz qardaşlıq dayanır.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.



Geri dön