Ana Sayfa > Siyasət > Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı

Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı


Bu gün, 10:29. Yazar: azer
Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı

Azərbaycanın xarici siyasəti milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi prinsipləri əsasında ardıcıl və çoxvektorlu şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasətdə dost və qardaş dövlətlərlə münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri tarixi, mədəni və mənəvi yaxınlığın müasir siyasi və iqtisadi maraqlarla uzlaşdığı nümunəvi tərəfdaşlıq modelidir. Bu gün Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasında və Avrasiya məkanında əməkdaşlığın inkişafının mühüm istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin möhkəm təməlini və gələcək imkanlarını aydın şəkildə ortaya qoyur. Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində qardaşlıq münasibətləri dövlətlərarası müttəfiqliyin konkret mexanizmləri ilə tamamlanıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, xüsusilə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin hüquqi-siyasi bazasını möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın fəaliyyəti də bu prosesin institusional dayağına çevrilib.
Ölkələrimiz arasında əlaqələr ayrı-ayrı təşəbbüslərdən ibarət deyil və uzunmüddətli strateji baxış əsasında inkişaf edən sistemli tərəfdaşlıq münasibətlərinə əsaslanır:. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artması münasibətlərin real iqtisadi məzmununu nümayiş etdirir.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, birgə sənaye layihələri, avtomobil istehsalı, energetika və nəqliyyat sahəsində əməkdaşlıq qarşılıqlı iqtisadi imkanların səfərbər edilməsinə xidmət edir. Münasibətlərin dərinliyi iqtisadi göstəricilərlə məhdudlaşmır. Füzulidə “Dostluq bağı”nın salınması, Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Bakıda “Özbəkistan” parkının yaradılması kimi təşəbbüslər əlaqələrin insan amili üzərində də möhkəmləndiyini göstərir.
Mədəniyyət, təhsil, media və QHT sahələrində əməkdaşlıq da xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı isə ikitərəfli münasibətlərin regional əhəmiyyətini artırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi mühüm hadisədir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə yüksəldiyini göstərir.
Nəqliyyat və logistika sahəsində perspektivlər də diqqət çəkir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi onları Şərqlə Qərb arasında yeni bağlantıların yaradılmasında təbii tərəfdaşlara çevirir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası əməkdaşlığın regional əhəmiyyətini daha da artıra bilər.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini nümayiş etdirən mühüm mexanizmlərdən biridir. Şuranın yaradılması ölkələrimiz arasında əməkdaşlığın ayrı-ayrı sahələr üzrə deyil, kompleks və uzunmüddətli yanaşma əsasında koordinasiya edilməsinə imkan verir.
Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi investisiya layihələri də qarşılıqlı iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” layihəsinin həyata keçirilməsi Azərbaycan kapitalının Mərkəzi Asiya bazarında fəallaşmasının göstəriciləridir.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin daha strateji xarakter daşıyan istiqamətlərindən biridir. SOCAR və Özbəkistanın müvafiq enerji qurumları arasında yaradılan birgə müəssisələr neft-qaz sektorunda texnoloji və istehsal əməkdaşlığını gücləndirir.
Turist səfərlərinin artması Azərbaycan–Özbəkistan münasibətlərinin xalqlar səviyyəsində də dərinləşdiyini göstərən mühüm göstəricidir. 2024-cü ildə Azərbaycana 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin ilk səkkiz ayında isə 44 min Özbəkistan vətəndaşının səfər etməsi turizm əlaqələrinin yüksələn dinamikasını nümayiş etdirir.
Bununla yanaşı, şəhərlər arasında qardaşlaşma təşəbbüsləri münasibətlərin regional səviyyədə möhkəmlənməsinə imkan yaradır. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülüstan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq əlaqələri xalqların birbaşa təmaslarını genişləndirən mühüm diplomatik
Azərbaycan və Özbəkistanın münasibətləri ikitərəfli çərçivə ilə məhdudlaşmır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatında fəal mövqeyi türk dünyasında inteqrasiya proseslərinə mühüm təsir göstərir.
Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi keçmişin ortaq dəyərlərini gələcəyin konkret layihələri ilə birləşdirən münasibətlər modelidir. Bu model iki qardaş xalqın rifahı ilə yanaşı, Türk dünyasının birliyinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə və Avrasiya məkanında sülh və tərəqqiyə xidmət edir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Geri dön