Ana Sayfa > Özəl > Laçın – Zəfərdən dirçəlişə uzanan yol

Laçın – Zəfərdən dirçəlişə uzanan yol


Bu gün, 18:15. Yazar: azer
Laçın – Zəfərdən dirçəlişə uzanan yol

Azərbaycanın şanlı Zəfər tarixində Laçının özünəməxsus və mühüm yeri vardır. Uzun illər işğal altında qalan bu qədim torpağın azad edilməsi xalqımızın tarixi ədalət uğrunda apardığı mübarizənin məntiqi nəticəsi, dövlətimizin qətiyyətli siyasətinin və Azərbaycan Ordusunun gücünün parlaq göstəricisi oldu. Bu gün Laçının adı yalnız Qələbə ilə deyil, həm də sürətli quruculuq, Böyük Qayıdış və yeni həyatla assosiasiya olunur.
Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi yaratdı. 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi və siyasi strategiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolu müəyyənləşdirdi. Qələbənin əldə olunmasında Azərbaycan xalqının sarsılmaz həmrəyliyi, Ordumuzun döyüş ruhu və şəhidlərimizin qəhrəmanlığı mühüm rol oynadı.
2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması bu tarixi prosesin mühüm mərhələlərindən biri oldu. Lakin Laçınla bağlı ən mühüm hadisələrdən biri də 2022-ci il avqustun 26-da baş verdi. Həmin tarixdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Beləliklə, Laçın rayonunun Azərbaycanın tam nəzarətinə keçməsi təmin edildi və rayonun yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Laçının azadlığı xalqımız üçün həm siyasi, həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki bu torpaq Azərbaycanın milli yaddaşının ayrılmaz hissəsidir. Laçın illər ərzində öz doğma yurdlarından ayrı düşmüş insanların qəlbində yaşatdığı böyük bir həsrətin ünvanı idi. Onların ən böyük arzusu doğma evlərinə qayıtmaq, uşaqlıq xatirələrinin yaşadığı küçələrdə yenidən addımlamaq, ata-baba yurdlarında yeni həyat qurmaq idi.
Bu gün həmin arzular reallığa çevrilir.
Laçında aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yolların və kommunal infrastrukturun yaradılması, yaşayış binalarının, sosial obyektlərin, məktəblərin və digər zəruri müəssisələrin istifadəyə verilməsi Laçının gələcəyinə hesablanmış böyük dövlət layihələrinin tərkib hissəsidir.
Laçının bərpasında əsas məqsəd yalnız dağıdılmış tikililəri yenidən inşa etmək deyil. Burada insanların rahat, təhlükəsiz və firavan yaşaması üçün müasir həyat şəraitinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu baxımdan Laçında aparılan işlər Böyük Qayıdışın mahiyyətini özündə əks etdirir. İnsanların doğma torpaqlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılması təmin edilir.
Laçının gələcək inkişafında onun zəngin təbii potensialı da mühüm rol oynayacaq. Füsunkar dağ mənzərələri, meşələri, çayları, mineral suları və əlverişli coğrafi mövqeyi rayonun turizm imkanlarını genişləndirir. Laçının təbiəti burada ekoturizmin, dağ turizminin və digər turizm istiqamətlərinin inkişafı üçün böyük imkanlar yaradır. Bu potensialdan səmərəli istifadə şəhərin iqtisadi inkişafına və regionda yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verə bilər.
Eyni zamanda, Laçının yenidən qurulması Azərbaycanın mədəni irsinin qorunması baxımından da böyük əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur ərazilərində olduğu kimi, Laçında da tarixi-mədəni irsin bərpası, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi diqqət mərkəzindədir. Çünki işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi yalnız iqtisadi və sosial layihə deyil, həm də milli yaddaşın bərpası prosesidir.
Laçın şəhərinin yenidən həyatla dolması Azərbaycanın Böyük Qayıdış siyasətinin real nəticələrini nümayiş etdirir. Doğma yurda qayıdan insanların öz evlərində yeni həyata başlaması, uşaqların bu torpaqlarda böyüməsi, təhsil alması və gələcəklərini burada qurması Qələbənin ən böyük mənəvi nəticələrindəndir. Bu mənzərə uzun illər yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşdiyini göstərir.
Laçın həm də Azərbaycan dövlətinin gücünün və quruculuq əzminin rəmzinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsi dövlətimizin iqtisadi imkanlarının, siyasi iradəsinin və gələcəyə baxışının göstəricisidir. Bu gün azad edilmiş torpaqlarda yaradılan müasir şəhərlər Azərbaycanın yeni inkişaf modelinin mühüm nümunələrini formalaşdırır.
Laçının dirçəlişi bir həqiqəti də aydın şəkildə göstərir: Azərbaycan yalnız öz torpaqlarını azad etməklə kifayətlənmir, həmin əraziləri yenidən həyata qaytarır. İşğalın dağıtdığı məkanlarda həyat yenidən qurulur, insanların gələcəyə inamı möhkəmlənir. Bu proses Azərbaycanın Zəfərinin hərbi meydandan quruculuq meydanına keçən yeni mərhələsini əks etdirir.
Bu gün Laçın şəhəri Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin simvollarından biridir. Şəhərin hər bir küçəsində aparılan abadlıq işləri, yenidən salınan yaşayış məhəllələri, qayıdan sakinlərin səsi və burada qurulan yeni həyat Azərbaycanın Böyük Qələbəsinin canlı mənzərəsidir.
26 Avqust – Laçın Şəhəri Günü də məhz bu baxımdan xüsusi məna daşıyır. Bu tarix Laçının azadlığını, dirçəlişini və gələcəyə inamını özündə birləşdirir. Laçın bundan sonra Azərbaycanın sürətlə inkişaf edən, müasir və abad şəhərlərindən biri kimi öz layiqli yerini daha da möhkəmləndirəcək.
Laçının keçmişi qəhrəmanlıq, bu günü Zəfər və quruculuq, gələcəyi isə böyük inkişaf perspektivləri ilə səciyyələnir. Bu qədim şəhərdə yenidən qurulan həyat Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və Zəfərimizin əbədiliyinin ən parlaq ifadələrindən biridir.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Geri dön