Ana Sayfa > Siyasət > Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir

Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir


Bu gün, 13:37. Yazar: azer
Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəində səsləndirdiyi fikirlər iki ölkə arasındakı əlaqələrin hazırkı və gələcək inkişaf istiqamətləri ilə bağlı sözün əsl mənasında "Yol Xəritəsi"dir.
Ölkə başçısı müsahibəsinin girişində vurğuladı ki, iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni mərhələyə qədəm qoyub. Digər tərəfdən, iki ölkə rəhbəri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Bu da təbii qanunauyğunluqdur.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyaların artırılması, biznes dairələri və regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə nəqliyyat və tranzit sahəsi iki ölkənin strateji maraqlarının kəsişdiyi əsas istiqamətlərdən biridir. Azərbaycan özünün əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu vasitəsilə Özbəkistanın beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsində mühüm rol oynaya bilər. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi Azərbaycan üçün həmin regionla əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm tərəfdaşdır.
Ölkə başçısının da qeyd etdiyi kimi qardaş dövlətin başçısı prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb. Ölkələrimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Son illərdə ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.
Ölkə başçısı müsahibədə bildirib ki, iqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

Digər tərəfdən, Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

Cənab prezidentin də məlum müsahibədə vurğuladığı kimi, Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir:

"İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib".
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Azərbaycan və Özbəkistan münasibətlərinin əsas üstünlüyü ondan ibarətdir ki, bu əlaqələr yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, konkret layihələr və praktiki nəticələrlə zənginləşir. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivliyi əhəmiyyətli dərəcədə artıb və münasibətlər ən yüksək səviyyə olan müttəfiqlik mərhələsinə yüksəlib. Prezident İlham Əliyev də səfər ərəfəsindəki müsahibəsində son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfər və sıx təmasların həyata keçirildiyini qeyd etmişdi.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Geri dön