Ana Sayfa > Manşet / Siyasət > Azad Laçın quruculuq və qayıdış ünvanıdır
Azad Laçın quruculuq və qayıdış ünvanıdırBu gün, 11:59. Yazar: azer |
![]() 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birini təşkil etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq prosesinin nəticələrini nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyət daşıyır. Laçın bu gün təkcə azad edilmiş şəhər kimi deyil, həm də Böyük Qayıdışın, müasir şəhərsalmanın, yaşıl enerjinin, iqtisadi fəallığın və turizmin bir arada inkişaf etdiyi yeni məkan kimi diqqət çəkir. Laçının bugünkü mənzərəsi uzun illər əvvəlki dağıntılarla tamamilə ziddiyyət təşkil edir. Vaxtilə işğalın ağır nəticələrinə məruz qalan şəhər və rayon bu gün yeni yaşayış məhəllələri, sosial obyektlər, istehsal müəssisələri, yollar, enerji infrastrukturu və turizm məkanları ilə yenidən qurulur. Bu prosesin mərkəzində isə doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıtması dayanır. Laçın 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin şəhərə çevrilməsi ilə şəhər statusu qazanmışdır. 1930-cu il avqustun 8-də rayon inzibati ərazi vahidi kimi təşkil olunub və Laçın şəhəri rayonun mərkəzi müəyyən edilmişdir. Rayonun əlverişli coğrafi mövqeyi və zəngin təbii ehtiyatları ona Azərbaycanın iqtisadi və strateji xəritəsində xüsusi yer qazandırmışdır. Lakin 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin və rayonun həyatını kökündən dəyişmişdir. Əhali doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş, yaşayış məntəqələri dağıdılmış, sosial-iqtisadi infrastruktur və tarixi-mədəni irs ağır zərər görmüşdür. İşğal illərində Laçının demoqrafik, tarixi və mədəni simasının dəyişdirilməsinə yönəlmiş qanunsuz siyasət həyata keçirilmişdir. 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının işğaldan azad edilməsi prosesi tam başa çatdı. Məhz bu səbəbdən 26 avqust Laçın şəhərinin azadlığı ilə yanaşı, onun yenidən qurulmasının və sakinlərinin doğma torpaqlarına qayıdışının başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi də bu tarixi hadisənin dövlət və cəmiyyət həyatındakı əhəmiyyətinin göstəricisidir. Laçının bərpasında diqqət çəkən əsas məqam müasir və dayanıqlı şəhər kimi qurulmasıdır. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Burada yaşayış məhəllələrinin, sosial obyektlərin, ictimai məkanların, nəqliyyat infrastrukturunun və turizm obyektlərinin bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. Baş Planda “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmaya əsasən sakinlərin gündəlik ehtiyac duyduğu əsas xidmətlərə və obyektlərə qısa məsafədə çatması təmin edilir. Beləliklə, Laçında yalnız yeni binalar deyil, insanların rahat yaşayışı üçün bütöv şəhər ekosistemi yaradılır. Şəhərdə xəstəxana, məktəblər, uşaq bağçaları, peşə təhsili müəssisəsi, mədəniyyət obyektləri və turizm infrastrukturu yaradılması da bu konsepsiyanın tərkib hissəsidir. Laçının dirçəlişinin ən mühüm göstəricisi insanların doğma yurda qayıtmasıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların şəhərə köçürülməsinə başlanılıb. Uzun illərdən sonra doğma şəhərinə qayıdan ailələr üçün yeni və ya bərpa edilmiş evlər, məktəblər, tibb və sosial xidmətlər, kommunal infrastruktur yaradılıb. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərində də yeni yaşayış məhəllələrinin salınması Böyük Qayıdışın coğrafiyasını genişləndirir. Bu yaşayış məntəqələrində yalnız evlər deyil, məktəblər, bağçalar, tibb məntəqələri, klub-icma mərkəzləri, parklar və digər sosial obyektlər də yaradılır. Beləliklə, Böyük Qayıdış yalnız insanların fiziki olaraq doğma torpaqlara qayıtması deyil, həmin ərazilərdə davamlı və rahat həyatın qurulması prosesidir. Laçının dirçəlişində nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Kəlbəcər-Laçın avtomobil yolunun inşası regionun rayonlararası əlaqələrinin daha da yaxşılaşdırılmasına imkan verəcək. Bununla yanaşı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını yeni mərhələyə yüksəldib. Bu hava limanı dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşir. Müasir uçuş-enmə zolağı və terminal infrastrukturu ilə təchiz edilmiş aeroport Laçının və bütövlükdə Qarabağın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına xidmət edir. Hava limanının Şuşa və Kəlbəcərə yaxınlığı onun regional əhəmiyyətini daha da artırır. Bu obyekt gələcəkdə turizm, biznes və beynəlxalq əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq. Böyük Qayıdışın davamlı xarakter alması üçün insanların yaşayışla yanaşı, işlə təmin olunması da vacibdir. Bu məqsədlə Laçında müxtəlif istehsal və xidmət müəssisələri yaradılır. Laçın Aqro-Sənaye Parkı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkda gələcəkdə onlarla müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel, yeyinti, yüngül sənaye, balıqçılıq və digər istehsal sahələrinin yaradılması rayonun iqtisadi həyatının canlanmasına xidmət edir. Mebel fabriki, ayaqqabı və tikiş müəssisələri, prefabrik ev istehsalı sahəsi və digər müəssisələr artıq yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu müəssisələrdə yerli sakinlərin işlə təmin olunması isə iqtisadi inkişafla Böyük Qayıdış arasında birbaşa əlaqə yaradır. İnsanların öz doğma torpaqlarında yaşaması ilə yanaşı, burada işləməsi və gəlir əldə etməsi dayanıqlı məskunlaşmanın əsas şərtlərindəndir. Laçında həyata keçirilən bəzi layihələr bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təsir göstərəcək. 2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı layihəsi də belə strateji layihələrdəndir. 100 milyon kubmetr ümumi tutuma malik su anbarı və uzunluğu 172 kilometrə yaxın magistral boru kəmərinin yaradılması nəzərdə tutulur. Layihənin Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının içməli su təminatına mühüm töhfə verməsi gözlənilir. Bu layihə Laçının regionun su, enerji və infrastruktur təhlükəsizliyində rolunun gələcəkdə daha da artacağını göstərir. 26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan həm Zəfərin, həm qayıdışın, həm də quruculuğun rəmzidir. Laçının keçdiyi yol Azərbaycanın müasir tarixinin mühüm bir modelini - işğalın yaratdığı dağıntıların yerində həyatın yenidən qurulması, doğma yurda qayıdışın təmin edilməsi və həmin ərazilərin gələcəyə hesablanmış inkişaf məkanlarına çevrilməsi amilini ortaya qoyur. Dağları, meşələri, çayları, yeni salınan küçələri, məktəbləri, müəssisələri və qayıdan sakinləri ilə şəhər yenidən öz həyat ritmini bərpa edir. Laçının yeni siması Zəfərin yaratdığı imkanların, dövlət siyasətinin və Böyük Qayıdışın real nəticələrinin parlaq təcəssümüdür. Bədəl Bədəlov Milli Məclisin deputatı Geri dön |