Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Laçın şəhəri günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq üçün əlamətdar tarixdir”

Tamam Cəfərova: “Laçın şəhəri günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq üçün əlamətdar tarixdir”


Bu gün, 10:32. Yazar: azer
Tamam Cəfərova: “Laçın şəhəri günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq üçün əlamətdar tarixdir”

“26 avqust Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası tarixində mühüm mərhələlərdən birini əks etdirən əlamətdar gündür. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarət bərpa edildi. Laçının İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə belə atılmadan, Azərbaycana qaytarılması Vətən müharibəsində əldə olunan Zəfərin yaratdığı yeni reallıqların mühüm nəticələrindən biri oldu. Beləliklə, 30 illik işğala son qoyulduqdan sonra Laçın yenidən Azərbaycanın ayrılmaz hissəsinə çevrildi və şəhərin tarixində yeni inkişaf mərhələsi başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sözügedən Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu tarix həm Laçının azadlığının rəmzi, həm də şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin başlanğıc nöqtələrindən biri kimi xüsusi məna daşıyır.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Laçın Azərbaycan üçün yalnız coğrafi ərazi deyil, həm də strateji əhəmiyyətə malik tarixi məkandır: “Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 18-də işğal edilən Laçın rayonu uzun illər ərzində ağır dağıntılara və vandalizmə məruz qaldı. İşğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Rayonun sosial, iqtisadi və mədəni infrastrukturu demək olar ki, tamamilə dağıdıldı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə idarə və müəssisə, ticarət və rabitə obyektləri talan və məhv edildi, çoxsaylı tarixi-mədəni abidələr vandalizmə məruz qaldı. Laçının işğalı keçmiş Qarabağ münaqişəsinin gedişində xüsusi strateji əhəmiyyət daşıyırdı. Həmin dövrdə hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün fəaliyyəti nəticəsində ölkədə yaranmış siyasi böhran və hərbi-siyasi zəiflik Azərbaycanın mühüm ərazilərinin itirilməsinə şərait yaratdı. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına imkan verdi. Bu baxımdan Şuşa və Laçının itirilməsi sonrakı işğalların və Azərbaycanın üzləşdiyi ağır nəticələrin başlanğıc nöqtələrindən biri oldu. Lakin 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Laçının taleyində də yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdi. Məhz buna görə 26 avqust Laçın şəhərinin azadlıq günü olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesində mühüm tarixi mərhələ kimi yadda qaldı. Bu gün Laçında görülən işlər göstərir ki, Azərbaycanın məqsədi yalnız ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşmır. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması, burada müasir yaşayış və infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir.”

Millət vəkilinin sözlərinə görə, Laçının yeni inkişaf modelinin mühüm elementlərindən biri də Laçın Beynəlxalq Hava Limanıdır: “Təməli 2021-ci ildə qoyulan hava limanının açılışı 28 may 2025-ci ildə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Qorçu kəndi yaxınlığında, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəklikdə yerləşən aeroportudur. 130 hektardan çox ərazini əhatə edən hava limanı Laçın, Şuşa və Kəlbəcərlə əlçatanlığın artırılmasına, Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, həmçinin regionun turizm potensialının inkişafına xidmət edir. Laçında quruculuğun ən mühüm göstəricilərindən biri isə insanların doğma yurda qayıdışıdır. 2023-cü ilin mayından etibarən laçınlıların mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdışı başlanıb. Bu proses artıq Laçının yenidən yaşayış məkanına çevrildiyini göstərir. 2026-cı ilin avqust ayına olan məlumatlara əsasən, Laçın rayonunda 979 ailənin – ümumilikdə 3665 nəfərin daimi məskunlaşması təmin edilib. Onlardan 614 ailə, yəni 2264 nəfər Laçın şəhərində, 217 ailə – 823 nəfər Zabuxda, 59 ailə – 215 nəfər Susda, 89 ailə – 363 nəfər isə Bəylik kəndində məskunlaşıb. Beləliklə, Laçın bu gün keçmişin ağır izlərini özündə daşıyan şəhərdən gələcəyə inamla baxan müasir yaşayış məkanına çevrilir. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilən şəhərdə bu gün yeni yollar, yaşayış kompleksləri, sosial obyektlər və müasir infrastruktur qurulur. Laçının simasında Azərbaycanın Böyük Qayıdış siyasətinin real nəticələri aydın şəkildə görünür. 26 Avqust – Laçın şəhəri günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq üçün əlamətdar tarixdir. Bu gün Laçın artıq işğal və məcburi köçkünlük anlayışları ilə deyil, azadlıq, qayıdış, quruculuq və inkişaf anlayışları ilə assosiasiya olunur. Laçının dirçəlişi Azərbaycanın hərbi Zəfərinin davamında əldə etdiyi quruculuq Zəfərinin parlaq nümunəsidir.”
Geri dön