Ana Sayfa > Siyasət > Azərbaycanla Özbəkistan arasındakı səmimi münasibətlər sarsılmaz dostluğun və qardaşlığın təzahürüdür
Azərbaycanla Özbəkistan arasındakı səmimi münasibətlər sarsılmaz dostluğun və qardaşlığın təzahürüdürBu gün, 16:59. Yazar: azer |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkənin həyatında yeni bir tarix yazdı. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu göstərir. Bundan başqa, səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi «Əbədi dostluq haqqında Müqavilə»nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir. Bu müqavilədə diqqət çəkən məqamlardan biri də tərəflərin öz ərazilərinin digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə olunmasına yol verməmək öhdəliyidir. Bu yanaşma qarşılıqlı etimadın və siyasi həmrəyliyin institusional səviyyədə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sənədin başqa bir mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir. Azərbaycan və Özbəkistan münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqliklərini ifadə edirlər. Bu, iki ölkənin beynəlxalq məsələlərdə mövqelərinin yaxınlığını və çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarının genişlənəcəyini göstərən müddəalardan biridir. Xüsusi vurğulamaq lazımdır ki, sənədin əhatə dairəsi isə siyasi məsələlərlə bitmir. Əksinə, müqavilənin ən mühüm xüsusiyyətlərindən biri iqtisadi və praktiki əməkdaşlığın çoxsaylı istiqamətlərini özündə birləşdirməsidir. Bu baxımdan sənəd Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək iqtisadi modelini də müəyyən mənada ortaya qoyur. Əməkdaşlığın yalnız ənənəvi ticarət dövriyyəsi ilə məhdudlaşdırılmaması, yeni texnologiyalar və innovativ sahələrin də münasibətlərin əsas istiqamətlərindən birinə çevrilməsi diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət və kosmik texnologiyaların sənəddə ayrıca qeyd olunması gələcək əməkdaşlığın daha yüksək texnologiyalı sahələrə doğru genişlənəcəyindən xəbər verir. İki ölkə arasında iqtisadi-ticari əlaqələr son dövrlərdə misli görünməmiş artım göstəriciləri ilə diqqət çəkir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatmışdır. 2026-cı ilin ilk beş ayında isə bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 33 faiz yüksələrək 144 milyon dollar təşkil etmişdir. Bu rəqəmlər iqtisadi əməkdaşlığın durmadan genişləndiyini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın dərinləşdiyini açıq şəkildə sübut edir. İnvestisiya sahəsində də mühüm addımlar atılmış, üç il əvvəl ümumi kapitalları 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılmışdır. Bu şirkət hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsinə və icrasına əhəmiyyətli töhfə verir. Hökumətlərarası Komissiyanın bu günə qədər keçirdiyi on beş iclas iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin sistemli xarakterini və qarşılıqlı etimadı əks etdirir. Sonuncu iclas Daşkənddə baş tutmuş və mövcud vəziyyət, nailiyyətlər və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə olunmuşdur. Energetika sektoru əməkdaşlığın ən dinamik inkişaf edən sahələrindən biridir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən Bakıda «Yaşıl Dəhliz Birliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin icrasını, bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqlini və ixracını əlaqələndirmək məqsədi daşıyır. İqtisadi əməkdaşlığın digər mühüm istiqamətləri arasında işğaldan azad edilmiş Füzuli rayonunda salınmış 100 hektarlıq «Dostluq bağı» nar bağı, həmçinin «Chevrolet» və «Isuzu» markalı avtomobil və avtobusların istehsalı üzrə birgə layihələr xüsusi qeyd olunmalıdır. Azərbaycan şirkətləri də Özbəkistanda iri layihələr reallaşdırır, o cümlədən Daşkənddə «The Ritz-Carlton» brendi altında inşa edilən hotel-yaşayış kompleksi və Daşkənd vilayətindəki «Sea Breeze Uzbekistan» turizm mərkəzi bu əməkdaşlığın parlaq nümunələrindəndir. İki ölkənin iqtisadi potensialı bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkan yaradır. Mədəni-humanitar əlaqələr də son illərdə xüsusi inkişaf yolu keçmişdir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi etmiş, həmin il Xivə şəhərində «Şuşa Günləri» təşkil olunmuşdur. Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması iki xalq arasındakı mənəvi bağın əyani təzahürüdür. Bakının mərkəzində 5 hektar ərazidə salınacaq «Özbəkistan» parkı isə qardaşlığın daha bir simvoluna çevriləcəkdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüslər də bu əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. İsmayıl İbrahimov, YAP Hacıqabul rayon təşkilatının sədri Geri dön |