Ana Sayfa > Siyasət > “Azərbaycan” Daşkənddə, “Özbəkistan” Bakıda - Paytaxtlarda nə qurulur?

“Azərbaycan” Daşkənddə, “Özbəkistan” Bakıda - Paytaxtlarda nə qurulur?


Bu gün, 16:14. Yazar: vasif
“Azərbaycan” Daşkənddə, “Özbəkistan” Bakıda - Paytaxtlarda nə qurulur?


Özbəkistanın paytaxtında Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin daha bir rəmzi yaradılır. Yeni Daşkənddə 4 hektar ərazidə “Azərbaycan” parkının salınmasına başlanılıb.

aia.az xəbər verir ki, avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənddə şəhərin inkişaf layihələri ilə tanış olub, yeni kampusun açılışında iştirak edib və gələcək “Azərbaycan” parkının təməlini qoyublar.

Dövlət başçıları Yeni Daşkəndin Baş Planı, burada aparılan tikinti işləri, nəqliyyat və mühəndis infrastrukturu, eləcə də şəhərin gələcək inkişaf perspektivləri barədə məlumatlandırılıblar.

Yeni Daşkənd 20 min hektarlıq ərazidə inşa edilir. Perspektivdə şəhərdə 2 milyon insanın yaşaması nəzərdə tutulur. 2034-cü ilədək burada 200 min mənzilin tikilməsi planlaşdırılır.

Layihənin ilk mərhələsi 6 min hektarı əhatə edir. Bu ərazidə yaşayış kompleksləri ilə yanaşı, sosial və biznes obyektləri, təhsil və mədəniyyət müəssisələri yaradılır.

Yeni Daşkəndin konsepsiyasında “yaşıl şəhər” və enerji səmərəliliyi prinsiplərinə xüsusi diqqət yetirilir. Mühəndis kommunikasiyalarının yeraltı yerləşdirilməsi, enerjiyə qənaət edən texnologiyalardan istifadə, geniş yaşıllıq zonalarının və ictimai məkanların yaradılması nəzərdə tutulur.

Paytaxtın mövcud hissəsi ilə nəqliyyat əlaqəsinin yeni körpülər, metro xətti, piyada və velosiped yolları vasitəsilə təmin edilməsi planlaşdırılır. İlham Əliyev və Şavkat Mirziyoyev həmçinin Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin Yeni Daşkənddə inşa edilən yeni kampusunun açılışında iştirak ediblər.

40 hektar ərazidə iki mərhələdə yaradılan kampus 20 min tələbə üçün tədris binalarını və 5 min nəfərlik yataqxananı əhatə edəcək. İlk mərhələdə 12 min tələbə üçün beşmərtəbəli tədris korpusu və müasir laboratoriya kompleksi istifadəyə verilib. Kampusda Nizami Gəncəvinin muzeyi və universitetin tarix muzeyinin də fəaliyyət göstərməsi nəzərdə tutulur.Nizami adına universitetin tarixi 1935-ci ildən başlayır. 1947-ci ildə ali məktəbə Nizami Gəncəvinin adı verilib, 1998-ci ildən isə fəaliyyətini Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi davam etdirib.

Hazırda universitetdə 17 mindən çox tələbə, magistrant və müstəqil tədqiqatçı təhsil alır. Burada 730-a yaxın müəllim və elmi-pedaqoji əməkdaş çalışır. Universitetdə 13 xarici ölkənin 250-yə yaxın vətəndaşı da təhsil alır. Ali məktəb 20 ölkənin 127 universiteti, eləcə də UNESCO və UNICEF ilə əməkdaşlıq edir. Universitetdə 12 birgə təhsil proqramı həyata keçirilir. Burada Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çinin beynəlxalq təhsil-mədəniyyət mərkəzləri də fəaliyyət göstərir.

Azərbaycanla əlaqələr isə ayrıca istiqamət təşkil edir. Universitet bir sıra Azərbaycan ali məktəbləri ilə əməkdaşlıq edir. Bundan başqa, Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin ilk beş məzunu bu universitetdə qrant hesabına təhsil almaq hüququ əldə edib.

Bakıda “Özbəkistan” parkı ilə qardaş layihə
Yeni Daşkənddə salınacaq “Azərbaycan” parkı iki ölkə arasında qarşılıqlı mədəni layihənin bir hissəsidir. Prezidentlər parkın ərazisində simvolik kapsullar yerləşdirərək layihəyə start veriblər. 4 hektarlıq ərazidə Azərbaycan xalqının mədəniyyəti, tarixi və milli ənənələrini əks etdirən ictimai məkan yaradılacaq. Layihənin Bakıda salınan “Özbəkistan” parkının analoqu olması nəzərdə tutulur.

Bakıdakı “Özbəkistan” parkı şəhərin müasir urbanizm layihələrindən biri olan “Ağ şəhər” ərazisində, təxminən 4,5 hektar sahədə yaradılır. Parkda Özbəkistanın xəritəsi formasında landşaft konsepsiyasının tətbiqi, muzey, kinoteatr, amfiteatr, qüllə, milli mətbəx nümunələrinin təqdim ediləcəyi restoran və kafelər, ticarət zonaları, suvenir mağazaları, zoopark və mehmanxananın yaradılması planlaşdırılır. Beləliklə, Bakı və Yeni Daşkənddə yaradılan iki park yalnız istirahət məkanı deyil, həm də Azərbaycan-Özbəkistan münasibətlərinin tarixini, mədəniyyətini və milli dəyərlərini təqdim edən xüsusi ictimai-mədəni məkan olacaq.

İki ölkənin paytaxtlarında qarşılıqlı olaraq bu cür parkların yaradılması son illərdə sürətlə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər. Bir tərəfdə Azərbaycan mədəniyyətini Daşkənddə tanıdan 4 hektarlıq park, digər tərəfdə Özbəkistanın tarixini və milli irsini Bakıda təqdim edəcək 4,5 hektarlıq park yaradılır. Bu layihələr dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, xalqlar arasında humanitar və mədəni bağların da yeni məkanlarla möhkəmləndirildiyini göstərir.

Tanınmış memar və professor Cahid Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, böyük paytaxt şəhərlərində parkların yaradılması ümumiyyətlə, memarlıq və şəhərsalma ənənəsinin bir hissəsidir. Müasir dövrdə isə bütün dünyanın üzləşdiyi yaşıllıq çatışmazlığı və urbanizasiya problemləri fonunda parkların qarşılıqlı yaradılması, bir növ, yeni şəhərsalma yanaşmasına çevrilir:

“Burada söhbət həm də memarlıq və şəhərsalma baxımından yeni yanaşmadan gedir. Bir ölkə digərinin paytaxtında öz milli üslubunu əks etdirən yaşıl məkan yaradır. Bu baxımdan Azərbaycan və Özbəkistanın paytaxtlarında qarşılıqlı parkların salınması çox maraqlı və müsbət təşəbbüsdür. Paytaxtlara axının çox olması ilə əlaqədar insanların böyük şəhərlərdə məskunlaşması bütün dünyada ciddi urbanizasiya problemi yaradıb. Şəhərlərin sıxlığı getdikcə artır. Buna görə də yaşıl şəhərlər, parklar, seyrəngahlar, xiyabanlar və gəzinti məkanlarının rolu daha da artır.Bu kontekstdə parkların yaradılması yalnız qardaşlaşmış paytaxtlar arasında deyil, ümumilikdə türkdilli ölkələr arasında memarlıq və şəhərsalma sahəsində təcrübə mübadiləsinə də imkan yaradır. Burada gözəl memarlıq nümunələri, milli üslubu əks etdirən dizayn elementləri, insanların asudə vaxtını keçirməsi üçün rahat məkanlar yaradılmalıdır. Mənim fikrimcə, belə layihələrdə milli üslubun qorunması xüsusilə vacibdir. Azərbaycan memarlığı sovet dövründə belə öz milli üslubunu müəyyən qədər qoruyub saxlaya bilib. İndi isə müstəqillik dövründə, müasir memarlıq yanaşmaları tətbiq olunmaqla yanaşı, klassik memarlıq ənənələrimizə, memarlıq incilərinə, ornamentlərə, oymalara və milli naxışlara istinad etmək çox önəmlidir. İstərdim ki, Yeni Daşkənddə salınacaq “Azərbaycan” parkı da məhz bu prinsiplər əsasında, müasir üslubla milli memarlıq elementlərinin sintezi əsasında formalaşsın. Düşünürəm ki, layihədə bu yanaşma nəzərə alınacaq. Son dövrlərdə təqdim olunan bir sıra layihələrdə də milli memarlıq elementlərinin müasir dizaynla birləşdirilməsini müşahidə edirik”.

Memarın sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, bu parklar şəhərlərin və ölkələrin bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir: “Burada yalnız dekorativ elementlərin – fəvvarələrin, işıq dirəklərinin və digər şəhər infrastrukturu nümunələrinin yerləşdirilməsi ilə kifayətlənmək düzgün olmazdı. Hər iki xalqın tarixini, mədəniyyətini və milli dəyərlərini əks etdirən sosial xarakterli heykəllərin, abidələrin və kompozisiyaların olması çox yaxşı olardı. Məsələn, Daşkəndə gələn azərbaycanlılar, Azərbaycana gələn özbək qardaşlarımız və dünyanın müxtəlif ölkələrindən gələn turistlər parkda təkcə istirahət etməməli, həm də Azərbaycan və Özbəkistanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı əldə etməlidirlər.Müasir dövrdə parklarda informasiya panellərinin və monitorların yerləşdirilməsi geniş yayılır. Mən hesab edirəm ki, parklar yalnız fəvvarəyə baxmaq, istirahət etmək, dondurma yemək və ya asudə vaxt keçirmək üçün nəzərdə tutulmamalıdır. Onlar eyni zamanda maarifləndirici funksiya da daşımalıdır. Təsəvvür edin ki, insan parkda iki-üç saat vaxt keçirir. Bu müddətin heç olmasa bir saatını həmin ölkənin tarixi, xalçaçılığı, memarlığı, musiqisi və mədəniyyəti haqqında məlumat əldə etməyə sərf edə bilər. Bunun üçün müxtəlif formatlardan istifadə etmək mümkündür. Məsələn, Azərbaycan xalçaçılığını əks etdirən sosial heykəl kompozisiyası yaradıla bilər. Xalça toxuyan qadın obrazı təsvir olunur, yanında isə Azərbaycan xalçalarının tarixi, müxtəlif xalça məktəbləri və onların xüsusiyyətləri barədə məlumat verilir. Belə yanaşma parkı sadəcə istirahət məkanı deyil, həm də açıq səma altında fəaliyyət göstərən tarixi-mədəni muzeyə çevirə bilər. İnsan muzey binasına daxil olmadan, parkda gəzərək Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış ola bilər. Bu, xüsusilə turistlər baxımından əhəmiyyətlidir. Çünki hər turist muzeyə getmir. Amma parkdan keçən, orada gəzən, idman edən və ya sadəcə istirahət edən insanların sayı çox olur. Ona görə də belə məkanlarda düzgün qurulmuş informasiya və heykəltəraşlıq kompozisiyaları böyük maarifləndirici əhəmiyyət daşıya bilər”.

C. Həsənov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı və irsi Yeni Daşkənddə salınacaq “Azərbaycan” parkının əsas konsepsiyalarından birinə çevrilə bilər:

“Parkda Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş bədii kompozisiyalar, onun “Xəmsə”sinə daxil olan əsərlərin motivlərini əks etdirən heykəllər, informasiya panelləri və interaktiv təqdimatlar yerləşdirmək mümkündür. Təklifim Nizami Gəncəvinin büstünün və heykəlinin, eləcə də onun əsərlərindəki qəhrəmanların heykəl kompozisiyalarının ucaldılması ilə bağlıdır. Memarlıqda və şəhər mədəniyyətində ən güclü təsir vasitəsi məhz belə heykəllər və abidə kompleksləridir. Beləliklə, Yeni Daşkənddəki “Azərbaycan” parkı sadəcə bir yaşıllıq və istirahət məkanı deyil, Azərbaycanın tarixini, milli memarlığını, ədəbiyyatını, incəsənətini və mədəniyyətini təqdim edən açıq səma altında mədəniyyət məkanı kimi formalaşa bilər. Bu, həm Azərbaycan, həm də Özbəkistan üçün çox mühüm layihə olar. Çünki park vasitəsilə insanlar təkcə iki ölkənin dostluğunu deyil, həm də ortaq türk-mədəni irsinin zənginliyini daha yaxından tanıya bilərlər”.Musavat.com
Geri dön