Ana Sayfa > Özəl > Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsi

Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsi


Bu gün, 15:17. Yazar: azer
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsi

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də iki ölkə arasındakı əlaqələrin dərinliyini, qarşılıqlı etimadın möhkəmliyini və gələcək əməkdaşlığın geniş perspektivlərini əks etdirən mühüm siyasi məzmun daşıyır.
Dövlət başçısının müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri kimi ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət önə çəkilir. Bu amillər iki dövlət arasında münasibətlərin yalnız diplomatik və siyasi maraqlara deyil, daha dərin tarixi və mənəvi təməllərə söykəndiyini göstərir. Məhz bu möhkəm təməl üzərində Azərbaycan və Özbəkistan münasibətləri son illərdə yeni məzmun qazanaraq müttəfiqlik mərhələsinə çatıb.
Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərin dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Dövlət başçıları arasında qarşılıqlı hörmət, səmimi dostluq və etimad iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm siyasi zəmin yaradıb. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların keçirilməsi də münasibətlərin intensivliyini nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi-siyasi bazasının möhkəmləndirilməsi də xüsusi diqqətəlayiqdir. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm siyasi sənədlərə çevrilib.
Bu gün Azərbaycan–Özbəkistan əməkdaşlığı siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət, media, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi iki ölkənin qarşılıqlı maraqlarının getdikcə daha çox istiqamətdə uzlaşdığını göstərir. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaradılan mexanizmlər, birgə layihələr və investisiya imkanları qarşıdakı illərdə ikitərəfli əlaqələrin praktiki nəticələrinin daha da artmasına şərait yaradır.
Münasibətlərin xüsusi istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Azərbaycan və Özbəkistanın ortaq mədəni irsi xalqlarımızı birləşdirən ən mühüm mənəvi körpülərdən biridir. Mədəniyyət və incəsənət sahəsində keçirilən tədbirlər, elm və təhsil müəssisələri arasında əlaqələr, şəhərlərarası əməkdaşlıq bu tarixi bağların müasir dövrdə daha da möhkəmlənməsinə xidmət edir.
Təhsil sahəsində mövcud göstəricilər də əlaqələrin real məzmununu ortaya qoyur. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması iki ölkə arasında gənclər və təhsil mühitində əlaqələrin genişləndiyini göstərir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb isə qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və gələcəyinə verdiyi dəstəyin rəmzi nümunələrindəndir.
Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafı da diqqət çəkən istiqamətlərdəndir. Daşkənddə və Bakıda Azərbaycan–Özbəkistan media forumlarının keçirilməsi jurnalistlər və media qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə imkan yaradıb. Bu əməkdaşlıq iki ölkə haqqında obyektiv və dolğun informasiyanın ictimaiyyətə çatdırılması, qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin məhz Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi də bu baxımdan xüsusi məna kəsb edir.
Müsahibədə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın perspektivləri də önəmli yer tutur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi həm tarixi və mədəni yaxınlıq, həm də qarşılıqlı iqtisadi və strateji maraqlar baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi də qarşılıqlı etimadın göstəricisidir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq iki ölkənin beynəlxalq məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirdiyini göstərir.
Müsahibədə regionlararası əməkdaşlığın inkişafı da xüsusi vurğulanır. Bakı və Daşkənddən başlayaraq müxtəlif Azərbaycan və Özbəkistan şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətlərinin qurulması xalqlar arasında əlaqələrin yalnız paytaxtlar səviyyəsində deyil, regionlar və şəhərlər səviyyəsində də dərinləşdiyini göstərir. Şuşa ilə Xivə, Lənkəran ilə Buxara, Şəki ilə Kokənd, Quba ilə Cizak, Füzuli ilə Gülüstan və digər şəhərlər arasında qurulan əlaqələr bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə Naxçıvan ilə Ürgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasının planlaşdırılması da əlaqələrin coğrafiyasının daha da genişləndiyini göstərir.
Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması xalqlarımız arasında qarşılıqlı marağın yüksəldiyini göstərən mühüm göstəricidir. 2024-cü ildə Azərbaycana 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşının səfər etməsi turizm əlaqələrinin inkişaf potensialının yüksək olduğunu nümayiş etdirir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional əməkdaşlığın mühüm dayaqlarından birinə çevrilir. İki ölkənin siyasi iradəsi, iqtisadi potensialı və xalqlar arasında möhkəm mənəvi bağları yeni layihələrin və təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyevin müsahibəsinin mühüm mesajlarından biri də Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın gələcək nəsillərə ötürülməsi ilə bağlıdır. Dövlətlərarası münasibətlərin davamlılığı yalnız imzalanan sənədlərlə deyil, xalqlar arasında formalaşan etimad, qarşılıqlı hörmət və humanitar əlaqələrlə təmin olunur. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi gələcəyə hesablanmış möhkəm və etibarlı tərəfdaşlığın nümunəsidir.
Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan xalqına dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrik və xoş arzular da iki xalq arasında münasibətlərin ruhunu əks etdirir. Sülh, əmin-amanlıq, tərəqqi və yeni nailiyyətlər arzusu Azərbaycan xalqının qardaş Özbəkistan xalqına olan münasibətinin ifadəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud inkişaf səviyyəsini və qarşıdakı dövr üçün əsas hədəfləri aydın şəkildə ortaya qoyur. Bu münasibətlərin təməlində tarix, mədəniyyət və mənəvi yaxınlıq, inkişafında isə güclü siyasi iradə və qarşılıqlı etimad dayanır. Azərbaycan və Özbəkistanın birgə səyləri ilə formalaşan müttəfiqlik modeli yalnız iki qardaş dövlətin deyil, bütövlükdə türk dünyasının və Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığının gələcəyi baxımından mühüm perspektivlər vəd edir.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
YAP Qusar rayon təşkilatı
Geri dön