Ana Sayfa > Siyasət > İkitərəfli əlaqələrdən regional əməkdaşlığa keçid Bakı və Daşkənd üçün yeni imkanlar yaradır

İkitərəfli əlaqələrdən regional əməkdaşlığa keçid Bakı və Daşkənd üçün yeni imkanlar yaradır


Bu gün, 15:15. Yazar: azer
İkitərəfli əlaqələrdən regional əməkdaşlığa keçid Bakı və Daşkənd üçün yeni imkanlar yaradır

İki gündür təkcə Bakı və Daşkənd deyil, eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiyanın, ümumilikdə isə Türk dünyasının diqqəti Azərbaycan Prezidentinin Özbəkistana baş tutan dövlət səfərinə yönəlib. Səfər proqramının kifayət qədər zəngin olması və iki ölkə arasında imzalanan sənədlərin təkcə Bakı və Daşkənd deyil, bütövlükdə böyük bir coğrafiya üçün faydalılıq əmsalı, Azərbaycan Liderinin səfərini daha diqqətçəkici edib. Elə bu səbəbdəndir ki, beynəlxalq media resursları da Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə geniş yer ayıraraq bu səfərin Mərkəzi Asiya və Cənubi Qafqaz üçün faydalarını şərh edirlər. Birmənalı olaraq ifadə edilən fikir ondan ibarətdir ki, ciddi yüksəliş dövrünü yaşayan iki ölkənin əlaqələrinin genişləndirilməsi gələcək üçün perspektivli imkanlar vəd edir. Elə dövlət başçılarının görüşündən sonra mətbuata verdiyi verdikləri açıqlamada da bu məqam xüsusi olaraq qeyd edilirdi. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Hər dəfə Daşkəndə səfər edəndə buraaa sürətli inkişafın şahidi olduğunu diqqətə çatdıran İlham Əliyev deyib ki, Özbəkistanın inkişafını hər sahədə görmək mümkündür. Özbəkistanın bugünkü yüksəlişinin əsasında isə prezident Şavkat Mirziyoyevin uğurlu siyasəti dayanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, qardaş ölkənin yüksəlişi, onun uğurlu inkişafı Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir. Məhz Mirziyoyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasət Özbəkistanı dost, qardaş dövlətlərlə daha da yaxınlaşdırıb, əlaqələrin inkişafın üçün zəmin yaradıb.

Bu gün Bakı ilə Daşkənd arasında bütün istiqamətlərdə ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğuna şahidlik edirik. İki ölkənin liderləri səviyyəsində mövcud olan yüksək səviyyəli münasibətlər, dostluq-qardaşlıq əlaqələri təkcə siyasi deyil, eləcə də iqtisadi-ticari, mədəni-humanitar, nəqliyyat, logistika əlaqələrinin inkişafı üçün zəmin yaradır, bu əlaqələri daha da dərinləşdirir və irəliyə aparır.

Elə Prezident İlham Əliyevin özbəkistanlı həmkarı ilə görüş zamanı mətbuata verdiyi bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsinı xüsusi diqqət ayrılırdı. Bildiyimiz kimi, Azərbaycan və Özbəkistan arasında son illərdə qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafı üçün siyasi baza əhəmiyyətli dərəcədə möhkəmlənib. Ancaq burada bir məqamı da nəzərə almaq lazımdır ki, iqtisadi münasibətlər yalnız ticarətlə məhdudlaşmır. Dövlət başçısı bu məsələyə xüsusi diqqöət çəkməklə bildirdi ki, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və yeni istehsal sahələrinin formalaşdırılması iki ölkə arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindəndir.

Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq etdiyi ölkələrlə əlaqələrində enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bu sahə Bakı-Daşkənd münasibətlərində də mühüm istiqamət təşkil edir. Hər iki ölkənin enerji resursları və enerji infrastrukturu sahəsində geniş imkanlara malik olması əməkdaşlıq üçün əlverişli zəmin yaradır. SOCAR-ın Özbəkistanda fəaliyyəti və iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusilə diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu istiqamətə diqqət çəkərək bildirib ki, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik:

”Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək”.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinə yalnız ikitərəfli əməkdaşlıq prizmasından yanaşmaq doğru olmazdı. Görünən odur ki, Azərbaycanla Özbəkistanın münasibətləri yalnız Bakı–Daşkənd xətti ilə məhdudlaşmır. İkitərəfli əlaqələr öz növbəsində regional əməkdaşlığa, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsinə yol açır. Bu paralel olaraq həm də Özbəkistanın Cənubi Qafqaz və Xəzər regionu ilə əlaqələrinin inkişafı baxımından faydalıdır. İkitərəfli əlaqələrdən regional əməkdaşlığa keçid həm Bakı, həm də Daşkənd üçün əlavə nəqliyyat və logistika əməkdaşlığı imkanları yaratmışı olur.

Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən marşrutların inkişafında mühüm mövqeyə malikdir. Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri olması bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bir sözlə, iki ölkənin nəqliyyat imkanlarının əlaqələndirilməsi və koordinasiyalı iş, ümumilikdə Orta Dəhlizin inkişafına təkan verə bilər. Bu isə daha geniş mənada, Asiya ilə Avropa arasında səmərəli nəqliyyat bağlantılarının genişləndirilməsi deməkdir. Özbəkistanın Azərbaycanın tranzit və logistika imkanlarından istifadə etməsi bu ölkənin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər ki, bu da öz-özlüyündə digər Mərkəzi Asiya ölkələrində də maraq yaratmış olar.

Bakı ilə Daşkəndi bir-birinə yaxın edən, ikitərəfli münasibətlərdə möhkəm bağların yaranmasına təsir göstərən mühüm amillərdən biri də hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi məsələsində qarşılıqlı dəstək nünayiş etdirməsi, haqqı işi uğrunda aparılan işdə bir-birinin yanında yer almasıdır. Necə ki, 44 günlük Vətən Müharibəsində tarixi zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işlərinə digər dost-qardaş ölkələr kimi, Özbəkistandan da eyni dərəcədə həssaslıq və dəstək gördük. Özbəkistan investisiya hesabına Füzulidə məktəb binası, Xankəndidə tikiş fabrikinin tikilməsi bunun əyani sübutudur və Azərbaycan Prezidenti Cənab İlham Əliyev mətbuata bəyanatı zamanı bu məqamı xüsusi olaraq qeyd etdi və Özbəkistan Prezidentinin bu məsələdə müstəsna rolunu vurğuladı:

“Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur”.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

Geri dön