Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi : "Daşkənd razılaşmaları Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi əsaslarını daha da genişləndirir"

Adəm İsmayıl Bakuvi : "Daşkənd razılaşmaları Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi əsaslarını daha da genişləndirir"


Bu gün, 15:02. Yazar: azer
Adəm İsmayıl Bakuvi : "Daşkənd razılaşmaları Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi əsaslarını daha da genişləndirir"

Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır, geniş geosiyasi və geoiqtisadi nəticələr yaradan strateji əməkdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin Daşkənddə mətbuata verdiyi bəyanatı da təkcə iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətinə yüksək qiymət kimi deyil, Azərbaycanın Mərkəzi Asiya siyasətinin və ümumilikdə yeni regional əməkdaşlıq yanaşmasının mühüm ifadəsi kimi dəyərləndirmək lazımdır.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki, bəyanatda diqqəti çəkən əsas məqamlardan biri iki ölkə arasındakı əməkdaşlığın son illərdə keçdiyi böyük inkişaf yolunun müqayisəli şəkildə ortaya qoyulmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şavkat Mirziyoyev Özbəkistanın rəhbəri olmamışdan əvvəl Azərbaycanla Özbəkistan arasında heç bir birgə layihə mövcud deyildi. Bu gün isə iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq gələcəyin hədəfi deyil, yaxın perspektivdə reallaşa biləcək konkret nəticə kimi qiymətləndirilir. Bu göstəricinin arxasında dövlətlərarası münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri dayanır. Əvvəllər Azərbaycan və Özbəkistan əsasən dost və qardaş ölkələr kimi xarakterizə olunurdusa, hazırda onlar öz iqtisadi potensiallarını qarşılıqlı inkişaf məqsədləri üçün birləşdirən strateji tərəfdaşlardır. Üstəlik, əməkdaşlıq ənənəvi istiqamətlərlə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal, bankçılıq və neft-qaz kimi çoxsaylı sahələrin eyni əməkdaşlıq platformasında birləşməsi əlaqələrin artıq çoxşaxəli iqtisadi sistemə çevrildiyini göstərir. Prezidentin “bu gün biz artıq perspektivdən danışırıq” fikri də məhz bu yeni reallığı ifadə edir.

Prezident İlham Əliyevin bəyanatında vurğulanan digər mühüm məqam Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi əsaslara söykənməsidir. Bu yanaşma sadəcə diplomatik ifadə deyil, iki dövlət arasındakı münasibətlərin siyasi fəlsəfəsini əks etdirir. Beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələr əksər hallarda siyasi-strateji və ya iqtisadi maraqlar üzərində qurulur. Azərbaycan və Özbəkistan münasibətlərində isə bu amillər tarixi, mədəni və mənəvi yaxınlıqla tamamlanır. Eyni dil ailəsinə mənsub, ortaq tarixi yaddaşa və mədəni dəyərlərə malik iki xalq arasında mövcud qardaşlıq hissinə siyasi və iqtisadi maraqların əlavə olunması daha dayanıqlı əməkdaşlıq modeli formalaşdırır. Prezident İlham Əliyevin bu sintezin dünya siyasətində nadir hallarda müşahidə olunduğunu vurğulaması da münasibətlərin özünəməxsusluğunu göstərir. Burada mənəvi yaxınlıq iqtisadi tərəfdaşlığı, iqtisadi əlaqələr siyasi etimadı, siyasi etimad isə geosiyasi əməkdaşlığı daha da gücləndirir.

Daşkənd görüşlərinin mühüm xüsusiyyətlərindən biri siyasi bəyanatların konkret layihələrlə paralel şəkildə müşayiət olunması idi. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi müxtəlif layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha göstərdi ki, ikitərəfli münasibətlər artıq yalnız siyasi sənədlər və diplomatik görüşlərlə məhdudlaşmır. Bu əlaqələr istehsal, təhsil, bankçılıq, enerji, şəhərsalma və digər sahələrdə gündəlik həyatın real hissəsinə çevrilir.


Fikirlərini davam etdirən müsahibimiz bunu da bildirib ki, bəyanatın ən mühüm geosiyasi mesajlarından biri Azərbaycanın və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi təqdim edilməsidir. Bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı ikitərəfli münasibətlərin cəmi deyil, daha geniş regional əməkdaşlıq sisteminin formalaşması deməkdir. Bakı ilə Mərkəzi Asiyanın paytaxtları arasında inkişaf edən siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələri yeni regional platformanın əsasını yaradır. Prezident İlham Əliyevin Azərbaycanın bu əməkdaşlıq formatına qoşulmasında Prezident Şavkat Mirziyoyevin rolunu xüsusi qeyd etməsi Daşkəndin Azərbaycanla Mərkəzi Asiya arasında mühüm əlaqələndirici mövqeyini də göstərir. Buradakı “körpü” anlayışı yalnız coğrafi məna daşımır. Söhbət siyasi iradənin, iqtisadi maraqların və nəqliyyat-kommunikasiya imkanlarının bir araya gətirilməsindən gedir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilməsi ilə Mərkəzi Asiyanın yüksələn iqtisadi potensialının birləşməsi region üçün yeni imkanlar açır. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir.

Prezident İlham Əliyevin çıxışında Özbəkistanın Qarabağın bərpası prosesində iştirakına xüsusi diqqət yetirilməsi də mühüm siyasi məna daşıyır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və Özbəkistanın Qarabağda ilk böyük sənaye layihəsinin həyata keçirilməsi ilə bağlı təşəbbüslər qardaş ölkənin Azərbaycanın Zəfərindən sonrakı quruculuq mərhələsinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr Özbəkistanın Azərbaycanın çətin günlərində olduğu kimi, postmüharibə dövründə də ölkəmizin yanında dayandığını göstərir. Eyni zamanda, Qarabağdakı bu fəaliyyətlər münasibətlərin mənəvi və maddi əsaslarının real şəkildə təzahürüdür.

Əməkdaşlığın yalnız paytaxtlarla məhdudlaşmaması da Daşkənd bəyanatının mühüm istiqamətlərindən biridir. Regionlararası əməkdaşlıq forumunun böyük maraq doğurması və layihələrin Azərbaycanın və Özbəkistanın müxtəlif bölgələrini əhatə etməsi strateji tərəfdaşlığın növbəti mərhələsində dövlətlərarası əlaqələrin regionlararası iqtisadi əməkdaşlığa çevrilməsinin əsas hədəflərdən biri olduğunu göstərir. Azərbaycanın turizm infrastrukturu, avtomobil sənayesi, investisiya fondları və digər sahələrinə Özbəkistan kapitalının yönəldilməsi bu yeni iqtisadi modelin formalaşdığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan sərmayələrinin Özbəkistanda, Özbəkistan investisiyalarının isə Azərbaycanda müxtəlif layihələrə yönəlməsi iki ölkənin iqtisadiyyatlarını daha sıx şəkildə bir-birinə bağlayır. Beləliklə, tərəflər yalnız ticarət aparan dövlətlər deyil, bir-birinin iqtisadi inkişafında birbaşa iştirak edən strateji tərəfdaşlara çevrilirlər.

Enerji sahəsində də əməkdaşlığın yeni mərhələyə keçdiyini müşahidə etmək mümkündür. Neft və qaz kəşfiyyatı üzrə layihələrin yekun mərhələyə yaxınlaşması və növbəti il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi enerji əməkdaşlığının qarşıdakı dövrdə daha geniş məzmun qazanacağını göstərir. Bu istiqamət də iki ölkə arasında qurulan çoxşaxəli iqtisadi əlaqələrin mühüm komponentlərindən birinə çevrilir.

Prezident İlham Əliyevin Daşkənd bəyanatının ümumi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətləri yalnız keçmişdən gələn dostluq ənənələrinə əsaslanan əlaqələr deyil, gələcəyin böyük layihələrinə hesablanmış strateji tərəfdaşlıqdır. Bu səbəbdən bəyanatı Daşkənd görüşlərinin yalnız siyasi yekunu deyil, qarşıdakı mərhələnin əsas istiqamətlərini müəyyən edən bir növ yol xəritəsi kimi də qiymətləndirmək mümkündür. Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçirməsi və münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində daha da dərinləşdirilməsini müzakirə etməsi bu siyasətin institusional əsaslarının möhkəmləndiyini göstərir. Özbəkistan Prezidentinin dövlət səfərini tarixi hadisə kimi qiymətləndirməsi də münasibətlərin yüksək siyasi səviyyəsini nümayiş etdirir.

Daşkənddə keçirilən təltif mərasimi də 23 avqust görüşlərinin siyasi və mənəvi məzmununu tamamlayan mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi Azərbaycan-Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafındakı xüsusi xidmətlərə verilən yüksək qiymətin ifadəsidir. Bu hadisəni yalnız dövlət mükafatının təqdim olunması kimi dəyərləndirmək düzgün olmazdı. “Heydər Əliyev” ordeninin Özbəkistan Prezidentinə təqdim edilməsi eyni zamanda Heydər Əliyevin siyasi irsinin Azərbaycan-Özbəkistan münasibətlərində formalaşdırdığı mənəvi xəttin davamlılığını nümayiş etdirir. Azərbaycan dövlətinin ali mükafatlarından birinin iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə vermiş Özbəkistan Prezidentinə təqdim edilməsi özündə mühüm rəmzi məna daşıyır. Bu baxımdan orden həm keçmişi, həm bu günü, həm də gələcək əməkdaşlığı birləşdirən siyasi və mənəvi simvol kimi çıxış edir. Təltif mərasimi bir daha göstərdi ki, iki dövlət arasındakı münasibətlər yalnız imzalanan sənədlərlə deyil, tərəflərin bir-birinin xidmətlərinə verdiyi yüksək qiymətlə də möhkəmlənir.

Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə budur ki, Azərbaycan və Özbəkistan münasibətlərini artıq sırf ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional strategiyanın mühüm hissəsinə çevirirlər. Bu strategiyanın bir tərəfində Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar, digər tərəfində isə Özbəkistanın Mərkəzi Asiyada artan siyasi və iqtisadi çəkisi dayanır. İki ölkənin siyasi iradəsinin, iqtisadi potensialının və tarixi-mənəvi yaxınlığının birləşməsi isə yalnız Bakı və Daşkənd üçün deyil, bütövlükdə daha geniş Avrasiya məkanı üçün yeni əməkdaşlıq imkanları yaradır- Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön