Ana Sayfa > Siyasət > Qardaşlıqdan müttəfiqliyə aparan yeni mərhələ

Qardaşlıqdan müttəfiqliyə aparan yeni mərhələ


Bu gün, 12:51. Yazar: azer
Qardaşlıqdan müttəfiqliyə aparan yeni mərhələ

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətləri yalnız diplomatik əlaqələr çərçivəsində qiymətləndirmək mümkün deyil. Bu münasibətlərin təməlində əsrlərin formalaşdırdığı tarixi yaddaş, dil və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qarşılıqlı rəğbət dayanır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, bu mənəvi baza müasir dövlətçilik reallıqları ilə tamamlanaraq strateji müttəfiqliyin möhkəm təməlini yaradıb.

Son illərin mənzərəsi münasibətlərin yeni keyfiyyət mərhələsinə keçdiyini təsdiqləyir. Azərbaycan və Özbəkistan prezidentlərinin müntəzəm təmasları və qarşılıqlı səfərləri siyasi dialoqa davamlılıq qazandırıb. 2024-cü ildə Azərbaycanın dövlət başçısının Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin siyasi-hüquqi əsaslarını gücləndirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu siyasi iradənin institusional ifadəsinə çevrilib.

Müttəfiqliyin real gücü iqtisadi nəticələrdə də aydın görünür. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin yanvar-may aylarında isə daha 33 faiz yüksəlməsi qarşılıqlı iqtisadi marağın genişləndiyini göstərir. 500 milyon dollar ümumi kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bu potensial üçün mühüm platformadır. Füzulidə salınan “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı nəqliyyat vasitələrinin istehsalında əməkdaşlıq, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyəti tərəfdaşlığın konkret nəticələrindəndir. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də əməkdaşlığın qarşılıqlı xarakterini təsdiqləyir.

Nəqliyyat və logistika gələcək üçün xüsusi imkanlar açır. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqlarıdır. Bu mövqelərin əlaqələndirilməsi Şərqlə Qərb arasında yeni bağlantılar yarada bilər. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası regional ticarət və tranzit imkanlarını genişləndirə biləcək perspektivli istiqamətdir. Enerji sahəsində, o cümlədən yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq da bu iqtisadi əlaqələrə strateji məzmun qazandırır.

Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm üstünlüyü iqtisadi yaxınlaşmanın humanitar əlaqələrlə paralel inkişaf etməsidir. Mədəniyyət günləri, “Şuşa Günləri”, elmi və ədəbi tədbirlər, media və QHT forumları, təhsil mübadilələri xalqları daha da yaxınlaşdırır. Füzulidə Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi qardaşlığın gələcək nəsillərə ötürülməsinin nümunəsidir. Bakıda yaradılan “Özbəkistan” parkı da bu yaxınlığın rəmzlərindən birinə çevriləcək. Qardaşlaşmış şəhərlərin sayının artması və Özbəkistandan Azərbaycana turist səfərlərinin çoxalması münasibətlərin sosial əsaslarını genişləndirir.

Bu tərəfdaşlığın təsir dairəsi ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında ortaq mövqelərin möhkəmlənməsinə, türk dünyasının iqtisadi və siyasi əlaqələrinin dərinləşməsinə fəal töhfə verirlər. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu qoşulması ilə “C5” formatının faktiki olaraq “C6” məzmunu qazanması isə regionlararası əməkdaşlığın yeni miqyasını ortaya qoyur. Azərbaycanın Mərkəzi Asiya ilə, Özbəkistanın isə Azərbaycanla münasibətlərində yaranan bu dinamika daha geniş regional inteqrasiya imkanları yaradır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə budur: Azərbaycan-Özbəkistan müttəfiqliyi yalnız siyasi sənədlərlə müəyyənləşən münasibət deyil. Onun arxasında tarixi qardaşlıq, yüksək siyasi etimad, qarşılıqlı iqtisadi maraq, humanitar yaxınlıq və ortaq regional baxış dayanır. Məhz bu amillərin vəhdəti əlaqələrə davamlılıq verir. Bakı ilə Daşkəndin qarşıdakı dövrdə təşəbbüsləri artırması həm iki xalqın rifahına, həm də Türk dünyasının daha sıx birliyinə və Avrasiyanın nəqliyyat-iqtisadi xəritəsində yeni imkanların formalaşmasına mühüm töhfə verə bilər.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Geri dön