Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Daşkənd bəyanatında Azərbaycan–Özbəkistan münasibətlərinin yeni siyasi və iqtisadi xəritəsi"
Səttar Möhbalıyev: "Daşkənd bəyanatında Azərbaycan–Özbəkistan münasibətlərinin yeni siyasi və iqtisadi xəritəsi"Bu gün, 12:40. Yazar: azer |
![]() Bəzən bir dövlət başçısının mətbuata bəyanatı keçirilmiş görüşün yekunlarını sadalamaqdan daha böyük məna daşıyır. Belə çıxışlar yalnız bu günün nəticələrini deyil, həm də sabahın siyasi mənzərəsini müəyyənləşdirən konseptual mesajlara çevrilir. Cənab Prezident İlham Əliyevin avqustun 23-də Daşkənddə Azərbaycan–Özbəkistan münasibətlərinə dair səsləndirdiyi fikirlər də məhz belə xarakter daşıyır. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin bəyanatının mahiyyətində bir mühüm tezis dayanır: Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq sadəcə dostluq və qardaşlıq münasibətləri deyil, böyük geosiyasi və geoiqtisadi nəticələr doğuran strateji əməkdaşlıq modelidir. Bu baxımdan cənab Prezident İlham Əliyevin çıxışını yalnız ikitərəfli münasibətlərin bugünkü vəziyyətinə verilən yüksək qiymət kimi deyil, Azərbaycanın Mərkəzi Asiya siyasətinin və daha geniş anlamda yeni regional əməkdaşlıq fəlsəfəsinin mühüm ifadəsi kimi oxumaq lazımdır. Cənab Prezident İlham Əliyev çıxışının əvvəlində Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna xüsusi diqqət yetirdi. Onun Daşkəndin sürətli dəyişməsini hər səfərində müşahidə etməsi təsadüfi müşahidə deyil. Burada əslində Özbəkistanın inkişaf modelinə verilən siyasi qiymət var. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən islahatların iqtisadiyyatın şaxələndirilməsinə, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafına yönəldiyini vurğulayan İlham Əliyev bir həqiqəti xüsusi qabardır: güclü dövlətlərarası əməkdaşlığın arxasında, ilk növbədə, güclü milli iqtisadiyyat dayanır. Bu fikir Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini anlamaq üçün açar rolunu oynayır. Çünki ölkələr arasında siyasi iradə nə qədər güclü olsa da, bu iradəni real layihələrə çevirən iqtisadi potensial və əlverişli investisiya mühiti olmadıqda strateji tərəfdaşlıq davamlı nəticələr verə bilməz. Cənab Prezident İlham Əliyevin bəyanatında məhz bu məqam xüsusilə nəzərə çarpır: Azərbaycan Özbəkistanın uğurunu yalnız dost ölkənin nailiyyəti kimi deyil, həm də gələcək birgə layihələrin iqtisadi bazası kimi qiymətləndirir. Bəyanatın ən diqqətçəkən məqamlarından biri ölkələr arasında əməkdaşlığın keçdiyi məsafəni göstərən müqayisədir. Cənab Prezident İlham Əliyev qeyd edir ki, Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməzdən əvvəl Azərbaycanla Özbəkistan arasında heç bir birgə layihə yox idi. Bu gün isə artıq bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi uzaq perspektiv deyil, yaxın illərdə əldə edilə biləcək real nəticə kimi təqdim olunur. Bu rəqəmin arxasında iki dövlətin siyasi münasibətlərində baş vermiş keyfiyyət dəyişikliyi dayanır. Əgər dünən Azərbaycan və Özbəkistan bir-birinə dost və qardaş dövlətlər kimi baxırdılarsa, bu gün onlar öz iqtisadi potensiallarını bir-birinin inkişafına bağlayan tərəfdaşlardır. Daha mühümü isə odur ki, əməkdaşlıq bir neçə ənənəvi sahə ilə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sənayesi, bankçılıq, neft-qaz layihələri – bütün bunların bir xətt üzərində birləşməsi Azərbaycan–Özbəkistan münasibətlərinin artıq çoxşaxəli iqtisadi sistemə çevrildiyini göstərir. Cənab Prezidentin “bu gün biz artıq perspektivdən danışırıq” fikri də məhz bunun ifadəsidir. Cənab Prezident İlham Əliyevin bəyanatında diqqətdən yayınmamalı başqa bir mühüm məqam var: Azərbaycan–Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təməl üzərində qurulması. Bu, diplomatik ifadədən daha çox siyasi fəlsəfədir. Dünya siyasətində dövlətlər arasında münasibətlər çox zaman ya iqtisadi maraqlara, ya da siyasi-strateji məqsədlərə söykənir. Azərbaycan və Özbəkistan münasibətlərində isə bunların hər ikisi milli-mənəvi yaxınlıqla tamamlanır. Eyni dil ailəsinə, yaxın tarixi yaddaşa, ortaq mədəni dəyərlərə və qardaşlıq hisslərinə malik iki xalqın münasibətlərinə iqtisadi və siyasi maraqlar əlavə olunanda ortaya daha dayanıqlı model çıxır. Cənab Prezident İlham Əliyevin “bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir” fikrinin əsas siyasi çəkisi də buradadır. Azərbaycan–Özbəkistan münasibətlərində mənəvi yaxınlıq iqtisadi tərəfdaşlığı, iqtisadi tərəfdaşlıq siyasi etimadı, siyasi etimad isə geosiyasi əməkdaşlığı gücləndirir. Bu artıq sadəcə ikitərəfli münasibətlər deyil. Daşkənd görüşlərinin ən mühüm xüsusiyyətlərindən biri də siyasi bəyanatların elə həmin gün real layihələrlə müşayiət olunması idi. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi keçirildi. Bu mərasim bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər artıq yalnız siyasi sənədlərin və diplomatik görüşlərin mövzusu deyil, gündəlik həyatın, istehsalın, təhsilin, bankçılığın, enerjinin və şəhərsalmanın reallığına çevrilir. “Davr Bank”ın, “Matanat-A” şirkətinin gips zavodunun və “Landau” adına iki STEAM məktəbinin açılışı, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “Baku City” yaşayış kompleksinin, gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin və meyvə bağlarının təməlinin qoyulması əməkdaşlığın coğrafiyasını və sahələrini aydın şəkildə nümayiş etdirdi. Bu layihələrin hər birinin iqtisadi göstəricilərdən daha böyük siyasi mənası var. Bankçılıq Azərbaycan kapitalının Özbəkistan iqtisadiyyatına inamını göstərir. Sənaye müəssisəsi istehsal əməkdaşlığının dərinləşməsini ifadə edir. STEAM məktəbləri isə münasibətlərin yalnız bu günə deyil, gələcəyin insan kapitalına hesablandığını göstərir. SOCAR-ın yeni məntəqələri enerji sahəsində əməkdaşlığın genişlənməsinə, yaşayış və istirahət kompleksləri Azərbaycan biznesinin Özbəkistan bazarına artan marağına, mədənçilik və kənd təsərrüfatı layihələri isə əməkdaşlığın real iqtisadiyyatın müxtəlif sahələrinə yayıldığına işarədir. Beləliklə, Daşkənddə səslənən “qardaşlıq” sözü həmin gün zavodda, məktəbdə, bankda, yanacaqdoldurma məntəqəsində, yaşayış kompleksində və bağ salınacaq torpaqda öz maddi ifadəsini tapdı. Bu, diplomatiyanın ən uğurlu formasıdır: siyasi iradənin iqtisadi nəticəyə çevrilməsi. Cənab Prezident İlham Əliyevin bəyanatındakı “mənəvi və maddi təməl” ifadəsinin ən canlı izahı məhz budur. İki ölkənin münasibətlərində mənəvi yaxınlıq siyasi etimad yaradır, siyasi etimad isə sərmayəyə, layihəyə və yeni istehsala çevrilir. Deməli, Azərbaycan–Özbəkistan münasibətlərinin gücü yalnız onların nə qədər yaxın olmasında deyil, bu yaxınlığın nə qədər real nəticə yaratmasındadır. Millət vəkili onu da bildirib ki, Bəyanatın ən böyük geosiyasi mesajı isə dövlətimizin başçısının Azərbaycan və Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi region kimi xarakterizə etməsidir. Bu fikir xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu deyil. Bakı ilə Mərkəzi Asiyanın paytaxtları arasında qurulan siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələri daha böyük regional sistem formalaşdırır. Azərbaycanın bu əməkdaşlıq formatına qoşulmasında Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edən cənab Prezident İlham Əliyev əslində Daşkəndin Azərbaycanla Mərkəzi Asiya arasında körpü funksiyasını da önə çıxarır. Burada söhbət yalnız coğrafi körpüdən getmir. Söhbət siyasi iradələrin, iqtisadi maraqların və nəqliyyat-kommunikasiya imkanlarının birləşməsindən gedir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyi ilə Mərkəzi Asiyanın artan iqtisadi potensialının birləşməsi region üçün tamamilə yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı daha böyük regional inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir. Cənab Prezident İlham Əliyevin bəyanatında Özbəkistanın Qarabağın bərpasında iştirakına xüsusi yer ayırması da təsadüfi deyil. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və Özbəkistanın Qarabağdakı ilk böyük sənaye layihəsi ilə bağlı təşəbbüsləri Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu, Azərbaycanın ən ağır günlərində onun yanında olmuş qardaş dövlətin Zəfərdən sonrakı quruculuq mərhələsində də Azərbaycanın yanında dayanmasının siyasi ifadəsidir. Özbəkistanın Qarabağdakı iştirakı həm də cənab Prezident İlham Əliyevin bəyanatında səslənən “mənəvi və maddi təməl” anlayışının real nümunəsidir. Münasibətlərin yalnız Bakı və Daşkəndlə məhdudlaşmaması da cənab Prezidentin çıxışında xüsusi vurğulanır. Regionlararası əməkdaşlıq forumunun böyük praktik maraq doğurması, layihələrin Azərbaycanın və Özbəkistanın müxtəlif bölgələrini əhatə etməsi göstərir ki, strateji tərəfdaşlığın yeni mərhələsində əsas hədəflərdən biri dövlətlərarası münasibətləri regionlararası iqtisadi əlaqələrə çevirməkdir. Azərbaycanın turizm infrastrukturu, avtomobil sənayesi, investisiya fondları və digər sahələrə Özbəkistan kapitalının yönəlməsi bu baxımdan yeni iqtisadi əməkdaşlıq modelinin formalaşdığını göstərir. Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmamasıdır. Azərbaycan kapitalının Özbəkistanda, Özbəkistan kapitalının Azərbaycanda layihələrə yönəldilməsi iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx bağlayır. Belə münasibətlərdə tərəflər artıq sadəcə mal alıb-satan tərəfdaşlar deyil, bir-birinin iqtisadi inkişafında iştirak edən strateji tərəfdaşlara çevrilirlər. Bəyanatda neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin artıq son mərhələyə yaxınlaşması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi Azərbaycan–Özbəkistan əməkdaşlığının enerji sektorunda da yeni mərhələyə qədəm qoyduğunu göstərir. Cənab Prezident İlham Əliyevin Daşkənd bəyanatının ümumi fəlsəfəsi belədir: Azərbaycan–Özbəkistan münasibətləri artıq keçmişin dostluq ənənələrinə söykənən münasibətlər deyil, gələcəyin böyük layihələrinə hesablanan münasibətlərdir. Məhz bu səbəbdən Azərbaycan Prezidentinin bəyanatını bir növ Daşkənd görüşlərinin siyasi yekunu deyil, qarşıdakı mərhələnin yol xəritəsi kimi qiymətləndirmək mümkündür. 23 avqust görüşləri çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçirməsi və münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində daha da dərinləşdirilməsini müzakirə etməsi də bu siyasi xəttin institusional əsaslarının möhkəmləndiyini göstərir. Özbəkistan Prezidenti hazırkı dövlət səfərini tarixi hadisə kimi qiymətləndirib. Daşkənddə keçirilən təltifolunma mərasimi də 23 avqust görüşlərinin siyasi və mənəvi mahiyyətini tamamlayan mühüm hadisələrdən biri oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Prezident Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi. Bu yüksək dövlət mükafatı onun Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olundu. Bu təltifə yalnız dövlət mükafatı kimi yanaşmaq doğru olmaz. Çünki “Heydər Əliyev” ordeninin məhz Özbəkistan Prezidentinə təqdim olunması Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin siyasi irsinin Azərbaycan–Özbəkistan münasibətlərində yaşatdığı mənəvi xəttin də ifadəsidir. Burada rəmzi bir məna var: Azərbaycan dövlətinin ən ali mükafatlarından biri iki qardaş ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsinə töhfə verən Özbəkistan Prezidentinə təqdim olunur. Deməli, mükafatın özü də iki dövlət arasındakı münasibətlərin tarixini, bu gününü və gələcəyini birləşdirən siyasi körpüyə çevrilir. Belə mərasimlərdə orden yalnız döşə taxılan nişan deyil. O, dövlətlərin bir-birinin xidmətlərinə verdiyi qiymətin rəmzidir. Bu mənada təltif mərasimi də 23 avqustun ümumi siyasi mənzərəsinə bir cümlə əlavə etdi: Azərbaycan–Özbəkistan münasibətləri yalnız sənədlərlə təsbit olunmur, həm də dövlətlərin bir-birinin xidmətlərinə verdiyi yüksək qiymətlə möhkəmlənir. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatından çıxan əsas nəticə budur ki, Azərbaycan və Özbəkistan öz münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional strategiəyanın mühüm elementinə çevirirlər. Bu strategiyanın bir tərəfində Azərbaycanın Cənubi Qafqazdakı yeni reallıqları, digər tərəfində isə Özbəkistanın Mərkəzi Asiyada artan iqtisadi və siyasi çəkisi dayanır-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb. Geri dön |