Ana Sayfa > Gündəm > Laçın: Zəfərdən dirçəlişə uzanan yolun yeni ünvanı

Laçın: Zəfərdən dirçəlişə uzanan yolun yeni ünvanı


Bu gün, 11:45. Yazar: azer
Laçın: Zəfərdən dirçəlişə uzanan yolun yeni ünvanı

26 Avqust - Laçın Şəhəri Günü Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini özündə yaşadan əlamətdar tarixdir. Bu gün yalnız bir şəhərin işğaldan azad olunması ilə yanaşı, 30 ildən artıq davam edən həsrətin sona çatmasını, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində əldə edilmiş tarixi nəticəni, eyni zamanda, Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasını ifadə edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi çərçivəsində 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirilib.

Laçın rayonunun Azərbaycanın tarixində və milli yaddaşında xüsusi yeri var. Böyük strateji əhəmiyyətə malik bu rayon 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Laçın əhalisi doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rəsmi məlumatlara əsasən, işğal dövründə rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 30 rabitə müəssisəsi, habelə digər idarə və istehsal obyektləri talan edilərək dağıdılıb. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçının təbii sərvətlərinə, meşə fonduna və xüsusi mühafizə olunan ərazilərinə də ciddi ziyan vurulub.

Laçının işğaldan azad edilməsi yalnız hərbi baxımdan mühüm əhəmiyyət daşımırdı. Bu hadisə həm də Azərbaycanın regionda tarixi ədalətin bərpası istiqamətində iradəsinin göstəricisi idi. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarıldı. Laçın şəhəri, Zabux və Sus kəndləri isə həmin vaxt mövcud olan marşrutla bağlı xüsusi vəziyyətə görə daha sonrakı mərhələdə Azərbaycanın nəzarətinə keçdi. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Sentyabrın 21-də isə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Bu tarixi hadisə dövlətçilik baxımından mühüm siyasi və mənəvi məna daşıyırdı. Laçının azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində növbəti mühüm mərhələni başa çatdırdı. Bu Zəfərin qazanılmasında iştirak edən hərbçilərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı 2020-ci il 26 noyabr tarixli qanunla təsis edilib və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif olunması nəzərdə tutulub.

Laçının yeni tarixinin başlanğıcı

Laçının azad olunması ilə qarşıda daha böyük və məsuliyyətli vəzifə - dağıdılmış şəhərin və rayonun yenidən qurulması, insanların doğma torpaqlarına qaytarılması və burada dayanıqlı həyatın formalaşdırılması vəzifəsi dayanırdı. Azərbaycan dövləti bu istiqamətdə qısa müddətdə genişmiqyaslı layihələrə start verdi. Bu gün Laçında aparılan işlərə yalnız bərpa və yenidənqurma kimi yanaşmaq düzgün olmazdı. Burada faktiki olaraq yeni şəhərsalma modeli formalaşdırılır. Laçının 2040-cı ilədək inkişafına dair Baş Planın 2025-ci il iyunun 13-də Nazirlər Kabinetinin 179 nömrəli Qərarı ilə təsdiq edilməsi də bu yanaşmanın sistemli xarakter daşıdığını göstərir. Sənəddə müasir şəhərsalma prinsipləri, ekoloji yanaşmalar, tarixi-memarlıq irsinin qorunması və insanların rahat yaşayışı əsas prioritetlər kimi müəyyənləşdirilib.

Baş Planda “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi, piyada və velosiped yollarının geniş şəbəkəsinin yaradılması, yaşıl nəqliyyat imkanlarının inkişaf etdirilməsi, yaşayış və xidmət obyektlərinin bir-birinə yaxın yerləşdirilməsi nəzərdə tutulur. Şəhər ərazisinin əhəmiyyətli hissəsinin yaşıllıq zonalarından ibarət olması, enerji təminatında ekoloji texnologiyalardan istifadə edilməsi Laçının gələcəkdə müasir, ekoloji dayanıqlı və komfortlu yaşayış məkanına çevrilməsini hədəfləyir. Bu prosesin əsas məqsədi isə şəhər və kəndləri yalnız fiziki baxımdan yenidən qurmaq deyil, orada sosial və iqtisadi həyatın tam bərpasını təmin etməkdir. Çünki Böyük Qayıdışın mahiyyəti insanların doğma yurda qayıtması ilə məhdudlaşmır. Məktəb, xəstəxana, iş yeri, sosial xidmət, mədəniyyət və istirahət imkanlarının yaradılması qayıdışın davamlılığını təmin edən əsas amillərdir.

Laçında qayıdış artıq real nəticəyə çevrilib

Bu gün Laçında Böyük Qayıdış prosesinin real nəticələrini görmək mümkündür. 2026-cı ilin avqust ayına olan məlumatlara əsasən, Laçın rayonunda 979 ailə, ümumilikdə 3665 nəfər məskunlaşıb. Onlardan 614 ailə, yəni 2264 nəfər Laçın şəhərinə, 217 ailə və 823 nəfər Zabux kəndinə, 59 ailə və 215 nəfər Sus kəndinə, 89 ailə və 363 nəfər isə Bəylik kəndinə köçürülüb. Məskunlaşma prosesi Böyük Qayıdış Proqramına uyğun olaraq davam etdirilir. Bu rəqəmlərin arxasında hər birinin ayrıca həyat hekayəsi olan ailələr dayanır. Onilliklər ərzində doğma torpaqlarından uzaqda yaşamağa məcbur olmuş insanlar bu gün öz evlərinə qayıdır, övladlarını doğma yurdda böyüdürlər. Bu, Zəfərin ən mühüm sosial nəticələrindən biridir. Dövlətin yaratdığı infrastruktur isə həmin qayıdışın davamlı və təhlükəsiz olmasına xidmət edir.

Laçında yaşayış binalarının, fərdi evlərin, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin inşası ilə yanaşı, iqtisadi fəallığın təmin edilməsi üçün istehsal sahələri də yaradılır. Mebel, tekstil, ayaqqabı və digər istehsal istiqamətlərinin formalaşdırılması şəhərin gələcək iqtisadi potensialının əsasını təşkil edir. Laçın Aqro-Sənaye Parkında müxtəlif sahələr üzrə müəssisələrin yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Laçının inkişaf modelində turizm də mühüm istiqamətlərdən biridir. Rayonun zəngin təbiəti, dağlıq landşaftı, çayları, meşələri, tarixi və mədəni irsi turizm üçün geniş imkanlar yaradır. “Laçın” İstirahət Kompleksi kimi layihələrin reallaşdırılması göstərir ki, şəhərin gələcək inkişafında turizm və xidmət sektoru xüsusi yer tutacaq.

Yaşıl enerji Laçının inkişaf modelinin əsas istiqamətlərindəndir

Laçının yeni inkişaf konsepsiyasının diqqətçəkən istiqamətlərindən biri də enerji təminatıdır. Rayonun zəngin su ehtiyatları burada hidroenergetika imkanlarından geniş istifadə üçün əlverişli şərait yaradır. 2026-cı il iyulun 11-də Laçında Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Bununla Laçında su elektrik enerjisi istehsalının miqyası daha da genişlənib. Hazırda Həkəriçay və onun qolları üzərində ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilir.

Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, hazırda Laçının 8-10 meqavatlıq elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerji sisteminə ötürülür. Daha üç su elektrik stansiyasının tikintisinin davam etdirilməsi və onların ümumi gücünün 10,7 meqavat təşkil etməsi rayonun gələcək enerji potensialını daha da artıracaq. 2040-cı ildə Laçının elektrik tələbatının 80 meqavata çatacağı proqnozlaşdırılır və mövcud, eləcə də planlaşdırılan layihələr hesabına bu tələbatın yaşıl enerji ilə qarşılanması hədəflənir. Bu, Laçının yalnız yenidən qurulan yaşayış məntəqəsi deyil, Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyasının mühüm komponentlərindən birinə çevrildiyini göstərir.

“Həkəriçay” layihəsi regional əhəmiyyət daşıyır

Laçının inkişaf perspektivlərini müəyyən edən digər mühüm layihə “Həkəriçay” su anbarıdır. 2026-cı il iyulun 11-də Prezident İlham Əliyev Laçında bu layihənin təməlini qoyub. Layihəyə əsasən, Həkəri çayı üzərində ümumi tutumu 100 milyon, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Bununla yanaşı, uzunluğu təxminən 172 kilometr olan magistral boru kəmərinin inşası nəzərdə tutulur. Layihənin Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min nəfərin keyfiyyətli içməli su ilə təminatına potensial yaratması gözlənilir. Magistral kəmər üzərində ümumi gücü 10,81 meqavat olan üç su elektrik stansiyasının yaradılması da planlaşdırılır. Bu layihə bir daha göstərir ki, Laçında həyata keçirilən infrastruktur layihələri yalnız rayonun öz ehtiyaclarının qarşılanmasına deyil, daha geniş regional inkişaf məqsədlərinə xidmət edir.

Nəqliyyat və logistika imkanları genişlənir

Laçının gələcək inkişafında nəqliyyat infrastrukturu da xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası regionun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Laçının digər rayonlarla daha rahat əlaqələndirilməsinə imkan verir. Yolun üzərində çoxsaylı tunel və körpülərin inşası mürəkkəb relyef şəraitində müasir mühəndislik həllərinin tətbiqini tələb edir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin nəqliyyat imkanlarını yeni səviyyəyə yüksəldib. Hava limanı 28 may 2025-ci ildə istifadəyə verilib və Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Bu obyektin fəaliyyəti Laçının yalnız ölkədaxili nəqliyyat əlaqələrində deyil, beynəlxalq turizm və biznes imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq.

Laçın həm də bizə bir həqiqəti xatırladır: işğalın vurduğu yaraları yalnız vaxt sağaltmır. Bunun üçün güclü dövlət iradəsi, iqtisadi imkan, siyasi qətiyyət, xalqın birliyi və ən əsası, doğma torpağa bağlılıq lazımdır. Azərbaycan bütün bunları nümayiş etdirdi. Bu səbəbdən 26 Avqust təkcə Laçının azadlığının ildönümü deyil, həm də dövlətimizin quruculuq və bərpa gücünün nümayiş etdirildiyi gündür. Bu gün Laçında həyatın yenidən qurulması Zəfərin davamıdır. Doğma torpaqlarına qayıdan hər bir ailə, fəaliyyətə başlayan hər bir məktəb, müəssisə və sosial obyekt, istehsal olunan hər kilovat-saat yaşıl enerji, salınan hər yeni yol və yaradılan hər yeni iş yeri Azərbaycanın bu torpaqlarda qurduğu sülhün, inkişafın və firavanlığın göstəricisidir.

Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edir, bu müqəddəs torpağın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəman Vətən müharibəsi iştirakçılarına minnətdarlığımı bildirirəm. Laçının azadlığı uğrunda aparılan mübarizə ilə yazılan Zəfər salnaməsi bu gün quruculuq və Böyük Qayıdış salnaməsi ilə davam edir.

Asif Əsgərov,
Milli Məclisin deputatı

Geri dön