Ana Sayfa > Özəl > Azərbaycan–Özbəkistan qardaşlığı: strateji müttəfiqlikdən böyük regional əməkdaşlığa doğru
Azərbaycan–Özbəkistan qardaşlığı: strateji müttəfiqlikdən böyük regional əməkdaşlığa doğruBu gün, 10:53. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, qarşılıqlı etimadın möhkəmliyini və gələcək əməkdaşlığın geniş perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, Türk dünyasının və bütövlükdə Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat xəritəsinə təsir göstərən mühüm strateji tərəfdaşlıq modelinə çevrilib. Bu münasibətlərin əsasını ilk növbədə xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət təşkil edir. Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan bu təbii yaxınlıq dövlətlərarası münasibətlərin möhkəm mənəvi-siyasi təməlini formalaşdırır. Məhz bu möhkəm təməl üzərində son illərdə iki ölkə arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad bu prosesdə mühüm rol oynayır. Liderlər arasında yüksək səviyyəli siyasi dialoq iki ölkənin münasibətlərinin inkişafına ciddi impuls verir. Son beş ildə ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar Azərbaycan–Özbəkistan əlaqələrinin nə qədər dinamik xarakter daşıdığını göstərir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin siyasi və hüquqi bazasının daha da möhkəmlənməsinə səbəb olub. Bu səfərlər çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm sənədlərdir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan münasibətlərinin institusional əsaslarını daha da gücləndirib. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və mövcud layihələrin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm geosiyasi və iqtisadi mövqeyində yerləşir. Bu coğrafi üstünlük hər iki ölkəni Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının təbii tərəfdaşına çevirir. Azərbaycanın fəal iştirak etdiyi Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Özbəkistanın nəqliyyat və logistika imkanlarının Azərbaycanın tranzit infrastrukturu ilə daha sıx əlaqələndirilməsi regionlararası ticarətin inkişafına mühüm töhfə verə bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP layihəsi ilə inteqrasiyası isə daha geniş regional əməkdaşlıq imkanları yaradır. Bu proses nəticəsində Asiyadan Avropaya uzanan yeni və daha səmərəli nəqliyyat bağlantılarının formalaşması mümkündür. Tranzit daşımalarında müşahidə olunan artım da bu perspektivin real əsaslara söykəndiyini göstərir. Nəqliyyat əlaqələrinin genişlənməsi təkcə yükdaşımaların artmasına deyil, həm də yeni investisiyaların cəlb edilməsinə, logistika mərkəzlərinin inkişafına və region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək. Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının birliyinin möhkəmləndirilməsinə də mühüm töhfə verir. Azərbaycan və Özbəkistan TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarixi, mədəni və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirirlər. Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və mədəni əlaqələrin gücləndirilməsi təşkilatın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Azərbaycan və Özbəkistanın bu prosesdə fəal mövqeyi Türk dünyasının daha sıx inteqrasiyası üçün mühüm amildir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də ortaq türk irsinin qorunması baxımından mühüm hadisədir. Azərbaycan və Özbəkistanın bu istiqamətdə birgə təşəbbüsləri türk xalqlarının zəngin tarixi və mədəni irsinin dünya ictimaiyyətinə daha geniş təqdim olunmasına imkan yaradır. Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni mərhələyə yüksəlməsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ölkəmizin regionla münasibətlərinin strateji xarakter daşıdığını nümayiş etdirir. Əvvəllər “C5” formatında olan regional əməkdaşlığın Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına çevrilməsi yeni geosiyasi və iqtisadi reallıq yaradıb. Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz ölkəsi olmadığını, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında mühüm rol oynayan regional aktora çevrildiyini göstərir. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və ticarət bağlantılarının yaradılmasında fəal iştirakı ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bakı limanı, dəmir yolları, magistral yollar və digər infrastruktur layihələri Azərbaycanı regionlararası əlaqələrin mühüm qovşaqlarından birinə çevirir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri sadəcə bu günün uğurlarına deyil, gələcəyin böyük hədəflərinə hesablanıb. Ortaq tarixdən güc alan, qarşılıqlı etimad üzərində inkişaf edən və strateji maraqlarla tamamlanan bu qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti göstərir ki, türk dünyasında birlik və həmrəylik artıq yalnız mənəvi çağırış deyil, konkret siyasi, iqtisadi və humanitar layihələrdə öz əksini tapan reallıqdır. Bu baxımdan Azərbaycan–Özbəkistan müttəfiqliyi həm iki xalqın rifahına, həm Türk dünyasının güclənməsinə, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı sülh, sabitlik və əməkdaşlıq məkanının formalaşmasına mühüm töhfə verir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |