Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: "Azərbaycan-Özbəkistan tərəfdaşlığı Orta Dəhliz boyunca yeni imkanlar yaradır"
Tamam Cəfərova: "Azərbaycan-Özbəkistan tərəfdaşlığı Orta Dəhliz boyunca yeni imkanlar yaradır"Bu gün, 19:46. Yazar: azer |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini daha aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müsahibəsində Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, Türk dünyasının inteqrasiyası, regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, ortaq tarixi-mədəni irsin qorunması, təhsil və humanitar əlaqələrin inkişafı, həmçinin Azərbaycanla Mərkəzi Asiya arasında strateji əlaqələrin dərinləşdirilməsi baxımından təqdim edildi. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, müsahibənin diqqət çəkən əsas məqamlarından biri Azərbaycan ilə Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığına verilən yüksək qiymətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”. Bu yanaşma iki ölkənin TDT-yə münasibətinin sadəcə çoxtərəfli diplomatik platforma ilə məhdudlaşmadığını göstərir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatını ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında formalaşan daha geniş inteqrasiya məkanı kimi qiymətləndirirlər. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Zirvə görüşündə TDT-nin institusional gücünün artırılması, türk dövlətləri arasında daha sıx birliyin təmin olunması, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərarların qəbul edilməsi təşkilatın inkişafında yeni mərhələnin əsaslarını müəyyənləşdirib. Azərbaycanın və Özbəkistanın TDT daxilində fəal mövqeyi bu prosesə xüsusi dinamizm verir. İki ölkənin siyasi dialoqun inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığa verdiyi töhfə Türk dünyasında inteqrasiya prosesinin yalnız siyasi deyil, həm də iqtisadi və humanitar məzmununun güclənməsinə xidmət edir. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev müsahibəsində bu istiqamətin böyük perspektivlər vəd etdiyini xüsusi vurğulayır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malik olması hər iki ölkəni Şərqlə Qərb arasında yeni nəqliyyat və ticarət bağlantılarının formalaşdırılmasında təbii tərəfdaşlara çevirir. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə bir inteqrasiya Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın tranzit və logistika imkanlarını da daha geniş regional şəbəkənin tərkib hissəsinə çevirə bilər. Nəticədə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ikitərəfli iqtisadi münasibətlərin inkişafı ilə məhdudlaşmayacaq, Avrasiya məkanında yeni nəqliyyat və ticarət marşrutlarının formalaşmasına da təsir göstərəcək. Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni-humanitar əlaqələrdir. Bu sahədə təhsil əməkdaşlığı xüsusi yer tutur. Təhsil sahəsində əməkdaşlıq iki ölkənin gənc nəslinin bir-birinin tarixi, mədəniyyəti və ictimai həyatı ilə daha yaxından tanış olmasına, qarşılıqlı əlaqələrin uzunmüddətli sosial bazasının formalaşmasına xidmət edir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması bu istiqamətdə qarşılıqlı marağın və əlaqələrin miqyasının göstəricisidir. Bu rəqəmlər təkcə tələbə mübadiləsini deyil, həm də iki ölkə arasında intellektual və humanitar əlaqələrin gələcək üçün yeni nəsil daşıyıcılarının formalaşmasını ifadə edir. Təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biri Özbəkistanın təşəbbüsü ilə inşa edilən və hazırda Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəbdir. Bu məktəb Azərbaycan–Özbəkistan qardaşlığının konkret və rəmzi ifadələrindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə Özbəkistanın verdiyi dəstəyin də mühüm göstəricisidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması təhsil layihəsindən daha geniş məna daşıyır. Bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm mənəvi körpüdür. Azərbaycan tərəfinin bu nəcib təşəbbüsə və işğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə minnətdarlıq bildirməsi də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə qarşılıqlı hörmət və həmrəyliyə əsaslandığını göstərir. Millət vəkilinin sözlərinə görə, ortaq türk irsinin qorunması və təşviqi də bu münasibətlərin mühüm dayaqlarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir”. Bu baxımdan Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi mühüm hadisədir. Zəngin tarixi və mədəni irsə malik Özbəkistanın Fondun fəaliyyətinə qoşulması Türk dünyasının ümumi mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində əməkdaşlığın imkanlarını daha da genişləndirir. Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin gücünü müəyyən edən əsas amillərdən biri məhz siyasi və iqtisadi maraqların tarixi-mədəni yaxınlıqla tamamlanmasıdır. İki xalq arasında ortaq türk irsi, mədəniyyət, adət-ənənələr və tarixi yaddaş dövlətlərarası münasibətlər üçün möhkəm mənəvi baza yaradır. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr isə bu yaxınlığın gələcək nəsillər tərəfindən davam etdirilməsinə imkan verir. Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan–Özbəkistan münasibətləri daha geniş regional kontekstdə də qiymətləndirilir. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dinamik şəkildə inkişaf edib”. Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməsi Azərbaycanın xarici siyasətində bu regionun əhəmiyyətinin artdığını göstərir. Azərbaycanın Cənubi Qafqaz, Özbəkistanın isə Mərkəzi Asiyada oynadığı rol bu iki ölkənin regional əməkdaşlığını daha geniş geosiyasi və geoiqtisadi proseslərin mühüm hissəsinə çevirir. Tarixi və mədəni yaxınlıqla yanaşı, coğrafi mövqelərin yaratdığı imkanlar Bakı ilə Daşkənd arasında əməkdaşlığın strateji xarakterini gücləndirir. Bu mənada Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. İki ölkənin əməkdaşlığı Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bağlantıların yaranmasına və Şərqlə Qərb arasında nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı etimad, strateji maraqlar və ortaq dəyərlər üzərində qurulan çoxşaxəli tərəfdaşlıq modelinə çevrilib. TDT çərçivəsində siyasi həmrəyliyin gücləndirilməsi, nəqliyyat və logistika layihələrinin reallaşdırılması, təhsil və mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi, ortaq türk irsinin qorunması və Mərkəzi Asiya–Cənubi Qafqaz bağlantılarının genişləndirilməsi bu tərəfdaşlığın gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı iki qardaş ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, daha geniş Türk dünyasının strateji potensialının artmasına da imkan yaradır. Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq modeli göstərir ki, ortaq tarix və mədəniyyət üzərində qurulan münasibətlər müasir dövrdə siyasi, iqtisadi, humanitar və geostrateji tərəfdaşlığa çevrilərək regionun gələcək inkişafında mühüm rol oynaya bilər. Geri dön |