Ana Sayfa > Dünya > Rusiyada səfərbərlik təhlükəsi: Azərbaycan üçün “miqrasiya ssenarisi” işə düşə bilər

Rusiyada səfərbərlik təhlükəsi: Azərbaycan üçün “miqrasiya ssenarisi” işə düşə bilər


Bu gün, 19:03. Yazar: vasif
Rusiyada səfərbərlik təhlükəsi: Azərbaycan üçün “miqrasiya ssenarisi” işə düşə bilər



Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan gözləntilər ölkədə ciddi narahatlıq yaradıb. Xüsusilə müharibəyə göndərilməkdən ehtiyat edən Rusiya vətəndaşlarının ölkəni tərk etməyə başlaması ilə bağlı məlumatlar yenidən gündəmə gəlib. Son günlər Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” keçid məntəqəsində də qeyri-adi sıxlıq müşahidə olunur.

Rusiya Federal Gömrük Xidməti avqustun 18-də bu keçid məntəqəsindən sutka ərzində 20 mindən çox insanın keçdiyini açıqlayıb. Avqustun 15-16-da isə gündəlik göstəricinin 19 mindən çox olduğu bildirilib. Bununla belə, Gürcüstan Daxili İşlər Nazirliyi “20 min rusiyalının Gürcüstana daxil olması” barədə məlumatı təkzib edib və həmin 24 saat ərzində müxtəlif ölkələrin vətəndaşlarından 7 880 nəfərin Gürcüstana daxil olduğunu açıqlayıb.Məsələnin diqqətçəkən tərəfi odur ki, bu proses Rusiyada yeni səfərbərliklə bağlı şayiələrin yayıldığı dövrə təsadüf edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə yeni kütləvi səfərbərliyin planlaşdırıldığı barədə məlumatları təkzib edib.

Əgər Rusiyada yeni miqrasiya dalğası yaranarsa, bu proses Azərbaycana da təsir edəcəkmi? Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının geri qayıtması mümkündürmü?

Millət vəkili Azər Allahverənov mövzu ilə bağlı Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, hazırda səfərbərliklə bağlı konkret qərar açıqlanmasa da, risk amili qalmaqdadır:

“Bəli, Rusiyanın həm media mühitində, həm də bəzi siyasi dairələrdə mümkün səfərbərliklə bağlı fikirlər səsləndirilir. Bildirilir ki, belə bir proses Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkilərdən dərhal sonra başlaya bilər. Əslində, 2022-ci ildə Rusiyada qismən səfərbərlik elan edilmişdi. Səfərbərlik mexanizminin dörd dərəcəsi mövcuddur və həmin vaxt bunun bir dərəcəsi üzrə səfərbərlik həyata keçirildi. Səfərbərliyin elan edilməsinə dair sərəncam mövcuddur. Mənim bildiyim qədər, onun dayandırılması ilə bağlı ayrıca sərəncam qəbul edilməyib. Bu baxımdan, Rusiya hakimiyyətinin əlində həmin mexanizm hələ də qalır. Yəni yenidən səfərbərlik elan etmək üçün mütləq yeni sərəncamın qəbul edilməsinə ehtiyac olmaya bilər. Mövcud hüquqi əsaslardan istifadə edilməklə, fərqli meyarlar əsasında səfərbərlik həyata keçirilə bilər. Hazırda Rusiya hakimiyyətinin bu məsələni nə təsdiqləməsi, nə də təkzib etməsi riskin mövcudluğunu aradan qaldırır. Düşünürəm ki, Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra vəziyyətin nə dərəcədə real olduğunu daha aydın görə biləcəyik".

Millət vəkili bildirib ki, səfərbərlik ilk növbədə Rusiya Federasiyasının vətəndaşlarına şamil olunur:

"Son 1-2 ay ərzində, xüsusilə səfərbərliklə bağlı şayiələrin yayılmasından sonra müəyyən sayda insanın Rusiyanı tərk etməsi barədə məlumatlar daxil olur. Eyni zamanda, ölkəni tərk etmək niyyətində olan insanların da olduğu bildirilir. Burada söhbət əsasən hərbi mükəlləfiyyətli kişilərdən gedir. Rusiya vətəndaşlığını daşıyan və hərbi uçotda olan şəxslər, qanunvericilikdə nəzərdə tutulan möhlət hüququna malik olmadıqları təqdirdə, potensial olaraq səfərbərliyə cəlb oluna bilərlər".

Millət vəkili miqrant qruplarının da Rusiyada hərbi xidmətə cəlb edilməsi ilə bağlı məlumatlara diqqət çəkib:

"Miqrant qruplarının da hərbi xidmətə cəlb edilməsi ilə bağlı məlumatlar mövcuddur. Müxtəlif hallarda insanlara müqavilə əsasında Rusiya Silahlı Qüvvələrində xidmət etmək təklif olunur. Bəzi şəxslərin isə cinayət məsuliyyətindən yayınmaq qarşılığında belə müqavilələrə razılaşmağa məcbur edildiyi barədə məlumatlar yayılır. Orta Asiya respublikalarında yaşayan şəxslərin yaxınları da sosial şəbəkələrdə bu barədə konkret faktlara əsaslanan məlumatlar paylaşırlar.
Bu prosesdə etnik mənsubiyyətə görə fərq qoyulması məsələsi də gündəmdə deyil. Rusiya vətəndaşlığı əldə etmiş azərbaycanlılar, gürcülər və digər postsovet ölkələrindən olan şəxslər də müvafiq hərbi öhdəliklərə malik olduqları halda bu prosesə cəlb oluna bilərlər".

Azər Allahverənov mümkün səfərbərliyin Rusiyadan kütləvi miqrasiya axınına səbəb ola biləcəyini də istisna etmir:

"Müharibə başlayandan sonra müxtəlif mənbələrdə 1 milyondan 1,5 milyona qədər Rusiya vətəndaşının ölkəni tərk etdiyi bildirilir. Onların bir hissəsi Gürcüstanda, Ermənistanda, Türkiyədə və digər ölkələrdə məskunlaşıb. Bu baxımdan, kütləvi səfərbərlik elan olunacağı təqdirdə, Rusiya vətəndaşlarının etnik mənsubiyyətindən asılı olmayaraq ölkəni tərk etmək qərarına gəlməsi mümkündür. Bu proses Rusiya vətəndaşlığını qəbul etmiş etnik azərbaycanlılara da təsir göstərə bilər.
Hazırda səfərbərliklə bağlı məlumatların əsasən şayiə xarakterli olması səbəbindən kütləvi miqrasiya axınından danışmaq mümkün deyil. Ayrı-ayrı və fraqmentar məlumatlar mövcuddur. Lakin seçkilərdən dərhal sonra həqiqətən səfərbərlik başlasa, Rusiyadan qonşu ölkələrə ciddi miqrasiya axını yarana bilər.
Xüsusilə hərbi hissələrdə, poliqonlarda və silahlı qüvvələrin müxtəlif struktur bölmələrində monitorinqlərin aparılması barədə məlumatlar da mümkün səfərbərliyə hazırlıq kimi qiymətləndirilir. Bu isə riskin kifayət qədər ciddi olduğunu göstərir".

Millət vəkili hesab edir ki, belə bir ssenari reallaşarsa, Azərbaycana gələcək Rusiya vətəndaşlarının sayında da artım ola bilər:

"Burada xüsusilə Rusiya vətəndaşlığı olan etnik azərbaycanlılardan söhbət gedir. Son 1-2 ay ərzində Azərbaycan-Rusiya arasında miqrasiya mübadiləsində müəyyən canlanma müşahidə olunur. Rusiyadan Azərbaycana gələnlərin sayında artım var. Bunun yay mövsümü ilə əlaqəli olması mümkündür. Lakin bu artımın müəyyən hissəsinin səfərbərlik ehtimalı ilə bağlı olduğunu da istisna etmək olmaz. Azərbaycandan Rusiyaya gedərək orada yaşayan və işləyən, sonradan Rusiya vətəndaşlığı alan şəxslər də bu risklə üzləşə bilərlər. Əgər həmin şəxslərin Rusiyada hərbi uçotu varsa və möhlət hüquqları yoxdursa, onlar səfərbərlik tədbirlərinə cəlb oluna bilərlər. Əvvəlki illərdə Azərbaycanda hərbi xidmət keçmiş şəxslərin Rusiyada hərbi xidmətə cəlb edilməsi ilə bağlı müəyyən məhdudiyyətlərə rast gəlinirdi. Lakin hazırkı müharibə şəraitində yanaşmalar dəyişə bilər. Hətta Azərbaycan ərazisində hərbi xidmət keçmiş Rusiya vətəndaşlarının da Rusiya Silahlı Qüvvələrinə, o cümlədən Rusiya-Ukrayna müharibəsində iştirak üçün cəlb olunması ehtimalı var. Hazırda vəziyyət bu istiqamətdədir. Yaxın bir-iki ay ərzində prosesin hansı istiqamətdə inkişaf edəcəyi və mümkün səfərbərliklə bağlı risklərin nə dərəcədə real olduğu daha aydın görünəcək”.
Geri dön