Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: "Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır"

Adəm İsmayıl Bakuvi: "Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır"


Bu gün, 11:13. Yazar: azer
Adəm İsmayıl Bakuvi: "Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır"

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan və Özbəkistan arasında formalaşmış çoxşaxəli əlaqələrin artıq strateji məzmun qazandığını bir daha göstərir. Son illər ərzində yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi əldə olunan uğurların əsas amillərindən birinə çevrilib. Qarşılıqlı səfərlərin müntəzəm xarakter alması və dövlət başçıları arasında sıx təmasların davam etməsi iki ölkə arasındakı münasibətlərin ardıcıl siyasi iradəyə və möhkəm etimada əsaslandığını nümayiş etdirir. Əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə qarşılıqlı etimadın konkret layihələr və təşəbbüslərlə möhkəmləndirilməsinə geniş imkanlar açır.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki, bu çərçivədə iqtisadi əməkdaşlığın dinamikası xüsusilə diqqətəlayiqdir. Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr artıq yalnız mövcud potensialdan yararlanmaqla məhdudlaşmır, yeni imkanların yaradıldığı daha geniş inkişaf mərhələsinə qədəm qoyur. Bu prosesdə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti mühüm rol oynayır. 500 milyon dollar ümumi kapitalla yaradılan bu platforma hər iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərait formalaşdırır. İnvestisiya əməkdaşlığının belə institusional mexanizm əsasında inkişaf etdirilməsi biznes münasibətlərinin ayrı-ayrı təşəbbüslərdən çıxaraq sistemli və uzunmüddətli tərəfdaşlığa çevrildiyini göstərir.

Bununla yanaşı, birgə istehsal layihələri də iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avtomobil sənayesində “Chevrolet” və “Isuzu” markaları üzrə həyata keçirilən əməkdaşlıq iki ölkənin istehsal və iqtisadi imkanlarının bir layihədə necə birləşdirilə bildiyini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində Özbəkistanın iştirakı isə bu iqtisadi tərəfdaşlığa əlavə mənəvi məna qazandırır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi qardaşlığın yalnız rəsmi sənədlərdə və siyasi bəyanatlarda deyil, insanların gündəlik həyatında da özünü göstərdiyini təsdiqləyən mühüm nümunədir.

Fikirlərini davam etdirən müsahibimiz bunu da bildirib ki, iki ölkə arasında əməkdaşlığın coğrafiyası da getdikcə genişlənir. Özbəkistan sərmayəli şirkətlərin Azərbaycanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin isə Daşkənddə və Özbəkistanın digər bölgələrində layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi maraqların balanslı və qarşılıqlı faydalı xarakter daşıdığını göstərir. Eyni zamanda turizm, təhsil, media və regionlararası əməkdaşlıq kimi sahələr iqtisadi tərəfdaşlığın sosial və humanitar əsaslarını daha da möhkəmləndirir.

Xüsusilə qardaşlaşmış şəhərlər arasında münasibətlərin genişlənməsi diqqət çəkir. Bakı və Daşkənddən başlayaraq Azərbaycan və Özbəkistanın müxtəlif şəhərləri arasında qurulan tərəfdaşlıq əlaqələri iki xalq arasındakı münasibətlərin dövlətlərarası səviyyədən şəhərlərə, icmalara və ayrı-ayrı insanlara qədər genişlənməsinə şərait yaradır. Bu cür təmaslar xalqların bir-birinin mədəniyyətini və həyat tərzini daha yaxından tanımasına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və gələcək nəsillər arasında dostluq bağlarının daha da güclənməsinə mühüm zəmin yaradır.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində ortaya qoyulan mənzərə Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız əldə edilmiş nəticələrə deyil, gələcəkdə reallaşdırılması mümkün olan daha böyük imkanlara əsaslandığını göstərir. Siyasi etimad iqtisadi layihələrin inkişafına, iqtisadi tərəfdaşlıq humanitar yaxınlığın möhkəmlənməsinə, humanitar əlaqələr isə xalqlar arasında qarşılıqlı rəğbətin daha da artmasına xidmət edir. Məhz bu qarşılıqlı bağlılıq Azərbaycan və Özbəkistan arasında müttəfiqliyi regional əməkdaşlığın və qarşılıqlı inkişafın mühüm dayaqlarından birinə çevirir- deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön