Ana Sayfa > Dünya > İsrail və İran üçün yeni kabus-5 ölkə...

İsrail və İran üçün yeni kabus-5 ölkə...


Dünən, 23:39. Yazar: vasif
İsrail və İran üçün yeni kabus-5 ölkə...


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də Məkkədə imzalanmış Birgə Müdafiə Sazişi artıq yalnız üç ölkənin hərbi əməkdaşlığı çərçivəsində qalmır. Sazişin coğrafiyasının genişlənməsi ehtimalı getdikcə daha real görünür. Əvvəlcə Misirin bu formata qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirməsi gündəmə gəldi, indi isə Suriyadan gələn açıqlama prosesə tamam başqa məna qazandırır.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani Dəməşqin Məkkədə imzalanmış Birgə Müdafiə Sazişinə qoşulmaqla bağlı mövcud variantları araşdırdığını açıqlayıb. Nazir hələ yekun qərarın qəbul edilmədiyini bildirsə də, Suriyanın belə bir təhlükəsizlik mexanizminə maraq göstərməsi özü-özlüyündə mühüm siyasi mesajdır. Beləliklə, Misirdən sonra daha bir ərəb dövlətinin- Suriyanın da bu ittifaqın imkanlarını nəzərdən keçirməsi Məkkə Sazişinin regional təhlükəsizlik platformasına çevrilməsi perspektivini gücləndirir.

Məsələni daha da diqqətçəkən edən məqam isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın avqustun sonunda Misirlə İstanbulda keçirəcəyi görüşdür. Regional təhlükəsizlik, Qəzza və Yaxın Şərqdə artan gərginliyin əsas müzakirə mövzuları sırasında olacağı gözlənilən bu toplantı Məkkə Sazişinin gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Əgər Qahirə də bu mexanizmə qoşularsa, üç ölkə ilə məhdudlaşan müdafiə formatı daha geniş regional güc platformasına çevrilə bilər. İndi Suriyanın da bu variantı nəzərdən keçirməsi isə prosesin miqyasını daha da böyüdür.

Məkkə Sazişinin əsas prinsipi olduqca ciddi siyasi və hərbi çəkidədir. Belə ki, tərəflərdən birinə qarşı silahlı hücum digər üzvlərə qarşı hücum kimi qiymətləndiriləcək. Bu isə sadəcə diplomatik həmrəylik bəyanatı deyil, qarşılıqlı müdafiə və çəkindirmə mexanizminin yaradılması deməkdir. Belə bir mexanizmin Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, mümkün olaraq Misir və Suriya kimi dövlətlərin iştirakı ilə genişlənməsi Yaxın Şərqdə qüvvələr nisbətinə ciddi təsir göstərə bilər.

Burada Türkiyənin rolu da xüsusi diqqət çəkir. Ankara son illərdə həm Yaxın Şərqdə, həm də İslam dünyasında regional təhlükəsizlik məsələlərində daha fəal mövqe nümayiş etdirir. Səudiyyə Ərəbistanının iqtisadi və siyasi çəkisi, Pakistanın hərbi potensialı, Misirin ərəb dünyasındakı xüsusi mövqeyi və Suriyanın geosiyasi əhəmiyyəti bir araya gəldikdə, ortaya kifayət qədər ciddi regional güc konfiqurasiyası çıxa bilər.

Əgər Misirin ardından Suriya da Məkkə Sazişinə qoşularsa, bu, artıq sadəcə yeni bir müdafiə müqaviləsinin genişlənməsi olmayacaq. Söhbət Yaxın Şərqdə müsəlman ölkələrinin öz təhlükəsizlik mexanizmlərini formalaşdırmaq istiqamətində atdığı mühüm addımdan gedə bilər. Bu isə təbii olaraq İsrailin, İranın və ABŞ-ın regiondakı siyasətinə də təsir göstərəcək. Xüsusilə Qəzza müharibəsinin davam etdiyi, İsrail-İran qarşıdurmasının yaratdığı risklərin tam aradan qalxmadığı bir vaxtda belə ittifaqın genişlənməsi yeni strateji reallıq yarada bilər.

Məkkə Sazişi həqiqətən də Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Suriya kimi ölkələri birləşdirən genişmiqyaslı regional müdafiə platformasına çevriləcək? Misirin ardından Suriyanın da bu mexanizmə qoşulması Yaxın Şərqdə güc balansını dəyişə bilərmi? Ankara, Ər-Riyad, İslamabad, Qahirə və Dəməşqin mümkün təhlükəsizlik ittifaqı İsrail və İran üçün hansı yeni reallığı yaradacaq? ABŞ bu prosesə necə yanaşacaq? Məkkə Sazişi İslam dünyasının öz təhlükəsizlik mexanizmini yaratmasının başlanğıcıdırmı?

Politoloq Həsən Məmmədov Musavat.com-a dedi ki, Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Birgə Müdafiə Sazişi artıq regional təhlükəsizlik baxımından daha böyük məna daşıyır: "Misirin bu formata qoşulması, Suriyanın isə sazişə maraq göstərməsi gündəmi daha da dəyişir. Əgər bu proses genişlənərsə, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Suriya kimi ölkələri birləşdirən ciddi regional təhlükəsizlik platforması yarana bilər. Bu mənzərə İran üçün xüsusilə həssasdır. Saziş rəsmi olaraq İrana qarşı yönəlməsə də, Tehran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin eyni təhlükəsizlik mexanizmində birləşməsini diqqətlə izləyəcək. İranın əsas narahatlığı yeni ittifaqın gələcəkdə onun regional təsir imkanlarını məhdudlaşdırması və İsrail qarşısında yeni güc balansı yaratmasıdır. ABŞ üçün də vəziyyət kifayət qədər mürəkkəbdir. Vaşinqton bir tərəfdən İran üzərində regional təzyiqi artırmaq üçün belə bir təhlükəsizlik platformasından istifadə edə bilər, digər tərəfdən isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müstəqil hərbi-siyasi güc mərkəzinə çevrilməsini istəməyə bilər. Buna görə ABŞ-nin əsas məqsədi bu yeni formatı nəzarətdən çıxmadan öz regional strategiyasına uyğunlaşdırmaq ola bilər.

Əgər Misir və gələcəkdə Suriya da prosesə qoşularsa, söhbət artıq adi müdafiə sazişindən getməyəcək. Ortaya Türkiyənin hərbi gücü, Pakistanın nüvə potensialı, Səudiyyə Ərəbistanının maliyyə imkanları, Misirin ərəb dünyasındakı çəkisi və Suriyanın strateji mövqeyini birləşdirən yeni regional güc mərkəzi çıxa bilər".

Politoloqun sözlərinə görə, Məkkə Sazişi Yaxın Şərqdə yeni təhlükəsizlik düzəninin əsasını qoya bilər: "İran və İsrail bu balansın nəticələrini hesablayacaq, ABŞ isə yeni regional güc mərkəzinin öz təsir dairəsindən kənarda formalaşmasına imkan verməməyə çalışacaq".
Geri dön