Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Azərbaycan-Özbəkistan tərəfdaşlığı Avrasiya nəqliyyat xəritəsinin mühüm elementlərindən birinə çevirilir”

Azər Kərimli: “Azərbaycan-Özbəkistan tərəfdaşlığı Avrasiya nəqliyyat xəritəsinin mühüm elementlərindən birinə çevirilir”


Bu gün, 18:55. Yazar: azer
Azər Kərimli: “Azərbaycan-Özbəkistan tərəfdaşlığı Avrasiya nəqliyyat xəritəsinin mühüm elementlərindən birinə çevirilir”

“Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin inkişafına yalnız ikitərəfli əlaqələr müstəvisindən yanaşmaq artıq kifayət etmir. Bu tərəfdaşlığın coğrafi miqyası genişləndikcə onun regional və qlobal əhəmiyyəti də artır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində nəqliyyat, logistika və qarşılıqlı bağlantılarla bağlı səsləndirdiyi fikirlər iki qardaş ölkənin yeni geoiqtisadi reallıqların formalaşmasında mühüm rol oynaya biləcəyinə dair aydın mesajdır. Azərbaycanın Cənubi Qafqazda və Özbəkistanın Mərkəzi Asiyada son dərəcə əlverişli coğrafi mövqeləri bir-birini tamamlayan üstünlüklərdir. Bu amil son illərdə iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına yeni məzmun verib. Məqsəd yalnız yükdaşımaların həcmini artırmaq deyil, Şərqlə Qərbi birləşdirən marşrutların səmərəliliyini yüksəltmək, yeni iqtisadi əlaqələr üçün daha əlverişli şərait yaratmaqdır.”

Bu fikirləri Milli məclisin deputatı Azər Kərimli aia.az-a verdiyi açıqlamasında səsləndirib.


Millət vəkili bu baxımdan Orta Dəhlizin əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Azərbaycan bu marşrutun əsas iştirakçılarından biri kimi nəqliyyat infrastrukturunun inkişafına, liman və dəmir yolu imkanlarının genişləndirilməsinə, tranzit prosedurlarının təkmilləşdirilməsinə böyük diqqət yetirir. Özbəkistanın da bu istiqamətdə fəallığının artması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhlizlə əlaqələndirilməsi perspektivinə diqqət yetirməsi də təsadüfi deyil. Bu xəttin mövcud nəqliyyat şəbəkələri ilə səmərəli inteqrasiyası Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirə, Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyətini daha da artıra bilər. Belə bir əməkdaşlıq yeni iqtisadi coğrafiyanın formalaşmasına ciddi təsir göstərəcək. Burada Azərbaycan üçün başqa mühüm istiqamət də meydana çıxır. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, investisiya, istehsal və logistika imkanlarını birləşdirən regional mərkəz kimi mövqeyini möhkəmləndirir. Özbəkistanla əməkdaşlıq isə bu prosesin ən perspektivli istiqamətlərindən biridir. İki ölkə arasında yaradılan investisiya mexanizmləri və həyata keçirilən birgə layihələr nəqliyyat əlaqələrinin iqtisadi məzmununu tamamlayır. Nəqliyyat dəhlizlərinin uğuru yalnız yolların və dəmir yollarının mövcudluğu ilə müəyyənləşmir. Burada siyasi sabitlik, qarşılıqlı etimad, gömrük və logistika prosedurlarının uyğunlaşdırılması, yük sahibləri üçün rəqabətqabiliyyətli şərtlərin yaradılması da vacibdir. Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi münasibətlər bu baxımdan mühüm üstünlük yaradır. Dövlətlər arasında qarşılıqlı etimad möhkəm olduqda böyük infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli mühit formalaşır. Nəticə etibarilə, Azərbaycan və Özbəkistanın nəqliyyat sahəsində əməkdaşlığı iki ölkənin milli maraqlarını birləşdirməklə yanaşı, daha böyük regional məqsədlərə xidmət edir. Orta Dəhlizin genişlənməsi, Mərkəzi Asiyanın dünya bazarlarına çıxışının asanlaşması və yeni bağlantı imkanlarının yaranması Azərbaycan-Özbəkistan tərəfdaşlığını gələcək Avrasiya nəqliyyat xəritəsinin mühüm elementlərindən birinə çevirə bilər. Bu mənada qardaşlıq yalnız mənəvi anlayış deyil, artıq konkret iqtisadi və strateji nəticələr yaradan real gücə çevrilir” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb.
Geri dön