Ana Sayfa > Özəl > Paşinyanın 5 illik “yol xəritəsi”: Bakının əsas gözləntisi Konstitusiya dəyişikliyidir
Paşinyanın 5 illik “yol xəritəsi”: Bakının əsas gözləntisi Konstitusiya dəyişikliyidirBu gün, 20:41. Yazar: vasif |
![]() Ermənistan hökumətinin açıqladığı 2026–2031-ci illər üzrə inkişaf proqramında Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyasının davam etdirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin qurulması əsas istiqamətlər sırasında göstərilib. Proqramda İrəvanın Azərbaycanla vətəndaş cəmiyyətləri və biznes dairələri arasında əlaqələri genişləndirmək, qarşılıqlı ticarəti inkişaf etdirmək niyyəti də əksini tapıb. Türkiyə ilə bağlı hissədə isə diplomatik münasibətlərin qurulması və sərhədin açılması qarşıdakı beş ilin hədəfləri sırasında yer alır. Diqqət çəkən əsas məsələlərdən biri Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi planıdır. Sənəd layihəsinin ictimai müzakirəyə çıxarılması və daha sonra referendum keçirilməsi nəzərdə tutulur. Bakı üçün isə məhz bu proses Azərbaycanla yekun sülh sazişinin imzalanması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistanın hüquqi bazasında Azərbaycana qarşı ərazi iddiaları kimi şərh edilən müddəalar aradan qaldırılmalıdır. Bu səbəbdən İrəvanın qarşıdakı dövrdə yalnız sülh niyyətini bəyan etməsi deyil, həmin istiqamətdə konkret hüquqi və siyasi addımlar atması əsas gözləntilərdən biridir. Nikol Paşinyanın proqramla bağlı açıqlamasında Kərki, Bərxudarlı və Yuxarı Əskiparanın Ermənistan ərazisinə daxil olmadığını bildirməsi də diqqət çəkib. Bu açıqlama anklav kəndlərin gələcək taleyi və sərhədlərin delimitasiyası prosesini yenidən gündəmə gətirib. Politoloq Oqtay Qasımov hesab edir ki, Ermənistanın yeni inkişaf proqramında Azərbaycanla münasibətlərə ayrılan yer mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Paşinyan hökumətinin sülh prosesinin davam etdirilməsi və institutlaşdırılması barədə mövqeyi proqramda açıq şəkildə ifadə olunur. Ekspert anklav kəndlərin qaytarılmasının delimitasiya və demarkasiya prosesinin gedişindən asılı olacağını düşünür. Onun fikrincə, sərhədlərin şimaldan cənuba doğru dəqiqləşdirilməsi nəzərə alınarsa, Qazax istiqamətində yerləşən kəndlərlə bağlı məsələnin prosesin daha erkən mərhələlərində həll edilməsi mümkündür. Qasımov hesab edir ki, yekun sülh müqaviləsi imzalanmazdan əvvəl də Azərbaycan və Ermənistan arasında müəyyən iqtisadi və ticarət əlaqələrinin formalaşması mümkündür. Belə addımlar tərəflər arasında qarşılıqlı iqtisadi maraqlar yaradaraq normallaşma prosesinə əlavə stimul verə bilər. Bununla belə, ekspertin fikrincə, Bakının İrəvanın beşillik proqramından əsas gözləntisi sənəddə yazılan niyyətlərin praktiki addımlara çevrilməsidir. Burada ən mühüm məsələlərdən biri Ermənistanın Konstitusiya dəyişikliyini həyata keçirməsi və sülh sazişinin imzalanması qarşısındakı hüquqi-siyasi maneələrin aradan qaldırılmasıdır. Beləliklə, Ermənistanın 2026–2031-ci illər üçün təqdim etdiyi “yol xəritəsi” münasibətlərin normallaşması üçün geniş plan ortaya qoysa da, prosesin gələcəyini proqramdakı vədlərdən daha çox onların hansı müddətdə və hansı formada icra ediləcəyi müəyyənləşdirəcək. Geri dön |