Ana Sayfa > Dünya > İran müharibənin “ikinci raund”una hazırlaşır

İran müharibənin “ikinci raund”una hazırlaşır


Bu gün, 14:47. Yazar: vasif
İran müharibənin “ikinci raund”una hazırlaşır


ABŞ-İran qarşıdurması fonunda son günlər Tehrandan verilən açıqlamalar Yaxın Şərqdə gərginliyin yenidən genişmiqyaslı hərbi toqquşmaya çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb. İran rəsmilərinin son mesajları göstərir ki, Tehran mümkün yeni qarşıdurma ehtimalını istisna etmir və növbəti hərbi mərhələyə əvvəlki ilə müqayisədə daha fərqli və daha geniş imkanlarla hazırlaşdığını nümayiş etdirməyə çalışır.

Bu açıqlamalar bölgədə atəşkəsin nə qədər davamlı olacağı və ABŞ-İran qarşıdurmasının yenidən hərbi müstəviyə qayıdıb-qayıtmayacağı ilə bağlı sualları da aktuallaşdırır. Cənub qonşumuz yeni müharibəyə hazırlaşır?
Politoloq Çingiz Şahbazi Musavat.com-a bildirdi ki, İranın atəşkəs dövründə hərbi hazırlığı gücləndirdiyi, raket və dron istehsalını artırdığı haqda məlumatlar öz əksini tapmaqdadır: “Bununla bağlı ABŞ-ın nüfuzlu mətbuat orqanlarında kifayət qədər məlumat var. ABŞ-İran arasında diplomatik kanallar vasitəsilə həyata keçirilən danışıqlar prosesində də vəziyyət heç də ürəkaçan deyil. Bu baxımdan hazırda durum kritikdir. “İran növbəti mərhələyə hazırlaşır” desək yanılmarıq. Bu baxımdan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbenin son açıqlaması Yaxın Şərqdə davam edən ABŞ -İran qarşıdurmasının növbəti mərhələsi baxımından, ciddi siyasi və hərbi siqnal oldu. O açıq formada dedi ki, yeni müharibə baş verəcəyi təqdirdə İran əvvəlki qarşıdurmalarda istifadə etdiyi silahlardan tamamilə fərqli və daha dağıdıcı olan silahlardan istifadə edəcək. Son vaxtlar İranın raketlərinin daha sürətli və daha öldürücü xarakter aldığını, bəzi yeni sistemlərinin manevr imkanlarının artdığı vurğulanır və ABŞ-İsrail cütlüyünün zərbələrindən sonra raket bazalarını və istehsal infrastrukturunu gözləniləndən daha sürətlə bərpa etdiyi ilə bağlı məlumatlar yer alıb. Bu baxımdan İran hərbi rəhbərliyinin atəşkəs dövründə raket istehsalını artırdıqlarını və döyüş təcrübəsi nəticəsində raketlərin dəqiqliyinin yüksəldiyini xüsusi olaraq qeyd etməsi və əvvəlki raketlərin məsafəsi və döyüş başlıqlarının təkmilləşdirilməsi ilə bağlı açıqlamaları ciddi siqnaldır və növbəti raund daha qanlı və genişmiqyaslı ola bilər. Bu da onu göstərir ki, İran müharibəni coğrafi baxımdan genişləndirmək və artıq bu mərhələdə müdafiə haqqında yox, daha çox hücum etmək, zərbələr endirmək haqqında düşünür. O, bunu müasir raket müharibəsində üstünlüyü əldə etmək üçün bir neçə komponentin birləşməsi nəticəsində həyata keçirməyə çalışır. Raketin dəqiqliyi, manevr imkanları, uçuş trayektoriyasının dəyişdirilməsi, müxtəlif istiqamətlərdə eyni zamanda buraxılması, mobil və yeraltı buraxılış sistemləri, rəqibin hava hücumlarından müdafiə sistemlərini yükləmək və sairə kimi komponentləri həyata keçirməklə uğur qazanmaq niyyətindədir. Bu baxımdan İranın yeni müharibəyə hazırlıq işləri həmçinin müharibədən çəkindirmə cəhdi kimi də qiymətləndirmək olar. Lakin, çəkindirmə üçün hazırlanmış hərbi imkanlar eyni zamanda eskalasiya üçün də istifadə oluna bilər. Bu da onu göstərir ki, həm ABŞ, həm də İran üçün müharibənin qiyməti heç də əvvəlki vaxtlara görə hesablanmaması lazımdır. Bu baxımdan hesab edirəm ki, diplomatik kanallar, onun üçün də açıq saxlanılır və mütləq tərəflər siyasi masaya ehtiyac duyacaqlar”.
Geri dön