Ana Sayfa > Ölkə > Paytaxtın “sentyabr tıxacı”nda çıxış yolu
Paytaxtın “sentyabr tıxacı”nda çıxış yoluBu gün, 09:00. Yazar: vasif |
![]() Bakıda dəyişkən iş qrafiki Dövlət Proqramına uyğun olaraq həyata keçiriləcək. Deputat Vüqar Bayramov deyib. O xatırladıb ki, bununla bağlı artıq Dövlət Proqramında konkret zaman müəyyənləşdirilib. Deputat qeyd edib ki, artıq təhlillər yekunlaşmaq üzrədir və siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Proqrama əsasən, dəyişən iş qrafiki Azərbaycanda 2026-cı ildə, yəni bu il artıq tətbiq olunmalıdır. Bu ilin sonuna isə təxminən 4 aydan bir az çox qalıb. Görünən odur ki, layihənin icrası yubanır. Ekspertlərin gözləntisi yeni tədris ili bağlıdır. Sadəcə, nə qədər effektiv olacağı sual doğurur. Sentyabrdan dəyişən iş qrafikinin reallaşması mümkündürmü? Ümumiyyətlə, iş saatlarının dəyişməsinin özü nəyi dəyşəcək? İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Əlbəttə ki, sentyabrdan dəyişən iş qrafikinin reallaşması mümkün deyil. Sentyabra nə qalıb ki, cəmi iki həftə var. Yəni ümumiyyətlə çevik iş rejiminin tətbiqi özü mürəkkəb məsələdir və o qədər də asan deyil. Çevik iş rejimi qanunvericiliyə daxil edilsə də, bütöv bir təşkilatın, bütöv bir nazirliyin bu sistemlə işləməsinin özü də müəyyən çətinliklər yaradır. Çevik iş rejimi iş daxilində fərdi şəxslərə və ya şöbələrə tətbiq olunarsa, bu daha effektiv olar. Təsəvvür edin, banklar saat 09:00-dan və ya 10:00-dan 17:00-a qədər müştərilərə xidmət göstərir. İndi çevik iş rejimi tətbiq olunanda bu proses necə tənzimlənəcək? Çünki bankların, məktəblərin və universitetlərin müəyyən olunmuş iş saatları var. İndiyədək yaxşı bir sistem qurulmuşdu: valideyn uşağını saat 08:00-da məktəbə qoyub, 09:00-da öz işinə çatırdı". İqtisadçı əlavə edib ki, çevik iş rejiminin özü iş yerlərinə sərbəstlik verməlidir ki, konkret şöbələrə və ya fərdi insanlara münasibətdə qərarlar qəbul edilə bilsin. Onsuz da özəl sektorda fərdi yanaşmalar vasitəsilə bu tür qərarları vermək mümkün olurdu, lakin dövlət sektorunda bu cür fərdi yanaşmalara imkan yoxdur. Hesab edirəm ki, çevik iş rejimini bu cür təşkilatların səlahiyyətlərinə versələr, daha effektiv tətbiq oluna bilər. Məsələn, təşkilat rəhbərliyi müəyyən edə bilər ki, filan şöbə iş vaxtını dəyişərək həftənin beşinci günü deyil, şənbə günü işləsin və ya müəyyən şöbənin iş saatları 09:00–18:00 əvəzinə 11:00–20:00 rejimində bölüşdürülsün. Ya da, İT sahəsində bu addım daha effektiv olar və həm işçilərin məhsuldarlığına, həm də digər baxımlardan fayda verər. Əks halda, "filan idarə yarım saat tez, filan idarə yarım saat gec işə başlasın" tipli qərarlar ailələrin və uşaqların planlarını ciddi şəkildə poza bilər. Bu isə fayda vermək əvəzinə daha böyük problemlər yarada bilər. Ona görə də hesab edirəm ki, çevik iş rejimində sərbəstlik və könüllülük prinsipi əsas götürülməlidir. Məsələlər məcburi inzibati qərarlarla değil, təşkilatların öz qərarına və mülahizəsinə buraxılmalıdır. Eyni zamanda, bu sistemin tətbiqi üçün ciddi təhlillər aparılmalıdır. Tələsik addımlar atmaq daha böyük çətinliklərə və ailələr üçün əlavə problemlərə gətirib çıxara bilər. Bu səbəbdən nəinki sentyabr, hətta gələn sentyabrda tətbiq edilsə, bu böyük bir işdir. Ümumiyyətlə, tətbiq ediləcəyi təqdirdə uğurlu olub-olmayacağı da ayrı bir sualdır". Geri dön |