Ana Sayfa > Özəl > Xəzərdə hərbi yüklər üçün yeni marşrut – Azərbaycan üçün risklər artır

Xəzərdə hərbi yüklər üçün yeni marşrut – Azərbaycan üçün risklər artır


Bu gün, 21:00. Yazar: vasif
Xəzərdə hərbi yüklər üçün yeni marşrut – Azərbaycan üçün risklər artır



Rusiya ilə İran arasında hərbi əməkdaşlığın Xəzər dənizi üzərindən genişlənməsi regionun təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, Moskva ABŞ və İsrailin zərbələrindən sonra İranın zəifləyən hərbi ehtiyatlarının bərpasına yardım məqsədilə bu ölkəyə partlayıcı maddələr, sursat və pilotsuz uçuş aparatları üçün komponentlər göndərir.
NBC News-un Avropa hökumətlərindən birinə məxsus sənədə və məlumatı təsdiqləyən Qərb rəsmisinə istinadən yaydığı xəbərdə hərbi təyinatlı yüklərin Rusiyanın limanlarından Xəzər dənizi vasitəsilə İrana daşındığı bildirilir. Sənəddə daşınan məhsullar arasında trinitrotoluol (TNT), müxtəlif növ sursat və dron komponentlərinin olduğu qeyd edilir. İddiaya görə, tədarük İranın son hərbi əməliyyatlar zamanı itirdiyi və ya zədələnmiş ehtiyatlarını yenidən formalaşdırmasına xidmət edir.
Xəzər marşrutunun seçilməsi isə ayrıca diqqət çəkir. Bu istiqamət Rusiya və İran arasında yüklərin birbaşa dəniz yolu ilə daşınmasına imkan verir. Xəzərin qapalı su hövzəsi olması və burada kənar dövlətlərin hərbi-dəniz qüvvələrinin fəaliyyət imkanlarının məhdudluğu marşrutun strateji əhəmiyyətini artırır. Xəzərə Rusiya və İranla yanaşı Azərbaycan, Qazaxıstan və Türkmənistan da sahildir.
İranın pilotsuz uçuş aparatları proqramı, xüsusilə “Şahed” tipli dronlar son illərdə ölkənin əsas hərbi imkanlarından biri kimi diqqət mərkəzindədir. Yayılan məlumatlarda Rusiyadan göndərilən komponentlərin də İranın dron və digər hərbi ehtiyatlarının bərpasında istifadə olunmasının nəzərdə tutulduğu iddia edilir.
Məlumatlarda İsrailin mart ayında İranın Xəzər sahilində yerləşən Bandar-Ənzəli liman kompleksinə zərbələr endirdiyi də xatırladılır. İsrail tərəfi həmin obyektin Rusiyadan hərbi yüklərin daşınmasında istifadə edildiyini iddia etmişdi. Son məlumatlara əsasən isə zərbələrə baxmayaraq, Xəzər üzərindən tədarük xəttinin sonradan yenidən fəaliyyət göstərməyə başladığı bildirilir.
Beləliklə, əvvəllər əsasən İranın Rusiyaya dron və digər hərbi texnologiyalar göndərməsi ilə gündəmə gələn hərbi əməkdaşlığın əks istiqamətdə də genişləndiyi iddia olunur. Moskvanın İranın hərbi potensialının bərpasında daha fəal iştirak etməsi Xəzərin regional münaqişələrin logistika xəritəsindəki rolunu artırır.
Bəs bu vəziyyət Azərbaycanın Xəzər akvatoriyası üçün hansı təhlükələri yarada bilər? Rusiya və ya İrana məxsus hərbi yük daşıyan gəmilərin Azərbaycan sularında və ya ölkənin akvatoriyasına yaxın ərazilərdə mümkün hücumların hədəfinə çevrilməsi ehtimalı varmı?
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, baş verənlərə yalnız Rusiya-İran hərbi əməkdaşlığının genişlənməsi kimi yanaşmaq kifayət deyil. Onun sözlərinə görə, daha mühüm məsələ Xəzərin tədricən Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın logistika xəritəsinə daxil olmasıdır. Rusiya tərəfindən İrana sursat, partlayıcı maddələr və PUA komponentlərinin daşınması barədə məlumatlar bu prosesin miqyasının genişlənə biləcəyini göstərir.
Təhlilçi qeyd edib ki, məsələ Azərbaycan üçün xüsusilə həssasdır. Çünki Xəzər yalnız Rusiya ilə İranı birləşdirən dəniz marşrutu deyil. Azərbaycanın enerji infrastrukturu, limanları, dəniz kommunikasiyaları və digər strateji obyektləri də bu hövzədə yerləşir. Buna görə Xəzərdə hərbi logistikanın intensivləşməsi ümumi təhlükəsizlik mühitinə təsirsiz ötüşməyə bilər.
Sona Əliyevanın fikrincə, Bandar-Ənzəli limanına zərbə endirilməsi ilə bağlı məlumatlar hərbi logistikanın Xəzərə daxil olmasının dənizi regional qarşıdurmalardan tam kənarda saxlamağı çətinləşdirə biləcəyini göstərir. Əgər Rusiya-İran hərbi yükdaşımalarının həcmi artarsa, gəmilərin hərəkəti daha intensiv kəşfiyyat, müşahidə və izləmə fəaliyyətinin predmetinə çevrilə bilər.
Bununla belə, təhlilçi Azərbaycan akvatoriyasında Rusiya və ya İrana məxsus hərbi yük gəmisinə üçüncü tərəfin məqsədli zərbə endirməsini hazırkı mərhələdə yüksək ehtimallı ssenari hesab etmir. Belə hadisə mövcud qarşıdurmanın çərçivəsini aşaraq Azərbaycanın suverenliyinə toxunan ciddi beynəlxalq insidentə çevrilə bilər.
Daha real təhlükə kimi Xəzərdə hərbi yükdaşımaların artması fonunda elektron müdaxilə, kəşfiyyat fəaliyyəti, insident və yanlış identifikasiya risklərinin yüksəlməsi göstərilir. Bu halda hansı gəminin hansı yükü daşıması, onun hansı marşrutla hərəkət etməsi və kim tərəfindən izlənilməsi artıq sırf kommersiya və logistika məsələsi olmaqdan çıxa bilər.
Gərginliyin artması Azərbaycanın enerji və nəqliyyat infrastrukturu üçün də əlavə təhlükəsizlik yükü yarada bilər. Dənizdəki enerji platformaları, limanlar, kommunikasiya xətləri və digər strateji obyektlər birbaşa hədəf olmasalar belə, hərbi aktivliyin yüksəldiyi şəraitdə onların mühafizəsinə daha böyük diqqət tələb oluna bilər.
Sona Əliyeva hesab edir ki, əsas təhlükə Xəzərin qəfil genişmiqyaslı döyüş meydanına çevrilməsindən daha çox, tədricən hərbi logistika marşrutuna çevrilməsidir. Çünki hərbi daşımaların ardınca kəşfiyyat, müşahidə, elektron mübarizə və müxtəlif qarşı tədbirlərin meydana çıxması ehtimalı artır. Bu isə Xəzəryanı dövlətləri daha mürəkkəb təhlükəsizlik hesablamaları ilə üz-üzə qoya bilər.
Təhlilçinin fikrincə, Azərbaycan bundan sonra da regional qarşıdurmalardan mümkün qədər kənarda qalmaq və milli maraqlarını qorumaq siyasətini davam etdirməlidir. Əsas məsələlərdən biri Azərbaycan akvatoriyasının başqa dövlətlərin hərbi qarşıdurmasında logistika meydanına və ya potensial hədəf zonasına çevrilməsinin qarşısının alınmasıdır.
Yaxın Şərqdə qarşıdurmanın daha da genişlənəcəyi təqdirdə təhlükəsizlik risklərinin yalnız Fars körfəzi ilə məhdudlaşmayacağı ehtimal edilir. Xəzər, Cənubi Qafqaz, beynəlxalq enerji layihələri və Avropaya uzanan nəqliyyat dəhlizləri də yaranan yeni təhlükəsizlik mühitinin təsirini hiss edə bilər. Bu baxımdan Xəzərin hərbiləşməsi ilə bağlı istənilən yeni tendensiya Azərbaycan üçün diqqətlə izlənilməli strateji məsələlərdən birinə çevrilir.
Geri dön