Ana Sayfa > Karusel / Ölkə / Gündəm > “David Seliverstov” qayıtmadı, mifik “vitse-prezident”liyi nağılı da bitdi -
“David Seliverstov” qayıtmadı, mifik “vitse-prezident”liyi nağılı da bitdi -Bu gün, 13:28. Yazar: vasif |
![]() “David Seliverstov” adı ilə tanınan Kazım Abbasovun Azərbaycana qayıdışı ilə bağlı verdiyi vəd də onun digər vədləri kimi havada qalıb. “David Seliverstov”un ölkəyə gəlib-gəlməyəcəyi də məlum deyil. Onun sosial şəbəkə hesablarında isə mifik, uydurma həyatı davam edir - statuslar paylaşır, “beynəlxalq hüquq müdafiəçisi” olaraq çıxışlarını davam etdirir, öz aləmində müxtəlif mesajlar ötürür, amma ən sadə suala – “Azərbaycana nə vaxt və hansı statusla qayıdırsan?” konkret cavab vermir. Belə görünür ki, “David Selverstov” üçün təqvim də başqa cür işləyir - 20 avqust hamı üçün 20 avqustdur, onun üçün isə yəqin ki, “bir az sonra” tarixidir. Onunla bağlı gündəmin əsas mövzusu “Azərbaycana qayıdıram” bəyanatı ilə yanaşı “Caspian Capital Holdinq”də tutduğu vəzifə məsələsidir. Hazırda diqqət bu məsələyə də yönəlib. “David Seliverstov”un “Caspian Capital Holdinq”dəki statusu onun keçmişi prizmasından çox maraqlı görünür. Rəsmi istintaq sənədlərinə görə, Kazım Elşən oğlu Abbasov, yəni bu gün “David Seliverstov” kimi tanınan bu adam, 2011-ci ildə özünü “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenantı elan etmişdi. Bir qədər də irəli gedərək müvafiq saxta sənədlər də düzəldib mifik “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili “David Seliverstov”, o zaman Kazım Elşən oğlu Abbasov olaraq “fəaliyyətə” başlamışdı. Qısa müddət sonra isə həmin vəsiqədən istifadə etməklə Bakının Xəzər rayonunda, Şağan qəsəbəsində yerləşən türməyə hücum edib bir tanışının işini düzüb-qoşmağa çalışmışdı. Türmə rəisinin sayıqlığı nəticəsində uğursuz dələduz ələ keçmiş, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, sənəd saxtalaşdırma cinayətlərinə görə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bu baxımdan “Caspian Capital Holdinq”də olmayan vitse-prezident postuna özünü təyin etməsi də “David Seliverstov” - Kazım Elşən oğlu Abbasovun “karyerasında” növbəti yüksəliş kimi görünür. Məsələ ondadır ki, “David Seliverstov”un adı son aylarda “Caspian Capital Holdinq”in vitse-prezidenti kimi təqdim olunur. Bu təyinatın hüquqi və korporativ əsası nədir? Holdinqin idarəetmə strukturunda prezident və vitse-prezident institutları hansı sənədlərlə müəyyənləşdirilib? “David Seliverstov”un konkret səlahiyyətləri nədən ibarətdir? Bu vəzifə real idarəçilik funksiyasıdır, yoxsa ictimaiyyət qarşısında müəyyən imic formalaşdırmaq üçün istifadə olunan tituldur? “Caspian Capital Holdinq” müxtəlif sahələrdə – tikinti, mühəndislik, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, tekstil, ticarət, turizm və digər istiqamətlərdə fəaliyyət göstərən biznes qrupudur. Şirkətin rəsmi saytında “Caspian Capital Holdinq”in 2024-cü ildə təsis edildiyi və 200-dən çox əməkdaşının olduğu qeyd olunur. Deməli, söhbət sıradan bir sosial media layihəsindən deyil, böyük biznes qrupu olan kommersiya strukturundan gedir. Belə bir qurumda vəzifə, səlahiyyət və idarəetmə məsələlərinin dəqiq sənədləşdirilməsi xüsusilə vacibdir. Maraqlıdır ki, “David Seliverstov” özünün sosial şəbəkə hesablarında “Caspian Capital Holdinq”in vitse-prezidenti təyin olunması barədə ayrıca məlumat yerləşdirilib. Bu məlumat daha əvvəl bir sıra media resurslarında da yayımlanıb. Bəs holdinqin rəhbərlik strukturu necə formalaşıb və vitse-prezident vəzifəsinin hüquqi statusu nədir? Çünki “Caspian Capital Holdinq”in ictimaiyyət üçün açıq təqdimatında əsas idarəetmə subyekti kimi İdarə Heyəti göstərilir və yayılan təyinat məlumatında da qərarı məhz İdarə Heyətinin verdiyi qeyd olunur. Məsələ ilə bağlı Musavat.com əməkdaşı “Caspian Capital Holdinq”in İdarə Heyətinin sədri Əsədulla Cəlilovla əlaqə saxlayıb. ![]() Əsədulla Cəlilov Musavat.com-a açıqlamasında “David Seliverstov” kimi tanınan Kazım Abbasovla əməkdaşlığın necə başladığını, onun şirkətdəki statusunu və son günlər ortaya çıxan məlumatlardan sonra verilən qərarı açıqlayıb. Əsədulla Cəlilovun sözlərinə görə, şirkət “David Seliverstov”la təxminən 2-3 ay əvvəl süni intellekt və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıq qurmağa başlayıb. O bildirib ki, ilkin əlaqə süni intellekt sahəsində fəaliyyət göstərən “Neshrix” adlı şirkətin məhsulları ilə bağlı yaranıb. Əsədulla Cəlilovun sözlərinə görə, sözügedən texnologiya tender şərtlərinin təhlili, insan gözündən qaça biləcək məqamların müəyyənləşdirilməsi və müxtəlif biznes proseslərində süni intellekt agentlərindən istifadəni nəzərdə tutur. “Əvvəl “Neshrix” adlı şirkətin məhsullarını öz holdinqimiz üçün tətbiq etmək istəyirdik. Sonra bu sahənin gələcəkdə böyük biznes imkanları yaradacağını düşündük. Dövlət və özəl sektorda süni intellektin tətbiqi istiqamətində işləmək niyyətimiz vardı deyə onu dəvət edib danışdıq”, – deyə Əsədulla Cəlilov bildirib. Onun sözlərinə görə, əməkdaşlıq sonradan daha geniş çərçivəyə keçib. Əsədualla Cəlilov bildirib ki, bu təyinat klassik əmək müqaviləsi və ştat vahidi formasında olmayıb: “Əməkhaqqı almırdı bizdən. Bizdə bir neçə məsləhətçilərimiz var ki, rəsmi məsləhətçidirlər. Bizimlə hüquqi bağlantıları yoxdur. Sırf iş gətirirlər, layihələr inkişaf etdirirlər. Bir yerə gedib çatandan sonra hüquqi şirkət yarananda direktor təyin edirik”. “Caspian Capital Holdinq” rəhbəri “David Seliverstov”un şəxsiyyətini təsdiq edən hər hansı rəsmi sənədi şəxsən görmədiyini də açıqlayıb. Söhbət zamanı onun hansı əsasla “David Seliverstov” adından istifadə etdiyini soruşduqda Əsədulla Cəlilov bildirib ki, ilkin mərhələdə bu məsələyə xüsusi diqqət yetirilməyib. Onun sözlərinə görə, “David Seliverstov” şirkətin saytında adı və fotosunun yerləşdirilməsini istəyib ki, dövlət qurumları və digər tərəfdaşlarla holdinq adından danışıqlar apara bilsin. Qeyd edib ki, əməkdaşlığın başladığı dövrdə “David Seliverstov”un keçmişi ilə bağlı ciddi araşdırma aparmayıblar. Onun sözlərinə görə, həmin şəxs sosial şəbəkələrdə aktiv olub, özünü normal sahibkar kimi təqdim edib və şirkət rəhbərliyində onda şübhə yaradan hər hansı davranış müşahidə edilməyib. “İnsanın keçmişi barəsində işə götürəndə, tərəfdaşlıq edəndə o qədər də dərinindən araşdırmırıq. Onun sosial şəbəkələrdə aktiv olmasını bilirik, görmüşük. Son 10 gündür görürük ki, nəsə bunun keçmişində ciddi problemlər var”, – deyə Əsədulla Cəlilov vurğulayıb. O, “David Seliverstov”un sahibkar olduğunu təsdiqləyən sənədlərin olub-olmaması barədə suala cavabında “Magen David” adlı qurumun və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı təqdimatların olduğunu gördüklərini deyib. Lakin Əsədualla Cəlilov həmin qurumların ofislərində olmadığını da etiraf edib. Musavat.com-un “David Seliverstov”un əvvəllər başqa ad və soyadla tanınması, özünü müxtəlif dövlət strukturlarının əməkdaşı kimi təqdim etməsi və onun barəsində mətbuatda səsləndirilən ağır ittihamlarla bağlı sualına Əsədulla Cəlilov xüsusi diqqət çəkən açıqlama verib. O bildirib ki, son günlər yayılan məlumatlardan sonra “Caspian Capital Holdinq” bu şəxslə əməkdaşlığı tam olaraq dayandırıb: “Biz bu məlumatı alandan sonra fəaliyyətimizi, iş birliyimizi dayandırmışıq. Zatən hüquqi bir bağlantı olaraq bir şey hazırda yoxdur. Vəziyyətin axırının necə olacağını izləyirik”. Geri dön |