Ana Sayfa > Özəl > Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı BÖYÜK PLANI AÇIQLANDI – Sülh, sərhədlərin açılması və ticarət

Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı BÖYÜK PLANI AÇIQLANDI – Sülh, sərhədlərin açılması və ticarət


Bu gün, 19:00. Yazar: vasif
Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı BÖYÜK PLANI AÇIQLANDI – Sülh, sərhədlərin açılması və ticarət



Ermənistan hökuməti ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramını təqdim edib. Sənəddə qarşıdakı beş il ərzində Azərbaycan və Türkiyə ilə münasibətlərin hansı istiqamətlərdə inkişaf etdirilməsinin planlaşdırıldığı açıqlanıb.

Proqrama əsasən, İrəvan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyub. Eyni zamanda iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Ermənistan hökumətinin planında yalnız siyasi münasibətlər deyil, cəmiyyətlər və iqtisadi əlaqələr də xüsusi yer tutur. İrəvan Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasların genişləndirilməsini, biznes nümayəndələri arasında əlaqələrin yaradılmasını və gələcəkdə ikitərəfli ticarət dövriyyəsinin artırılmasını hədəfləyir.

Türkiyə ilə münasibətlər istiqamətində də mühüm planlar açıqlanıb. Ermənistan hökuməti Ankara ilə diplomatik münasibətlərin qurulmasına və Ermənistan–Türkiyə sərhədinin açılmasına nail olmaq niyyətində olduğunu proqramda rəsmən təsbit edib.

Bununla yanaşı, Türkiyə ilə sərhəddə ən azı iki müasir keçid məntəqəsinin istifadəyə verilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, energetika və rəqəmsal infrastrukturun bərpası və inkişaf etdirilməsi nəzərdə tutulur. İrəvan Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli ticarət imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırmağı planlaşdırır.

Hökumət proqramının mühüm istiqamətlərindən biri də yeni Konstitusiyanın qəbulu ilə bağlıdır. Yeni Konstitusiya layihəsinin əvvəlcə ictimai müzakirəyə təqdim edilməsi, daha sonra isə ümumxalq referendumuna çıxarılması planlaşdırılır.

Eyni zamanda Ermənistan qarşıdakı beş ildə xarici siyasətdə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.

Beləliklə, açıqlanan proqram İrəvanın növbəti beşillik üçün regional siyasətində Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşdirilməsini, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını, sərhədlərin və kommunikasiya xətlərinin açılmasını, eləcə də regional iqtisadi əlaqələrin genişləndirilməsini əsas istiqamətlər sırasında gördüyünü göstərir.
Geri dön