Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: "Rusiya mediasından Azərbaycana qarşı təhdid ritorikası qəbuledilməzdir"

Tamam Cəfərova: "Rusiya mediasından Azərbaycana qarşı təhdid ritorikası qəbuledilməzdir"


Bu gün, 19:14. Yazar: azer
Tamam Cəfərova: "Rusiya mediasından Azərbaycana qarşı təhdid ritorikası qəbuledilməzdir"

Son günlər Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan əleyhinə səsləndirilən fikirlərin tonu və məzmunu ciddi narahatlıq doğurur. Ayrı-ayrı proqramlarda Azərbaycan xalqına, dövlətinə və rəhbərliyinə qarşı təhdid və təhqiramiz ifadələrin işlədilməsi, ölkənin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəyə çıxarılması, hətta fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsi adi informasiya polemikası çərçivəsindən çoxdan kənara çıxıb. Xüsusilə avqustun 13-də “Çastota ponimaniya” layihəsində, avqustun 7-də “Sputnik” radiosunda, avqustun 9-da “YouTube” platformasında və avqustun 16-da “Spas” telekanalında yayımlanan materiallar bu tendensiyanın ardıcıl xarakter aldığını göstərir. Şübhəsiz ki, Azərbaycan əlehinə Rusiya informasiya məkanında ardıcıl təxribat xarakterli materialların yer alması bu məsələnin arxasında müəyyən məkrli dairələrin dayandığını deməyə əsas verir.
Belə bir şəraitdə Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı səfirini XİN-ə çağıraraq ona rəsmi etiraz bildirməsi və Baş Prokurorluğun həmin şəxslər barəsində cinayət işi açması bir-birini tamamlayan addımlardır. Bu hüquqi-diplomatik mexanizm göstərir ki, Azərbaycan münasibətlərin korlanmasında maraqlı olmasa da, öz suverenliyini və milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikası qəbuledilməzdir. Hər kəs bilir və bilməlidir ki, Azərbaycan dövləti öz suverenliyini, dövlət rəhbərliyinin nüfuzunu və xalqının şərəf və ləyaqətini beynəlxalq hüququn bütün diplomatik-hüquqi mexanizmləri ilə qətiyyətlə qorumaq əzmindədir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, burada ən vacib məqam Azərbaycanın öz dövlətçilik maraqlarına münasibətdə nümayiş etdirdiyi prinsipial mövqedir. Azərbaycan heç bir dövlətlə qarşıdurma axtarmır, lakin dövlətinin suverenliyinə, xalqının milli ləyaqətinə və rəhbərliyinə qarşı yönələn təhqir və təhdidlərə də biganə qala bilməz. Bu mövqe Azərbaycanın müstəqil xarici siyasət kursunun mahiyyətindən irəli gəlir. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu onu deməyə əsas verir ki, Bakı öz qərarlarını milli maraqlar əsasında qəbul edir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlər qurur, əməkdaşlıq imkanlarını genişləndirir, regional və qlobal proseslərdə fəal iştirak edir. Lakin bütün bunların fonunda dəyişməyən əsas prinsip ölkənin müstəqil siyasi iradəsinin və suveren qərarvermə hüququnun qorunmasıdır.

Məhz bu baxımdan Rusiya media məkanında Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə olunması xüsusilə qəbuledilməzdir. Azərbaycanın daxili siyasi məsələləri yalnız Azərbaycan xalqının və dövlətinin səlahiyyətində olan məsələlərdir. Hər hansı xarici media platformasının, siyasi dairənin və ya ayrı-ayrı şəxslərin Azərbaycan dövlətinin daxili siyasi gündəminə müdaxilə etmək, ölkə rəhbərliyinə qarşı təhdidlər səsləndirməsi qəti qəbuledilməzdir.

Bununla yanaşı, rəsmi Bakının mövqeyində başqa mühüm bir məqam da var: Azərbaycan-Rusiya münasibətlərinə verilən xüsusi əhəmiyyət. Azərbaycan dəfələrlə nümayiş etdirib ki, Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və suverenliyə ehtiram əsasında inkişafında maraqlıdır. Prezident İlham Əliyev də müxtəlif platformalarda Azərbaycan-Rusiya münasibətlərinin normallaşdığını və iki ölkə arasında siyasi dialoqun bütün səviyyələrdə davam etdiyini vurğulayıb. Rusiya mediasının bir sıra nüfuzlu qurumları da dövlət başçısının bu mövqeyini işıqlandırıb. Deməli, Azərbaycan tərəfinin hazırkı etirazını diplomatik kanallarla bildirilməsi iki ölkə arasında münasibətlərin sağlam əsaslarda davam etdirilməsinə xidmət edir. Çünki davamlı və etibarlı münasibətlər yalnız qarşılıqlı maraqların mövcudluğu ilə deyil, həm də tərəflərin bir-birinin dövlətçilik prinsiplərinə hörmət etməsi ilə mümkündür. Məhz qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu dialoq Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafının əsas şərtləridir.

Azərbaycanın siyasi çəkisi və beynəlxalq mövqeyi ona imkan verir ki, istənilən dövlətlə münasibətlərində qarşılıqlı hörmət və bərabərlik prinsipini əsas götürsün. Azərbaycan heç bir ölkənin qarşısında öz milli maraqlarından geri çəkilmək niyyətində deyil. Eyni zamanda, Bakı əməkdaşlıq üçün bütün imkanları qoruyur və tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır.

Azərbaycanın mövqeyi aydındır: ölkəmiz heç bir dövlətlə qarşıdurma istəmir, lakin heç bir dövlətin informasiya və siyasi təsir vasitələri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə də imkan verməyəcək. Azərbaycan müstəqil dövlət kimi öz siyasi kursunu özü müəyyən edir, milli maraqlarını qətiyyətlə müdafiə edir və bütün tərəfdaşlarından, o cümlədən Rusiya Federasiyasından bu reallığa hörmətlə yanaşmağı gözləyir.

Məhz qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu dialoq Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafının əsas şərtləridir. Azərbaycanın prinsipial mövqeyi isə bir daha göstərir ki, Bakı əməkdaşlığa açıq olsa da, milli dövlətçilik məsələlərində güzəştsizdir.
Geri dön