Ana Sayfa > Gündəm > Aqil ABBAS:RƏSUL RZA VƏ POLAD BÜLBÜLOĞLU…

Aqil ABBAS:RƏSUL RZA VƏ POLAD BÜLBÜLOĞLU…


4-04-2017, 15:58. Yazar: admin
Aqil ABBAS:RƏSUL RZA VƏ POLAD BÜLBÜLOĞLU…


Vaxtilə Azərbaycanın görkəmli şairi Rəsul Rza Lenin mükafatına təqdim edilmişdi. Həmin dönəmlərdə Lenin mükafatı təkcə SSRİ-nin ən ali mükafatı sayılmırdı, həm də dünya sosialist düşərgəsinin ən ali mükafatıydı, yəni kommunistlər üçün Nobel mükafatı səviyyəsindəydi. Başqa xalqlardan bu mükafatı alanlar çox idi.
Yəni bir azərbaycanlı şairin Lenin mükafatı alması xalqımız üçün qürurverici bir hadisəyə çevriləcəkdi. Amma olmadı. Niyə? Niyəsi çox sadədi.
Həmin dövrdə Azərbaycanda qəzetlərdə Rəsul Rzanın əleyhinə, daha dəqiq desək, Rəsul Rza yaradıcılığının əleyhinə ciddi bir kampaniya başladıldı. Xüsusilə də Lenin mükafatına təqdim olunmuş əsərini yıxıb sürüdülər. Hələ Moskvaya nə qədər imzalı və imzasız donoslar getdi, bunu dəqiq bilmərik.
Anar bu barədə yazır. İşlə bağlı Moskvaya gedərkən ona bəzi rəsmi sənədləri verirlər ki, mükafat komitəsinə təqdim eləsin. Sənədləri komitəyə təqdim edərkən Anara stolun üstə qalaqlanmış qovluqları göstərib kinayə ilə deyirlər, siz bu sənədləri gətirənə qədər Azərbaycandan Rəsul Rzanın əleyhinə görün nə qədər məktub göndəriblər.


Və Rəsul Rzaya mükafat verilmədi.
Belə-belə işlər…
İndi Azərbaycanın dünyaca ünlü görkəmli bəstəkarı və dövlət xadimi Polad Bülbüloğlunun YUNESKO-nun baş direktorluğuna namizədliyi irəli sürülüb. Və bir çox ölkələr Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Və təbii ki, hörmətli Polad müəllim bu vəzifəyə ən layiqli namizədlərdən biridir. Bir azərbaycanlının dünyanın çox möhtəşəm bir təşkilatına rəhbər təyin edilməsi həm xalqımıza, həm də ölkəmizə şərəf gətirər.
Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin, eləcə də Heydər Əliyev Fondunun və onun sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanı YUNESKO ilə çox möhkəm tellər bağlayır. Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi də bunun bir nümunəsi və sübutudur. İndi bir azərbaycanlının belə bir möhtəşəm təşkilata rəhbər təyin edilməsi xalqımıza və ölkəmizə şərəf gətirər, şöhrət gətirər və Azərbaycanın dünyada sözünün eşidilməsində böyük rol oynaya bilər. Eləcə də azərbaycanlıların düşmənlərinə bu bir zərbədi.
Amma bu söhbət ortaya çıxandan sonra vaxtilə Rəsul Rzaya qarşı başlanan kampaniya indi də Polad Bülbüloğluna qarşı başlayıb. Təbii ki, öz qəzetlərimizdə və saytlarımızda. Elə özümüz bu görkəmli sənətkara ləkə atmaq, gözdən salmaq üçün bir yarışa girmişik. Az qala Rusiyada hansısa bir azərbaycanlının qrip olmasında da Polad Bülbüloğlunu günahlandırırıq. Kampaniya bir xeyli öncə başlamışdı, amma səngimişdi. Elə ki YUNESKO məsələsi ortaya çıxdı, vurçatlasın yenə başladı.
Dünyanın iki nəhəng ölkəsindən birində Azərbaycan dövlətini təmsil edən bir şəxsə, möhtərəm prezident İlham Əliyevin inandığı və etibar etdiyi bir şəxsə bu cür münasibət heç cürə başa düşülən deyil. Hətta geri çağırılmasını tələb edənlər də var. Görəsən bu adamlar dövlət siyasətini, kimin harada, hansı vəzifədə çalışacağını dövlət başçısından yaxşımı bilirlər?
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. «Molla Nəsrəddin» jurnalında bir karikatura çap eləmişdi: cəhənnəmdə üç qır qazanı ocağın üstündə, birinin ağzı möhkəm-möhkəm bağlanıb, birinin qapağı bir balaca aralanıb bir nəfər qazandan çıxır, əlini atıb birini də özüylə bərabər qır qazanından çıxarmaq istəyir. Birinin isə ağzı açıqdı, bir nəfər çıxmağa çalışır, beş-on nəfər yapışıb ətəyindən dartır qır qazanına. Soruşurlar ki, bu nədi belə? İzah edir: ağzı bağlı qazan yəhudilərindi. Bir balaca deşik tapdılarmı hamı köməkləşib aradan çıxacaq. İkincisi ermənilərindi, biri çıxıb, əlini atır çalışır ki, birini də qır qazanından çıxarsın. Üçüncüsü isə azərbaycanlılarındı, biri canını xilas etmək istəyir, hamı yapışıb ətəyindən ki, buraxmarıq ey, sən də bizimlə yanmalısan.
Lətifəsi uzaq olsun, indi birimiz yüksələndə əllimiz ətəyindən sallaşırıq ki, olmaz. Badalaq vurub yıxmalıyıq.
Yeri gəlmişkən. Şevardnadze Siyasi Büroya üzv seçiləndə də, SSRİ xarici işlər naziri təyin ediləndə də Gürcüstandan Moskvaya, Sov.İKP MK-ya bəlkə də on minlərlə təşəkkür teleqramı və Şevardnadzeyə də təbrik teleqramları göndərilmişdi və göndərilirdi. Ulu Öndər Siyasi Büroya üzv seçiləndə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndə də Azərbaycandan Sov.İKP MK-ya Heydər Əliyevin əleyhinə minlərlə teleqramlar vurulmuşdu və vurulurdu.
Görünür, hələ də bu xəstəlikdən sağalmamışıq. Şair Qürbət Əziz demiş, millət deyilik ey, kefik başdan-ayağa.
P.S. Yazını hazırlarkən Lenin mükafatı alanların siyahısına bir göz gəzdirdim. Azərbaycandan yalnız görkəmli bəstəkar Qara Qarayevin, kosmik tədqiqatların özüllərini qoyanlardan biri, general-leytenant Kərim Kərimovun və geoloqlar Fuad Səmədovun, Fərman Salmanovun, Ənvər Əlixanovun, ömrünün ən gözəl çağında dünyadan köçmüş SSRİ Qaz Sənayesi naziri Sabit Orucovun adları çıxdı. Və bir də bu mükafatı kinorejissor Cavanşir Məmmədovun 1959-cu ildə çəkdiyi «Dənizi fəth edənlər» filmi alıb, amma orda da Cavanşir Məmmədovun adı siyahıda yoxdu. Necə olur, film alır, müəllif yox. Yəni bir əlin barmaqlarının sayı qədər.
Amma siyahıda erməniləri sayıb qurtara bilmədim: onlarla. Eləcə də gürcüləri.

Adalet.az

AİA.az
Geri dön