Ana Sayfa > Özəl > İran böyük qarşıdurmaya hazırlaşır: ABŞ bazaları Avropada hədəfə çevrilə bilər
İran böyük qarşıdurmaya hazırlaşır: ABŞ bazaları Avropada hədəfə çevrilə bilərBu gün, 19:00. Yazar: vasif |
![]() İran ABŞ ilə qarşıdurmanın yenidən kəskinləşəcəyi təqdirdə hərbi əməliyyatların coğrafiyasını Yaxın Şərqdən kənara çıxarmaq imkanlarını nəzərdən keçirir. Tehran üçün mümkün ssenarilər arasında Avropada yerləşən Amerika hərbi obyektlərinə zərbələr də göstərilir. “Financial Times”ın İran hakimiyyətinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tehran xüsusilə Cənub-Şərqi Avropadakı ABŞ hərbi infrastrukturu ilə bağlı müxtəlif variantları araşdırıb. Potensial hədəflər sırasında Bolqarıstandakı hərbi obyektlərin adı çəkilir. Diqqət mərkəzində olan məntəqələrdən biri ABŞ hərbi təyyarələrinin də istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazasıdır. Kiprdə yerləşən Britaniya hərbi infrastrukturu da mümkün eskalasiya ssenarilərində nəzərdən keçirilən obyektlər sırasında göstərilir. Mənbələrdən birinin sözlərinə görə, Vaşinqtonun hərbi təzyiqi kritik həddə çatacağı halda İran cavab tədbirlərini yalnız Yaxın Şərqlə məhdudlaşdırmaya bilər. Tehran belə vəziyyətdə özünün müdafiəsi adı altında qarşıdurmanın coğrafiyasını genişləndirməyə hazır olduğunu nümayiş etdirməyə çalışır. İranın nəzərdən keçirdiyi variantların yalnız hərbi bazalarla məhdudlaşmadığı bildirilir. Hörmüz boğazından keçən sualtı fiber-optik kommunikasiya kabelləri ilə bağlı risklərin də qiymətləndirildiyi iddia olunur. Belə infrastruktura mümkün zərər regionun rabitə və məlumat ötürmə sistemlərinə ciddi təsir göstərə bilər. Tehranın son aylarda mümkün genişmiqyaslı qarşıdurmaya hazırlığını artırdığı da bildirilir. “The Wall Street Journal”ın İran və ərəb mənbələrinə əsaslanan məlumatına görə, ölkədə hərbi idarəetmə mexanizmləri sərtləşdirilir, əks-kəşfiyyat fəaliyyəti genişləndirilir, raket və pilotsuz uçuş aparatlarının istehsal imkanlarının artırılması istiqamətində addımlar atılır. Məlumatlarda İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi sistem daxilində rolunun daha da gücləndirildiyi və İran-İraq müharibəsinin veteranlarının mühüm vəzifələrə gətirildiyi də qeyd olunur. Bu addımlar Tehranın mümkün uzunmüddətli qarşıdurmaya yalnız hərbi deyil, idarəetmə və daxili təhlükəsizlik baxımından da hazırlaşması kimi şərh edilir. Digər istiqamət İranın regiondakı müttəfiq silahlı qüvvələrlə münasibətləridir. Tehran Yəmən və İraqdakı tərəfdaş qruplarla əlaqələri aktiv saxlayaraq mümkün qarşıdurma zamanı ABŞ üzərində hərbi və iqtisadi təzyiqi bir neçə istiqamətdən artırmağa çalışa bilər. İran daxilində mümkün iğtişaş və təhlükəsizlik problemləri də risk ssenarilərinə daxil edilib. Buna görə hakimiyyətin əks-kəşfiyyat və daxili təhlükəsizlik tədbirlərini gücləndirdiyi bildirilir. İranın baş müzakirəçisinin müşaviri Mehdi Məhəmmədinin “İran böyük qarşıdurmaya hazırdır” açıqlaması isə Tehranın hazırkı mövqeyini ən açıq ifadə edən mesajlardan biri hesab oluna bilər. Bununla belə, mediada adı çəkilən Bolqarıstan və Kiprdəki obyektlərlə bağlı məlumatlar İranın həmin ərazilərə hücum qərarı verdiyi anlamına gəlmir. Söhbət mənbələrin iddiasına görə, mümkün eskalasiya zamanı nəzərdən keçirilən hərbi ssenarilərdən gedir. Geri dön |