Ana Sayfa > Özəl > Xamenei ailəsinə yaxın ruhani saxlanıldı – Pezeşkianla bağlı açıqlamaları qalmaqal yaratmışdı
Xamenei ailəsinə yaxın ruhani saxlanıldı – Pezeşkianla bağlı açıqlamaları qalmaqal yaratmışdıBu gün, 18:12. Yazar: vasif |
![]() İranda siyasi dairələrdə mübahisəli açıqlamaları ilə gündəmə gələn ruhani Məhəmmədbağır Xərrazinin saxlanıldığı bildirilir. Xərrazi “İran Hizbullahı” adlı siyasi-dini təşkilatın baş katibi və Xamenei ailəsi ilə qohumluq əlaqələri olan şəxs kimi tanınır. İran mediasında onun Ruhanilər üzrə Xüsusi Məhkəmənin qərarı əsasında saxlanıldığı barədə məlumat yayılıb. Bununla belə, həbs xəbəri hələ İranın məhkəmə orqanları tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Xərrazi bundan əvvəl Ruhanilər üzrə Xüsusi Məhkəməyə çağırılmışdı. İran məhkəmə sisteminin sözçüsü onun ruhani olduğu üçün işinə məhz bu qurumda baxılacağını açıqlamış, ittihamların məhkəmə proseduru çərçivəsində müəyyənləşdiriləcəyini bildirmişdi. Ruhaninin son həftələrdə səsləndirdiyi fikirlər ölkə daxilində ciddi siyasi qalmaqala səbəb olmuşdu. Xərrazi Prezident Məsud Pezeşkianın dəfələrlə istefa vermək istədiyini iddia etmiş və növbəti belə addımın qəbul edilə biləcəyini söyləmişdi. Lakin həm Pezeşkian tərəfi, həm də ali rəhbərin ofisi bu iddiaları təkzib etmişdi. Pezeşkian özü də istefa vermək niyyətində olmadığını açıq şəkildə bəyan edərək vəzifəsində qalacağını bildirib. Xərrazi bununla kifayətlənməyərək İranın mövcud siyasi idarəçilik modelini tənqid edib. O, hazırkı sistemin dəyişdirilməsini və daha sərt dini idarəçilik modelinin qurulmasını müdafiə edib. Hətta yüz minlərlə tərəfdardan ibarət şəbəkənin səfərbər edilməsindən danışması onun barəsində hüquqi prosesin başlanmasından əvvəl ciddi reaksiyalar doğurmuşdu. Beləliklə, Xərrazinin saxlanılması barədə məlumatlar İran daxilində hakimiyyət strukturları arasındakı münasibətlərin diqqətlə izlənildiyi bir vaxtda yayılıb. Lakin rəsmi məhkəmə açıqlaması olmadığı üçün onun konkret hansı maddələrlə ittiham edildiyi və barəsində hansı hüquqi qərarın verildiyi hələ tam aydın deyil. Geri dön |