Ana Sayfa > Dünya > SEPAH-dan İrəvanla gizli sövdələşmə
SEPAH-dan İrəvanla gizli sövdələşməBu gün, 15:30. Yazar: vasif |
![]() Ermənistan yenidən silahlanır; cənub qonşumuz İrəvana silah yox, döyüş meydanının “beyni”ni verir... İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla hərbi əməkdaşlığı ilə bağlı yeni detallar üzə çıxıb. Söhbət Ermənistanın mayın 28-də keçirdiyi hərbi parad zamanı nümayiş etdirilən “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasından gedir. SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan platforma ilk dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsini təmin etmək, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsini sürətləndirmək və komanda-idarəetmə imkanlarını artırmaq üçün nəzərdə tutulub. Platformanın səs, rəqəmsal məlumat, telemetriya və görüntüləri real vaxt rejimində ötürə bildiyi bildirilir. Bununla belə, texniki təhlillərdə sistemin imkanları ilə bağlı müəyyən məhdudiyyətlər də qeyd olunur. Sanksiyalar səbəbindən rəqəmsal komponentlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal edilir. Bu isə sistemin etibarlılığı ilə bağlı suallar yaradır. “Sepehr-110" klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, bölmələr arasında ötürülməsi və komanda-idarəetmənin təmin edilməsidir. Başqa sözlə, bu, mobil komanda-idarəetmə və informasiya mübadiləsi platformasıdır. Onun effektivliyi hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən asılıdır. Beləliklə, “Sepehr-110" özü-özlüyündə hədəfi məhv edən silah deyil. Lakin onun Ermənistanda nümayiş etdirilməsi İranla hərbi-texniki əməkdaşlıq barədə suallar yaradır. Məsələ Ermənistanın komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsi baxımından diqqət çəkir. Bu silahlanma nəyin hazırlığıdır və Azərbaycan üçün təhlükə yaradırmı? Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirib ki, Ermənistanın yenidən silahlanması regionda gərginliyin artmasına səbəb ola biləcək amillərdən biridir: “Ermənistanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnologiyalar əldə etməsi, bununla yanaşı, İranla hərbi-texniki əməkdaşlığını genişləndirməsi ciddi suallar doğurur. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra regionda müharibə səhifəsinin bağlanmasını və münasibətlərin yeni mərhələyə keçməsini təklif edib. Bu gün də Azərbaycan sülh gündəliyinin irəlilədilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürür. Lakin Ermənistanın son dövrlərdə həyata keçirdiyi silahlanma siyasəti müəyyən narahatlıqlar yaradır. Ermənistanın iqtisadi və demoqrafik imkanlarının məhdud olmasına baxmayaraq, hərbi potensialının artırılmasına ciddi vəsait ayırması diqqətdən kənarda qala bilməz. Bu, müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim oluna bilər. Ancaq silahlanmanın miqyası və müxtəlif dövlətlərlə hərbi əməkdaşlıqlar Ermənistanın gələcək məqsədləri barədə suallar yaradır. Bu baxımdan İranın Ermənistanla hərbi əməkdaşlığı da xüsusi diqqət tələb edir. İranın, xüsusilə SEPAH-ın Ermənistanın hərbi imkanlarının artırılmasına verdiyi dəstək region üçün yeni məsələ deyil. Tehran əvvəllər də Ermənistanın silahlandırılması və keçmiş separatçı rejimin təminatı ilə bağlı müxtəlif formada dəstək göstərməkdə ittiham olunub. Azərbaycan İranla münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarı olmaqla yanaşı, milli təhlükəsizliyinə və regional maraqlarına təsir edə biləcək prosesləri də izləyir. Bakı münasibətlərin gərginləşməməsi üçün təmkinli yanaşsa da, bu, həmin proseslərin diqqətdən kənarda qalması demək deyil. SEPAH tərəfindən Ermənistana “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasının verilməsi ilə bağlı məlumatlara da bu kontekstdə baxmaq lazımdır. Əsas məsələ yalnız konkret bir rabitə sisteminin təqdim edilməsi deyil. Söhbət Ermənistanın hərbi infrastrukturunun, komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsindən gedir. Ermənistanın yeni silah sistemləri və hərbi texnologiyalar əldə etməsi, müxtəlif dövlətlərlə hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycan tərəfindən nəzərə alınmalıdır. Sülh prosesinin davam etdiyi vaxtda tərəflərdən birinin hərbi imkanlarını artırması regionda etimad mühitinə mənfi təsir göstərə bilər. Azərbaycan sülhün, sabitliyin və regional əməkdaşlığın tərəfdarıdır. Lakin sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad və konkret addımlarla möhkəmləndirilə bilər. Ermənistanın silahlanması və bu prosesdə İran kimi regional aktorların iştirakı diqqətlə izlənilməlidir". ƏHP-nin baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, SEPAH-ın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil: “35 ildir ki, Ermənistana dəstək verən İranın siyasəti Azərbaycan üçün məlumdur. İranın müxtəlif dövrlərdə Ermənistana silah-sursat, enerji, ərzaq və tikinti materialları ilə bağlı dəstək göstərdiyi barədə iddialar səslənib. Qarabağın işğalı dövründə də İranın Ermənistanla əlaqələri Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb”. Politoloq deyib ki, Ermənistanın 28 may paradında İran istehsalı olduğu bildirilən hərbi sistemlərin nümayiş etdirilməsi də diqqət çəkdi: “44 günlük Vətən müharibəsindən sonra İranın Ermənistana raketlər verdiyi ilə bağlı müxtəlif açıqlamalar səsləndirilib. Əgər belə silahlar həqiqətən Ermənistana təqdim olunubsa, onların gələcəkdə Azərbaycana qarşı istifadə edilməsi ehtimalı təhlükəsizlik baxımından nəzərə alınmalıdır. Ermənistanın silahlanmasının Azərbaycan üçün risk yaratması təbiidir. Ancaq Azərbaycan da öz müdafiə qabiliyyətini gücləndirir. Prezident İlham Əliyev ordunun müasir silahlarla təchizatının və ordu quruculuğunun prioritet olduğunu bildirib. Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində peşəkar ordu quruculuğunu davam etdirir. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, regionda hərbi balans dəyişdikcə Azərbaycan da öz təhlükəsizlik imkanlarını artırır. Ermənistanın İran və digər dövlətlərlə hərbi əməkdaşlığı isə regionda sülh və sabitlik üçün əlavə risklər yarada bilər”. Müsahibimiz sonda dedi ki, nəticə etibarilə, “Sepehr-110" məsələsinə yalnız bir rabitə platforması kimi yanaşmaq düzgün olmazdı: "Bu fakt Ermənistanın hərbi potensialının modernləşdirilməsi və yeni hərbi-texniki əlaqələr baxımından qiymətləndirilməlidir. Azərbaycan üçün əsas hədəf yeni müharibənin qarşısını almaq və sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, ölkə təhlükəsizlik risklərini izləməli və milli maraqlarını qorumaq üçün adekvat tədbirlər görməlidir". Geri dön |