Ana Sayfa > Siyasət > Qarabağ məsələsi bitib, sülh var, amma 907-ci düzəliş qalır - ABŞ köhnə “silah"dan niyə əl çəkmir?

Qarabağ məsələsi bitib, sülh var, amma 907-ci düzəliş qalır - ABŞ köhnə “silah"dan niyə əl çəkmir?


Bu gün, 16:00. Yazar: vasif
Qarabağ məsələsi bitib, sülh var, amma 907-ci düzəliş qalır - ABŞ köhnə “silah"dan niyə əl çəkmir?


Avqustun 16-da ABŞ Dövlət Departamentinin 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərin Azərbaycana tətbiqindən azadetmə müddətinin uzadılması barədə ABŞ Konqresinə göndərdiyi bildiriş Vaşinqtonun Bakı siyasətində ikili standartların hələ də tam şəkildə aradan qalxmadığını göstərdi. İlk baxışdan bu, Azərbaycana qarşı məhdudiyyətlərin faktiki olaraq tətbiq edilməməsi kimi düşünülə bilər.

Birləşmiş Ştatlar özü artıq bu məhdudiyyətlərin tətbiqini zəruri hesab etmirsə, onda niyə 1992-ci ildən qalma 907-ci düzəliş hələ də qüvvədə saxlanılır?

Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırır. Lakin 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq, yəni dondurmaq səlahiyyəti verib. Həmin vaxtdan etibarən ABŞ prezidentləri hər il 907-ci düzəlişin qüvvəsinin dayandırılması müddətini uzadır və bununla bağlı Konqresə rəsmi məlumat təqdim edirlər. Burada diqqətçəkən məqam odur ki, ABŞ artıq uzun illərdir 907-ci düzəlişin Azərbaycana qarşı praktiki tətbiqindən imtina edir, amma onun hüquqi-siyasi mövcudluğunu qoruyub saxlayır. Bu isə istər-istəməz Vaşinqtonun Azərbaycanla münasibətlərinə müəyyən siyasi təzyiq elementi kimi yanaşdığı barədə suallar yaradır. Halbuki 907-ci düzəlişin qəbuluna səbəb olmuş Qarabağ münaqişəsi artıq tamamilə fərqli mərhələyə keçib, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda yeni geosiyasi reallıq formalaşıb.

Belə bir şəraitdə 1992-ci ildən qalma və Azərbaycanın əleyhinə yönəlmiş məhdudlaşdırıcı müddəanın hələ də qanunvericilikdə saxlanılması nə dərəcədə ədalətlidir? Vaşinqton Azərbaycandan strateji tərəfdaşlıq, təhlükəsizlik əməkdaşlığı və regional sülh prosesində fəal rol gözləyirsə, niyə Bakıya qarşı köhnə və artıq reallığını itirmiş məhdudiyyəti tamamilə aradan qaldırmaq istəmir? ABŞ Ermənistana münasibətdə nümayiş etdirdiyi həssaslığı Azərbaycan məsələsində də göstərməli deyilmi?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-da bir daha xatırlatdı ki, ABŞ-Azərbaycan münasibətlərində 2025-ci ilin avqustdan yeni bir mərhələ başlayıb: "ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin paraflanmasında əsas vasitəçi kimi iştirakı, TRIPP layihəsi və Zəngəzur dəhlizinin açılması istiqamətində prosesə qoşulması regionda yeni reallıq yaradıb. Bundan sonra ABŞ-Azərbaycan arasında yeni strateji əməkdaşlıq mərhələsi başlayıb. Məhz ABŞ vitse-prezidentinin bu il Azərbaycana səfəri və iki dövlət arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması Cənubi Qafqaz və Xəzər hövzəsində siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələri əhatə edən yeni mərhələnin başlanğıcıdır. Belə olan təqdirdə, 1992-ci ildə ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin hələ də qüvvədə olması təbii olaraq suallar doğurur. Düzdür, ABŞ prezidenti Donald Tramp bu məhdudiyyəti dondurub, amma onun tamamilə ləğv olunması artıq yeni siyasi çağırışlara cavab verir. Artıq Azərbaycanla Ermənistan arasında de-fakto sülh mövcuddur, Ermənistanın Azərbaycana qarşı nəqliyyat blokadası aradan qaldırılıb və tərəflər arasında birbaşa siyasi dialoq davam edir. Yəni, göründüyü kimi, tərəflər arasında de-fakto sülh formalaşıb. Belə olan təqdirdə 907-ci düzəlişin qüvvədə qalması ciddi suallar doğurur".

Politoloq onu da söylədi ki, erməni lobbisi və ABŞ-dakı erməni təşkilatları 907-ci düzəlişin qüvvədə qalmasını istəyirlər: " ABŞ-da, xüsusilə də Demokratlar Partiyası daxilində Azərbaycana növbəti mərhələdə təzyiq göstərmək istəyən siyasi qüvvələr üçün 907-ci düzəliş təsir mexanizmi olaraq qalır. Hesab edirəm ki, payızda Konqresdə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar üstünlük təşkil edərsə, Azərbaycan da bu istiqamətdə fəal fəaliyyətə başlamalıdır. Konqresdə 907-ci düzəlişin tamamilə ləğv olunması istiqamətində müvafiq qanunvericilik təşəbbüsü irəli sürülməlidir. 907-ci düzəlişin qüvvədə olması ABŞ-Azərbaycan münasibətlərinə müəyyən dərəcədə mənfi təsir göstərir. Əgər Azərbaycan ABŞ üçün strateji tərəfdaşdırsa, 907-ci düzəlişin tamamilə ləğv olunması iki ölkə arasında yeni strateji münasibətlər mərhələsinin məntiqi nəticəsi olmalıdır".
Geri dön