Ana Sayfa > Dünya > Ərdoğan kimə və niyə "SAVAŞA TAM HAZIRIQ" mesajı verdi: Türkiyə Yaxın Şərqdə geopolitik xəritəni yenidən çəkmək istəyir

Ərdoğan kimə və niyə "SAVAŞA TAM HAZIRIQ" mesajı verdi: Türkiyə Yaxın Şərqdə geopolitik xəritəni yenidən çəkmək istəyir


Dünən, 23:11. Yazar: vasif
Ərdoğan kimə və niyə "SAVAŞA TAM HAZIRIQ" mesajı verdi: Türkiyə Yaxın Şərqdə geopolitik xəritəni yenidən çəkmək istəyir


Rəsmi Ankara iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələri paralel şəkildə dərinləşdirməyə cəhd göstərir... Əgər, buna nail olunarsa, onda, Türkiyə Suriyanın gələcək təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilə bilər...
Türkiyə və Suriyanın yeni hakimiyyəti arasında münasibətlər artıq strateji mərhələyə keçməyə başlayıb. Rəsmi Ankaranın son mesajlarından belə anlaşılır ki, Suriyanın gələcək siyasi və təhlükəsizlik arxitekturasında Türkiyə həlledici rolu olacaq. Və bu baxımdan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya paytaxtı Dəməşqə 2026-cı ilin sonuna qədər rəsmi səfərə hazırlaşması böyük maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə liderinin Dəməşqə səfəri reallaşarsa, onun siyasi görüntüsü də ən azı siyasi-diplomatik nəticələri qədər əhəmiyyətli olacaq. Çünki Türkiyə Suriyaya münasibətində verdiyi dəstəyi yalnız siyasi bəyanatlarla məhdudlaşdırmaq niyyətində deyil. Belə ki, Türkiyə Suriya ordusunun formalaşdırılmasına, hərbi qulluqçuların təliminə, texniki təchizatına və maddi-texniki təminatına yardım göstərməyə hazır olduğunu da qətiyyən gizlətmir.

Məsələ ondadır ki, rəsmi Ankaranın bu yanaşma tərzi Türkiyənin Suriyanın gələcək təhlükəsizlik strukturunda daha ciddi rol almaq niyyətini biruzə verir. Yəni, Türkiyə yalnız Suriyanın siyasi müttəfiqi olmaqla kifayətlənmək istəmir. Və rəsmi Ankara həm də yeni Suriya dövlətinin təhlükəsizlik institutlarının formalaşmasına təsir göstərən əsas regional aktorlardan birinə çevrilməyi hədəfləyir.

Maraqlıdır ki, Türkiyə üçün bunun bir neçə çox önəmli səbəbi var. İlk növbədə, Türkiyə-Suriya sərhədinin təhlükəsizliyi uzun illərdir ki, rəsmi Ankara üçün əsas prioritetlərdən biridir. İkincisi, Suriyanın şimalında YPG/PYD terror təşkilatının gələcək taleyi Türkiyənin milli təhlükəsizlik gündəminin mərkəzində qalır. Və nəhayət, rəsmi Ankaranın Suriya ilə münasibətləri möhkəmləndirməsi Türkiyənin Yaxın Şərqdəki siyasi təsir imkanlarını daha da genişləndirə bilər.

Ona görə də, hazırda Türkiyənin Suriyanın yeni hakimiyyətinə yönəlik münasibətində ən həssas məsələlərdən biri məhz YPG/PYD ilə bağlıdır. Belə ki, rəsmi Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiyini bildirir. Ancaq buna nail olmaq üçün Suriyanın şimalında Türkiyəni milli təhlükəsizliyini təhdid edən terrorçu qruplaşmaların aradan qaldırılmasının vacibliyini də vurğulayır.

Ancaq Türkiyədə hesab edirlər ki, bu problem yalnız Suriya ərazisi ilə məhdudlaşmır. Rəsmi Ankara Suriya, İraq və Türkiyə aralığında fəaliyyət göstərən silahlı terror şəbəkələrinin bir-biri ilə əlaqəli təhlükəsizlik problemi yaratdığını düşünür. Ona görə də, rəsmi Dəməşqin silahlı terror şəbəkələrinə yönəlik mövqeyi Türkiyənin Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmiş kimi görünür.

Bütün bunları nəzərə aldıqda, hazırda ən önəmli məqam ondan ibarətdir ki, rəsmi Ankara bir tərəfdən Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Digər tərəfdən isə Türkiyə rəsmi Dəməşqin Suriyanın bütün ərazisinə effektiv şəkildə nəzarət mexanizmləri qurmasını istəyir. Və bu iki önəmli prioritet yanaşma modeli Türkiyənin Suriyaya yönəlik strategiyasının əsasını təşkil edir.

Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Suriya tək qalmayacaq” bəyanatı da məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Çünki Türkiyə lideri rəsmi Dəməşqə siyasi və təhlükəsizlik sahəsində dəstəyin davam etdiriləcəyini və Suriyada sabitliyin qorunması üçün mümkün olan hər şeyin ediləcəyini bildirib. Və bu, Türkiyənin Suriya məsələsinə yalnız sərhəd təhlükəsizliyi prizmasından yanaşmadığını açıq şəkildə göstərir.

Məsələ ondadır ki, rəsmi Ankara yeni siyasi reallığın möhkəmlənməsində iştirakçı olmaq və Suriyanın gələcək dövlət quruculuğu prosesində Türkiyə üçün uzunmüddətli rolun təmin edilməsini istəyir. Digər tərəfdən, əslində, Türkiyə üçün sabit Suriya bir neçə istiqamətdə strateji üstünlük yarada bilər. Yəni, sərhəd boyunca təhlükəsizlik risklərinin azalması, qaçqın məsələsinin idarə olunması, iqtisadi əlaqələrin bərpası və regional ticarət marşrutlarının inkişafı Türkiyənin maraqlarına uyğun gəlir.

Ancaq Türkiyənin Suriyada fəallaşması Yaxın Şərqin digər gücləri ilə münasibətlər kontekstindən kənarda qiymətləndirilə bilməz. Xüsusilə də Türkiyə və İsrail arasında regional təhlükəsizlik məsələləri üzrə kəskin ziddiyyətlərin daha da dərinləşməsi Suriya faktorunu xüsusilə həssas edir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyəyə hücum edilərsə, rəsmi Ankara tərəddüd etmədən müharibəyə girəcək” məzmunlu bəyanatı da məhz bu gərgin regional atmosferdə böyük maraq doğurur.

Çünki prezident Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın müharibə axtarmadığını və sülh tərəfdarı olduğunu bildirib. Ancaq o, hücuma məruz qalacağı təqdirdə, Türkiyənin özünü müdafiə etməkdən də qətiyyən çəkinməyəcəyini vurğulayıb. Və bu önəmli mesaj onu göstərir ki, Yaxın Şərqdə yeni təhlükəsizlik balansının formalaşması prosesində Türkiyə öz milli maraqlarından geri çəkilmək niyyətində deyil.

Göründüyü kimi, prezident Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfəri baş tutarsa, onun əsas nəticələrindən biri də məhz Türkiyə-Suriya münasibətlərinin yeni siyasi mərhələsinin rəsmiləşdirilməsi ola bilər. Rəsmi Ankara bununla Suriyanın yeni hakimiyyətini regional sistemə daha sıx inteqrasiya etməyə çağıracağını düşünmək olar. Və bu paralel olaraq, rəsmi Ankaranın Suriyanın dövlət institutlarının yenidən qurulmasına xüsusi dəstək verməyə çalışacağı da qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, belə səfər həm də Türkiyənin İran, İsrail, Rusiya və ABŞ kimi Suriyada maraqları olan böyük regional və qlobal aktorlara da birbaşa mesajı olacaq. Rəsmi Ankara faktiki olaraq, Suriyanın gələcəyinin müəyyən edilməsində Türkiyənin iştirakı olmadan hər hansı uzunmüddətli model qurmağın çətin olacağını qabardır. Əgər, rəsmi Ankara Suriya ordusunun formalaşması və təchizatında fəal iştirak etməyə başlasa, bu, Türkiyənin bu qonşu ölkə ilə münasibətlərini sadə siyasi əməkdaşlıqdan çıxaracaq. Və bu proses iki ölkə arasındakı münasibətləri strateji təhlükəsizlik tərəfdaşlığı səviyyəsinə də yüksəldə bilər.

Belə anlaşılır ki, rəsmi Ankara iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələri paralel şəkildə dərinləşdirməyə cəhd göstərir. Əgər, buna nail olunarsa, onda, Türkiyə Suriyanın gələcək təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilə bilər. Və bu proses isə Yaxın Şərqdə qüvvələr nisbətinin yenidən dəyişməsinə qaçılmaz ehtiyacın yaranma ehtimalı anlamına gəlir.musavat.com
Geri dön