Ana Sayfa > Dünya > Paşinyan “xəyali Ermənistan”ı konstitusiyadan silir – revanşistlər Bakının haqlı tələbini hədəfə alıblar

Paşinyan “xəyali Ermənistan”ı konstitusiyadan silir – revanşistlər Bakının haqlı tələbini hədəfə alıblar


Dünən, 21:19. Yazar: vasif
Paşinyan “xəyali Ermənistan”ı konstitusiyadan silir – revanşistlər Bakının haqlı tələbini hədəfə alıblar



Ermənistan hakimiyyəti ölkənin yeni konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına hazırlaşır. İrəvandakı revanşist qüvvələr isə bu addımı “Azərbaycana güzəşt” kimi təqdim etməyə çalışırlar.

aia.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməyəcəyini təsdiqləyiblər. Ermənistan hökuməti əsas qanunun tam mətnini ilin sonunadək ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Məsələ təkcə Ermənistanın daxili qanunvericiliyi ilə bağlı deyil. Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinad Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını hüquqi-siyasi müstəvidə yaşadır. Bəyannamədə vaxtilə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara açıq istinad mövcuddur.

Başqa sözlə, Ermənistanın qüvvədə olan əsas qanununda Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən müddəa qalmaqdadır. Öz konstitusiyasında qonşu ölkənin ərazisinə iddianı saxlayan dövlətin həmin ölkə ilə davamlı sülh müqaviləsi imzalaması hüquqi və siyasi baxımdan mümkün deyil. Sabah İrəvanda hakimiyyət dəyişərsə, revanşist qüvvələr məhz bu müddəaya söykənərək yeni ərazi iddiaları irəli sürə bilərlər.

Buna görə Azərbaycanın mövqeyi dəyişməz və tamamilə əsaslıdır: Ermənistan sülh istəyirsə, ərazi iddialarını yalnız bəyanatlarda deyil, özünün ali hüquqi sənədində də aradan qaldırmalıdır. Bakı İrəvandan əlavə güzəşt deyil, imzalanacaq sülh sənədinin Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil etməməsini tələb edir.

Ermənistan müxalifəti isə məsələnin bu tərəfini görməzdən gəlir. “Ermənistan Alyansı”nın deputatı Kristine Vardanyan baş nazir Nikol Paşinyanı konstitusiyanı “Əliyevin zövqünə uyğunlaşdırmaqda” ittiham edib. “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyan isə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını “ölkənin doğum haqqında şəhadətnaməsinin yandırılması” adlandırıb.

Əslində isə söhbət Ermənistanın “doğum haqqında şəhadətnaməsi”ndən deyil, qonşularına qarşı ərazi iddiaları üzərində qurulmuş təhlükəli siyasi sənəddən gedir. Dövlətin mövcudluğu başqa ölkələrin torpaqlarına iddia ilə əsaslandırıla bilməz. Əgər Ermənistan öz dövlətçiliyini yalnız Azərbaycan və Türkiyəyə qarşı iddialarla təsəvvür edirsə, deməli, İrəvandakı siyasi düşüncə hələ də keçmişin əsarətindən xilas olmayıb.

Hakim partiyanın referendum təşəbbüsünü parlamentdən keçirmək üçün də əlavə dəstəyə ehtiyacı var. “Vətəndaş Müqaviləsi”nin 64 deputatı olduğu halda, referendumun keçirilməsi üçün azı 70 səs tələb edilir. Bu səbəbdən konstitusiya məsələsinin İrəvanda siyasi qarşıdurmanı daha da sərtləşdirəcəyi gözlənilir.
Lakin Ermənistan cəmiyyətində də anlayırlar ki, “xəyali Ermənistan” ideologiyası ölkəni inkişaf və təhlükəsizliyə deyil, yeni fəlakətlərə aparır. Paşinyanın 44 günlük müharibədən sonra yenidən seçilməsi cəmiyyətin əhəmiyyətli hissəsinin revanş deyil, sabitlik və normal həyat istədiyini göstərmişdi.

Ermənistanın real dövlət kimi mövcudluğunun, iqtisadi təcriddən çıxmasının və regional layihələrə qoşulmasının əsas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Bunun üçün isə Bakı və Ankaraya qarşı ərazi iddialarından yalnız sözdə deyil, hüquqi və siyasi baxımdan da birdəfəlik imtina edilməlidir.

Bu baxımdan Azərbaycan öz tələbində haqlıdır. Paşinyan hakimiyyəti də həmin tələbin yerinə yetirilməsinin Ermənistanın milli maraqlarına uyğun olduğunu gec də olsa anlayır. Revanşistlərə isə artıq yalnız etiraz etmək qalır. Onların tarixin gedişini geri çevirmək imkanları bu dəfə yoxdur.musavat.com
Geri dön