Ana Sayfa > Ölkə > Azərbaycan Gürcüstanı “pul yağışına” tutub – YENİ rəqəmlər
Azərbaycan Gürcüstanı “pul yağışına” tutub – YENİ rəqəmlərBu gün, 14:07. Yazar: vasif |
![]() Gürcüstanın 2025-ci il üzrə açıqlanan yenilənmiş investisiya statistikası Azərbaycan üçün diqqətçəkən rəqəmləri ortaya qoyub. Ötən il Gürcüstana yönələn Azərbaycan mənşəli birbaşa xarici investisiyaların həcmi 214,4 milyon dollar təşkil edib. Bununla da Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələr sırasında ikinci yerdə qərarlaşıb. aia.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin – “Sakstat”ın dəqiqləşdirilmiş məlumatlarına əsasən, 2025-ci ildə ölkəyə ümumilikdə 1 milyard 900,4 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub. Bu göstərici 2024-cü ilin dəqiqləşdirilmiş rəqəmi ilə müqayisədə 19,3 faiz çoxdur. Əvvəlki hesablamalarda 2025-ci ildə Gürcüstana 1,7 milyard dollar xarici investisiya yatırıldığı bildirilirdi. Lakin sonradan bir sıra müəssisələr üzrə reinvestisiya və kredit göstəricilərinin dəqiqləşdirilməsi nəticəsində yekun rəqəm 1,9 milyard dollara çatdırılıb. Statistikanın ən diqqətçəkən məqamlarından biri Gürcüstana Azərbaycan kapitalının axınının həcmi ilə bağlıdır. 2025-ci ildə Gürcüstana ən çox sərmayə yatıran ölkə Böyük Britaniya olub. Britaniya kapitalının həcmi 426,6 milyon dollar, ümumi investisiyalarda payı isə 22,4 faiz təşkil edib. Azərbaycan isə 214,4 milyon dollar sərmayə ilə ikinci yerdə qərarlaşıb. Bu, Gürcüstana daxil olan bütün birbaşa xarici investisiyaların 11,3 faizinə bərabərdir. Üçüncü yerdə isə 202,4 milyon dollar investisiya ilə Türkiyə qərarlaşıb. Türkiyənin payı 10,6 faiz olub. Beləliklə, Gürcüstana yatırılan hər 9 dollardan təxminən biri Azərbaycan kapitalının payına düşüb. Daha geniş mənzərədə isə Azərbaycan Gürcüstanın ən mühüm xarici investorlarından biri olaraq mövqeyini qoruyub. Bu rəqəm iki qonşu ölkə arasında iqtisadi münasibətlərin sadəcə ticarətlə məhdudlaşmadığını, Azərbaycan kapitalının Gürcüstan iqtisadiyyatında real biznes aktivlərinə çevrildiyini göstərir. 214,4 milyon dollarlıq göstərici ilk növbədə Azərbaycanın Gürcüstan iqtisadiyyatında mühüm investor ölkələrdən birinə çevrildiyini göstərir. Azərbaycan və Gürcüstan arasında son illərdə enerji, nəqliyyat, logistika, ticarət, maliyyə, daşınmaz əmlak və digər sahələrdə əlaqələr genişlənib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi regional layihələr iki ölkənin iqtisadi əlaqələrinin strateji xarakterini daha da gücləndirib. Bu baxımdan Azərbaycan sərmayəsinin Gürcüstana yönəlməsi yalnız biznes maraqları ilə deyil, iki ölkəni birləşdirən regional iqtisadi və logistika sisteminin formalaşması ilə də bağlıdır. Xüsusilə Gürcüstanın Qara dəniz limanları, tranzit imkanları və Avropa bazarlarına çıxış potensialı Azərbaycan şirkətləri üçün ölkəni cəlbedici investisiya məkanına çevirir. “Sakstat”ın məlumatına görə, 2025-ci ildə Gürcüstanda xarici investorların ən çox maraq göstərdiyi sahə maliyyə və sığorta sektoru olub. Bu sahəyə 633,2 milyon dollar investisiya yatırılıb və ümumi xarici sərmayənin 33,3 faizi onun payına düşüb. İkinci yerdə daşınmaz əmlak sektoru qərarlaşıb – 254,7 milyon dollar və 13,4 faiz. Üçüncü sırada isə 191,1 milyon dollar və 10,1 faiz payla ticarət sahəsi dayanıb. Xarici sərmayələr həmçinin emal sənayesi, nəqliyyat, energetika, informasiya və kommunikasiya, su təchizatı və tullantıların idarə olunması kimi sahələrə yönəldilib. Gürcüstanın son illərdəki iqtisadi siyasətinin əsas istiqamətlərindən biri xarici investisiyaların cəlb edilməsidir. Hökumət postpandemiya dövründə ölkəni daha aqressiv investisiya siyasəti ilə xarici kapital üçün cəlbedici məkana çevirməyi qarşıya məqsəd qoyub. Son statistik rəqəmlər bu siyasətin müəyyən nəticələr verdiyini göstərir. 2020-ci ildə pandemiyanın təsiri ilə Gürcüstana birbaşa xarici investisiyalar 56,4 faiz azalaraq 596,2 milyon dollara düşmüşdü. Lakin sonrakı illərdə ciddi artım baş verdi. 2021-ci ildə investisiyaların həcmi 1 milyard 293,6 milyon dollar, 2022-ci ildə isə rekord 2 milyard 258,3 milyon dollar olub. 2023-cü ildə göstərici 2 milyard 69,8 milyon dollara, 2024-cü ildə isə 1 milyard 592,7 milyon dollara qədər geriləyib. 2025-ci ildə isə yenidən artım qeydə alınıb və investisiyaların həcmi 1 milyard 900,4 milyon dollara çatıb. Azərbaycan kapitalının Gürcüstana bu həcmdə axması iki ölkənin iqtisadi əlaqələrinin gələcək perspektivləri baxımından da diqqət çəkir. Azərbaycan şirkətləri üçün Gürcüstan yalnız qonşu və dost ölkə deyil, həm də Qara dəniz və Avropa istiqamətində mühüm iqtisadi qapıdır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan ərazisindən istifadə olunması, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı, Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət qazanması Bakı-Tbilisi iqtisadi xəttinin strateji əhəmiyyətini artırır. Bu mənada 214,4 milyon dollarlıq sərmayə sadəcə statistik rəqəm deyil. Bu, Azərbaycan biznesinin Gürcüstan iqtisadiyyatına olan marağının və iki ölkənin iqtisadi sistemlərinin getdikcə daha sıx inteqrasiya olunduğunun göstəricisidir. Üstəlik, Azərbaycan kapitalının Böyük Britaniyadan sonra ikinci ən böyük investor kimi qeydə alınması Bakı ilə Tiflis arasındakı iqtisadi münasibətlərin regional miqyasda da ciddi çəkiyə malik olduğunu göstərir. Başqa sözlə, Gürcüstanın xarici investisiya xəritəsində Azərbaycan artıq kənar investor deyil, ölkənin iqtisadiyyatına ən böyük kapital gətirən əsas tərəfdaşlardan biridir.musavat.com Geri dön |