Ana Sayfa > Dünya > ABŞ-dan qorxan Avropa Birliyinin gizli planı ifşa olunur: Rusiyaya qarşı sanksiyalarla yanaşı, “arxa qapı” da açıq saxlanır
ABŞ-dan qorxan Avropa Birliyinin gizli planı ifşa olunur: Rusiyaya qarşı sanksiyalarla yanaşı, “arxa qapı” da açıq saxlanırBu gün, 16:34. Yazar: vasif |
![]() Avropa Birliyi üçün Rusiya ilə siyasi-diplomatik kanalın saxlanılması gələcəkdə enerji, təhlükəsizlik və Ukrayna savaşı üzrə daha geniş danışıqların başlanması üçün ehtiyat mexanizm deməkdir... Ona görə də, Avropa Birliyinin enerji təhlükəsizliyini qorumaqla yanaşı, həm də Rusiyaya qarşı təzyiqləri nə qədər davam etdirə biləcəyi və bunun iqtisadi itkilərini ödəməyə hazır olub-olmadığı hələlik müəmmalı xarakter daşıyır... Avropa Birliyi Rusiya ilə hərbi-siyasi və maliyyən-iqtisadi qarşıdurmanı israrla davam etdirməyə çalışır. Ancaq son vaxtlar Avropa dövlətlərinin enerji təhlükəsizliyi sahəsində getdikcə, daha mürəkkəb vəziyyətlə üzləşdikləri barədə də olduqca ciddi iddialar mövcuddur. Belə ki, qarşıdakı qış aylarında qlobal enerji bazarında ciddi təchizat problemlərinin yaranma ehtimalı, enerji idxalının strukturundakı dəyişikliklər və Rusiya ilə mümkün siyasi-diplomatik təmasların gündəmə gəlməsi Avropa Birliyi üşün olduqca qəliz geopolitik dilemma formalaşdırır. Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi üçün əsas təhlükə artıq yalnız təbii qazın bahalaşması ilə bağlı deyil. Çünki dizel yanacağının qlobal bazarında yaranan defisit də Avropa iqtisadiyyatına ciddi təzyiqlər göstərə bilər. “Bloomberg”in enerji ekspertlərinə istinadən yaydığı məlumatlarda Avropa ölkələrinin qarşıdakı qışda dizel çatışmazlığı ilə üzləşə və qiymətlərin kəskin yüksələ biləcəyi vurğulanır. Eyni zamanda, qlobal yanacaq bazarlarında enerji resurslarının ciddi şəkildə azaldığı və mövcud müharibələrin qiymətləri yüksəltdiyi bildirilir. Məsələ ondadır ki, Avropa Birliyi öz daxili tələbatını yerli emal müəssisələri hesabına tam şəkildə təmin edə bilmir və bu səbəbdən də, idxaldan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədır. Əgər, Asiya və ABŞ-dakı neft emalı zavodları ölkədaxili bazarların ehtiyaclarını prioritetləşdirərək, ixracı azaltsalar, onda Avropa məkanı üçün alternativ enerji qaynaqları tapmaq daha da çətinləşə bilər. Üstəlik, Yaxın Şərqdəki hərbi-siyasi gərginlik və Hörmüz boğazında dəniz ticarəti ilə bağlı mövcud problemlər enerji logistikasına yönəlik riskləri daha da artırır. Bu baxımdan, neft və neft məhsullarının daşınmasında hər hansı ciddi fasilə yalnız xammalın qiymətlərinə deyil, həm də hazır yanacağın maya dəyərinə də birbaşa təsir göstərə bilər. Bütün bunların mövcud vəziyyətdə Avropa ölkələrinin iqtisadiyyatına zəncirvari zərbə effekti yarada biləcəyi isə artıq qətiyyən istisna olunmur. Çünki dizel nəqliyyat, kənd təsərrüfatı, logistika və sənaye üçün əsas enerji resurslarından biridir. Yanacağın bahalaşması yükdaşıma xərclərini artıracaq, bu isə ərzaqdan sənaye məhsullarına qədər geniş çeşiddə malların qiymətlərinə əlavə təzyiqlər yaradacaq. Və nəticədə Avropa Birliyi ölkələrində baş verəcək enerji böhranı öz növbəsində yenidən inflyasiya probleminə də çevrilə bilər. Eyni zamanda, Avropa ölkələrinin digər böyük problemi təbii qazla bağlıdır. Belə ki, Avropa Birliyi Rusiya enerji resurslarından asılılığı azaltmaq strategiyasını hələ də davam etdirir. Bu baxımdan, son illərdə Rusiya təbii qazının mərhələli şəkildə Avropa bazarından çıxarılması istiqamətində prinsipial və ardıcıl qərarlar qəbul edilir. Ancaq belə vəziyyətdə Avropa ölkələrinin təbii qaza olan ehtiyaclarının ödənməsində Rusiyanı hansı yeni enerji qaynağının əvəzləyəcəyi ilə bağlı suallar da hələlik cavabsız qalmaqda davam edir. Maraqlıdır ki, Avropa ölkələri üçün Rusiyaya əsas alternativlərdən biri məhz ABŞ-dan idxal edilən mayeləşdirilmiş təbii qaz hesab olunur. Bu isə əslində, Avropa Birliyinin israrla can atdığı enerji asılılığının tam aradan qaldırılması deyil, yalnız təchizat mənbəyinin dəyişdirilməsi deməkdir. Başqa sözlə, Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmağa çalışarkən, bu dəfə artıq ABŞ-ın təsiri altına düşə bilər. Bu baxımdan, Avropa Birliyinin qarşısında kifayət qədər paradoksal vəziyyət mövcuddur. Yəni, Rusiya ilə siyasi qarşıdurmanın enerji sahəsində yaratdığı boşluğu doldurmaq üçün ABŞ təbii qazına daha çox ehtiyac yaranmağa başlayıb. Və beləliklə, enerji təhlükəsizliyi məsələsi artıq tədricən transatlantik münasibətlərin də önəmli faktoruna çevrilmək üzrədir. Digər tərəfdən, Avropa Birliyinin Rusiya təbii qazından tam imtina prosesinin özü də qətiyyən asan məsələ deyil. Belə ki, Rusiya ilə bağlı enerji məhdudiyyətlərinin genişləndirilməsinə baxmayaraq, Avropa Birliyi daxilində Kremllə münasibətlərin mövcud vəziyyəti kifayət qədər ciddi fikir ayrılıqlarına da yol açmaqdadır. Hər halda, Avropa Birliyi 2026-cı ilin iyununda Rusiyaya qarşı təzyiqləri daha da artırmaq mövqeyini növbəti dəfə təsdiqləsə də, eyni zamanda, Kremllə siyasi-diplomatik təmasların mümkünlüyünə də qapıları tam qapatmayıb. Təbii ki, məhz bu baxımdan, Avropa Birliyinin Rusiya ilə mümkün gizli və ya qeyri-rəsmi siyasi-diplomatik təmasları barədə yayılan məlumatlar hazırda xüsusilə böyük əhəmiyyət qazanır. Belə ki, bir müddət öncə Avropa Şurasının prezidenti Antonio Costanın Rusiya ilə siyasi-diplomatik kanal açmaq təşəbbüsü Avropa paytaxtlarında ciddi müzakirələrə səbəb olmuşdu. Və bəzi məlumatlara görə, burada əsas məqsəd Rusiya ilə dərhal sülh sazişi imzalamaq deyil, gələcək mümkün siyasi danışıqlar üçün ehtiyat kommunikasiya xətti yaratmaq idi. Ancaq istənilən halda, bütün bunlar Avropa məkanında Rusiyaya münasibətdə köklü dönüşün baş verdiyi anlamına gəlmir. Əksinə, Avropa Birliyi hələ də Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasını əsas prinsip kimi təqdim edir, Rusiyaya qarşı iqtisadi sanksiyaları eynilə davam etdirir. Bununla belə, siyasi-diplomatik kanalın yaradılması ilə bağlı təşəbbüslər rəsmi Brüsselin bəzi reallıqları da artıq qəbul etdiyini göstərir. Yəni, Rusiya ilə münasibətləri tamamilə siyasi və iqtisadi blokada şəraitində uzun müddət idarə etmək Avropa Birliyi üçün olduqca çətindir. Əslində, bəzi Avropa Birliyi ölkələrinin Rusiya ilə siyasi danışıqlara tələsməyin əleyhinə çıxması da, məhz qurum daxilində ciddi fikir ayrılığının mövcudluğunu göstərir. Avropa Birliyi tərəfindən Braziliyanın Rusiya ilə siyasi danışıqlarda önəmli vasitəçi kimi nəzərdən keçirilməsi barədə məlumatlar isə bu prosesə əlavə geopolitik rənglər gətirir. Çünki Braziliya əvvəllər də Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Və Braziliya həm də özünü Qərb-Rusiya qarşıdurmasından nisbətən kənarda dayanan siyasi-diplomatik aktor kimi də təqdim etməyə çalışıb. Əgər, rəsmi Brüssel həqiqətən də Kremllə dialoq üçün Braziliya kimi üçüncü tərəfin imkanlarından istifadə etməyə çalışırsa, bu, əslində, həm də Avropa Birliyinin birbaşa danışıqlara siyasi baxımdan hələ hazır olmadığını göstərir. Ancaq bununla belə, Avropa Birliyi Rusiya ilə gələcək sülh prosesində öz maraqlarını qorumaq üçün alternativ siyasi-diplomatik kanallar yaratmaq istədiyini də artıq qətiyyən gizlətmir. Və ona görə də, Avropa Birliyinin Rusiya ilə mümkün siyasi təmaslara cəhd göstərməsinin yalnız dizel və təbii qaz çatışmazlığı ilə izah edilməsi isə müəyyən mənada, həm də sadəlövhlkük olardı. Bununla belə, enerji təhlükəsizliyinin Avropa Birliyinin strateji hesablamalarına birbaşa təsir edən önəmli amillərdən biri olduğu inkaredilməz reallıqdır. Üstəlik, qarşıdakı qışda enerji qiymətlərində yüksəliş baş verərsə, bunun Avropa iqtisadiyyatına əlavə yük gətirəcəyi qətiyyən şübhə doğurmur. Və yni zamanda, ABŞ-dan asılılığın artması, Yaxın Şərqdə logistika risklərinin davam etməsi və Rusiya ilə enerji əlaqələrinin sürətlə kəsilməsi Avropa Birliyinin manevr imkanlarını daha da məhdudlaşdıra bilər. Bu baxımdan, Avropa Birliyi üçün Rusiya ilə siyasi-diplomatik kanalın saxlanılması gələcəkdə enerji, təhlükəsizlik və Ukrayna savaşı üzrə daha geniş danışıqların başlanması üçün ehtiyat mexanizm deməkdir. Ona görə də, indi Avropa Birliyinin enerji təhlükəsizliyini qorumaqla yanaşı, həm də Rusiyaya qarşı təzyiq siyasətini nə qədər davam etdirə biləcəyi və bunun iqtisadi itkilərini ödəməyə hazır olub-olmadığı hələlik müəmmalı xarakter daşıyır. Və məhz bu önəmli faktor 2026–2027-ci illərdə Avropa Birliyinin Rusiyaya qarşı siyasi kursunun əsas istiqamətlərini müəyyən edə bilər.Müsavat Geri dön |