Ana Sayfa > Özəl > Rubinyandan Qarabağla bağlı mühüm mesaj: “Qayıdışı dövlət məqsədinə çevirmək münaqişəni yenidən dirildər”
Rubinyandan Qarabağla bağlı mühüm mesaj: “Qayıdışı dövlət məqsədinə çevirmək münaqişəni yenidən dirildər”Bu gün, 19:16. Yazar: vasif |
![]() Ermənistan parlamentində Qarabağdan gedən ermənilərin geri qayıdışı məsələsi ətrafında diqqətçəkən müzakirə aparılıb. Parlament sədrinin müavini Ruben Rubinyan bu məsələnin Ermənistanın dövlət siyasətinin məqsədinə çevrilməsinin Azərbaycanla münaqişə məntiqini yenidən canlandıra biləcəyini bildirib. Rubinyan “Hayastan” fraksiyasının deputatlarının çıxışlarına münasibət bildirərkən Ermənistanın keçmiş münaqişə gündəliyindən uzaqlaşmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Qarabağdan gedən ermənilərin əvvəlki yaşayış yerlərinə qayıtmasını dövlət səviyyəsində strateji hədəf kimi müəyyənləşdirmək yeni qarşıdurma üçün zəmin yarada bilər. Erməni siyasətçi münaqişənin tarixi kökləri barədə də danışaraq proseslərin yalnız 1988-ci ildən başlanmasının doğru olmadığını bildirib. Rubinyan Ermənistan-Azərbaycan qarşıdurmasının tarixi səbəblərini daha əvvəlki dövrlərlə, o cümlədən XX əsrin əvvəllərində regionda baş verən hadisələrlə əlaqələndirib. Onun fikrincə, keçmiş qarşıdurmaların yaranmasında regiondakı demoqrafik vəziyyətlə yanaşı böyük imperiyaların siyasəti və zəifləmə dövrlərində baş verən geosiyasi proseslər də rol oynayıb. Rubinyan 1905-ci il hadisələrini Rusiya imperiyasının ciddi daxili və xarici problemlərlə üzləşdiyi dövrlə əlaqələndirib. O, oxşar geosiyasi şəraitin 1988-ci ildə Sovet İttifaqının zəifləməsi fonunda da meydana çıxdığını qeyd edib. Rubinyanın yanaşmasına görə, böyük güclərin regiondakı təsir imkanlarını qorumaq cəhdləri müxtəlif dövrlərdə yerli qarşıdurmaların dərinləşməsinə şərait yaradıb. Parlament sədrinin müavini hesab edir ki, Ermənistan hazırkı reallıqları qəbul edərək gələcəyə istiqamətlənməlidir. O, ölkədə ermənilərlə yanaşı yezidilər, kürdlər, assuriyalılar, ruslar və Qarabağdan köçən ermənilərin yaşadığını qeyd edib. Rubinyanın çıxışında əsas siyasi mesaj isə Ermənistanın gələcək strategiyasının Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi deyil, Azərbaycanla uzunmüddətli sülhün qurulması üzərində formalaşdırılmasının vacibliyi olub. Bu açıqlama Ermənistan hakimiyyətinin Qarabağdan gedən ermənilərin geri qayıdışı məsələsini dövlət səviyyəsində siyasi tələbə çevirmək niyyətində olmadığına dair mühüm mesaj kimi qiymətləndirilə bilər. Eyni zamanda Rubinyanın mövqeyi İrəvanda revanşist dairələrlə hakimiyyət arasında Qarabağ mövzusunda fikir ayrılıqlarının davam etdiyini göstərir. Geri dön |