Ana Sayfa > Siyasət / Manşet > Deputat Bəxtiyar Sadıqov iqtidarla müxalifətin “pambıq savaşı”ndan danışdı

Deputat Bəxtiyar Sadıqov iqtidarla müxalifətin “pambıq savaşı”ndan danışdı


4-04-2017, 11:37. Yazar: admin
Deputat Bəxtiyar Sadıqov iqtidarla müxalifətin “pambıq savaşı”ndan danışdı


Azərbaycan hökuməti ölkədə kənd təsərrüfatının əsas sahələrindən biri kimi pambıqçılığın inkişafı istiqamətində son zamanlar ciddi addımlar atır. Bunu ölkə prezidenti İlham Əliyevin martın sonlarında Saatlıya səfəri və oradakı çıxışında pambıqçılığın inkişafının vacibliyi ilə bağlı söylədiyi fikirlər bir daha sübut edir.

Ölkə iqtidarının kənd təsərrüfatının bu sahəsinə ayırdığı diqqət son günlərdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Müxalif fəallar hakimiyyətin bu siyasətini öz statuslarında lağa qoyur, kinayəli şəkildə mövqelər bildirirlər. Hökumətin pambıqçılıq siyasətində orta əsrlər dövrünə qayıtdığı barədə fikirlər səslənir.

YAP-çı deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Yeni Müsavat”a açıqlamasında pambıqçılığın inkişafı ilə bağlı görülən işləri ələ salanlar barədə sərt danışdı:"Qədim bir alman məsəli var. Deyirlər ki, sən öz yolunla get, qoy nə deyirlər desinlər. Dövlət başçısı İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi gündən ölkəmiz yüksələn xətlə inkişaf etməkdədir. Bu gün dünyada bir böhran var, bunun nəticəsində ölkəmizdə də müəyyən çətinliklər var. Azərbaycan bir sıra hadisələri önləyir, ölkəmizdə ”2020-Gələcəyə baxış" konsepsiyasında neftsiz dövrə aid qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Manatın devalvasiyasından sonra bu proses bir qədər tez başladı. Hazırlığımız başa çatmadığına görə bizim üçün də müəyyən çətinliklər oldu. Ölkə rəhbəri hansısa bir siyasəti müəyyənləşdirir. Bu zaman müxalifətə fikir verilmir. Çünki onlar xalqı düşünən olsaydılar, iqtidarın gördüyü yaxşı işləri qeyd edərlər. Amma indiyə qədər belə hala rast gəlməmişik. Sosial şəbəkə adlanan söz meydanı var. Orada savadı, səriştəsi olmayan, dövlət siyasətindən başı çıxmayan insanlar var. Onlar da müxtəlif savadsız rəylər söyləyirlər. Kim necə bilirsə, elə də danışır. Azərbaycan demokratik ölkədir, belə fikirlərə heç kəsə qadağa qoymur".

İqtidar deputatı pambıqçılığın Azərbaycanın ənənəvi sahəsi olduğunu qeyd etdi:"Tarix boyu xalqımız pambıq becərib, yüksək səmərə götürüb. Azərbaycanın elə regionları var ki, orada işsizliyin səviyyəsi daha yüksəkdir. Sirr deyil ki, bəzən insanlar iş tapmaq üçün ölkə paytaxtına gəlirlər, yaxud ölkə xaricinə gedirlər. Bu baxımdan, belə sahələrdən uğurlu sahələr yoxdur. Bunlar sovet dövründə sınaqdan keçirilmiş təcrübədir. Bu gün pambıqçılığa başlanılıbsa, dövlət boşuna bu işlərə start verməyib. Bu istiqamətdə texnikalar alınıb, sahibkarlara kreditlər verilib, su anbarları tikilib. Sahibkarın məhsul istehsal etdikdən sonra məhsulunun batmaması üçün mühüm işlər görülür. Artıq dövlət həmin məhsulları bazara çıxarmağı öz üzərinə götürüb. Bu işlər insanların güzəranlarının yaxşılaşdırılmasına, çəkdikləri əziyyətin bəhrəsini görməyə xidmət edir. Bunun dövlət üçün də maraqlı tərəfləri çoxdur. Dövlət bununla xaricə məhsul çıxarır, valyuta gəliri əldə edir. Eyni zamanda burada emal sənayesi yaranır. Bizim böyük şəhərlərimiz, bu şəhərlərdə bacarıqlı xanımlarımız var, həmin xanımlar ailələrinin dayağıdırlar. Onlara öz şəhərlərində uyğun işlər lazımdır. Burada söhbət xalqın zəhmət çəkib qazandığı halal gəlirdən gedir. Prezidentimiz Saatlıda məxsusi demədi ki, məhsul əllə yığılmalıdır. Dedi ki, o yerdəki insanlar pambığı əllə yığmağı istəyirlər, orada onlara şərait yaratmaq lazımdır. Hansısa bir işi lağa qoymaq, variantlar söyləmək çox asandır. Amma iş görmək, insanlara çörək vermək asan məsələ deyil. Azərbaycan iqtidarı öz vətəndaşının qayğısına qalır, onun firavan yaşayışına şərait yaradır, yüz minlərlə iş yerinin açılmasına çalışır. Dövlətin özünün ağıllı, uzaqgörən siyasəti var. O insanlar ki, işləməyə yox, danışmağa üstünlük verirlər, nə qədər istəyirlər danışsınlar, onsuz da elələri danışmaq üçün yaranıblar. Ölkəmizdə buna da şərait var. Çünki Azərbaycanda həm də söz azadlığı hökm sürür”.

AİA.az
Geri dön